Sizin reklam burada
Sizin reklam burada
  • Deputat: Bakı Enerji Həftəsi Azərbaycanın qlobal enerji təhlükəsizliyində mühüm rolunu bir daha təsdiqləyir

    Deputat: Bakı Enerji Həftəsi Azərbaycanın qlobal enerji təhlükəsizliyində mühüm rolunu bir daha təsdiqləyir Prezident İlham Əliyevin 2026-cı il iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı Azərbaycanın enerji siyasətinin strateji mahiyyətini, ölkəmizin beynəlxalq enerji təhlükəsizliyində artan rolunu və tərəfdaş dövlətlərlə səmərəli əməkdaşlıq modelini bir daha nümayiş etdirdi. Bakı Enerji Həftəsi artıq yalnız regional deyil, qlobal enerji gündəliyinin mühüm platformalarından birinə çevrilib.
    Bunu atributinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.
    Deputat qeyd edib ki, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafında mühüm mərhələnin başlanğıcı olub. Vaxtilə çətin siyasi və iqtisadi şəraitdə əsası qoyulan enerji strategiyası bu gün ölkəmizin iqtisadi gücünün, beynəlxalq nüfuzunun və tərəfdaşlıq imkanlarının əsas dayaqlarından birinə çevrilib.
    “Azərbaycan enerji resurslarından səmərəli və milli maraqlara uyğun istifadə etməklə mühüm inkişaf yolu keçib. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu enerji strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək ölkəmizi regionun əsas enerji və nəqliyyat mərkəzlərindən birinə çevirib”, - deyə Mircəlil Qasımlı vurğulayıb.
    Deputat bildirib ki, Azərbaycanın enerji siyasəti yalnız neft və qaz hasilatı ilə məhdudlaşmır. Bu siyasət iqtisadi inkişaf, enerji təhlükəsizliyi, ixrac marşrutlarının şaxələndirilməsi, beynəlxalq tərəfdaşlıq və regional sabitlik baxımından geniş strateji məzmun daşıyır.
    “Bu gün Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum kimi layihələr Azərbaycanın enerji xəritəsində oynadığı mühüm rolu göstərir. Ölkəmiz yalnız enerji ixrac edən dövlət deyil, həm də etibarlı tərəfdaş, tranzit mərkəzi və regional əməkdaşlıq platformasıdır”, - deyə deputat qeyd edib.
    Mircəlil Qasımlı əlavə edib ki, Azərbaycan qazının Avropa ölkələrinin enerji təhlükəsizliyində rolu ildən-ilə artır. Hazırda Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının artması ölkəmizə olan etimadın və enerji sahəsində formalaşmış dayanıqlı tərəfdaşlığın göstəricisidir.
    Deputatın fikrincə, Azərbaycanın uğurlu enerji siyasəti ölkənin iqtisadi dayanıqlılığını da gücləndirib. Xarici valyuta ehtiyatlarının artması, dövlət borcunun aşağı səviyyədə saxlanılması, iqtisadi sabitlik və beynəlxalq reytinq göstəricilərində müsbət dinamika enerji gəlirlərindən düzgün istifadə olunmasının nəticəsidir.
    “Enerji strategiyası Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmlənməsinə, sosial layihələrin icrasına, ordumuzun güclənməsinə və infrastruktur quruculuğuna mühüm töhfə verib. Təbii sərvətlərin milli maraqlara uyğun idarə olunması ölkəmizin inkişaf modelinin əsas üstünlüklərindən biridir”, - deyə Mircəlil Qasımlı bildirib.
    Deputat qeyd edib ki, Azərbaycan enerji siyasətində ənənəvi resurslarla yanaşı, bərpaolunan enerji mənbələrinin inkişafına da xüsusi önəm verir. Günəş və külək enerjisi üzrə həyata keçirilən layihələr, Qarabağ və Şərqi Zəngəzurda formalaşdırılan yaşıl enerji potensialı ölkəmizin gələcək enerji gündəliyində mühüm yer tutur.
    “Azərbaycan neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl enerji sahəsində də ciddi hədəflər müəyyənləşdirib. Bərpaolunan enerji layihələri həm daxili tələbatın ödənilməsinə, həm də ixrac imkanlarının genişləndirilməsinə xidmət edəcək. Bu, ölkəmizin enerji siyasətində müasir çağırışlara uyğun yanaşmanın göstəricisidir”, - deyə deputat vurğulayıb.
    Mircəlil Qasımlı bildirib ki, enerji sahəsində nəqliyyat və kabel layihələri də Azərbaycanın geoiqtisadi əhəmiyyətini artırır. Xəzərin şərq sahillərindən Avropaya uzanan enerji və nəqliyyat bağlantıları, Orta Dəhliz, Zəngəzur dəhlizi və Qara dəniz vasitəsilə elektrik kabeli layihəsi Azərbaycanın regionlararası əməkdaşlıqda mühüm mövqeyini daha da gücləndirir.
    Deputat sonda qeyd edib ki, Bakı Enerji Həftəsinin uğurla keçirilməsi Azərbaycanın beynəlxalq enerji dialoqunda fəal mövqeyinin, etibarlı tərəfdaş imicinin və qlobal əhəmiyyətinin növbəti təsdiqidir:
    “Azərbaycan bu gün enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və regional bağlantılar sahəsində mühüm rol oynayan dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti ölkəmizin milli maraqlarına, tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə və uzunmüddətli inkişafına xidmət edir. Bakı Enerji Həftəsi də bu siyasətin beynəlxalq miqyasda yüksək qiymətləndirildiyini göstərən mühüm platformadır”, - deyə Mircəlil Qasımlı bildirib

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ