Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Manset.az-a açıqlamasında bildirib ki, bu səfər çox mühüm əhəmiyyət kəsb edən bir səfər idi. Cənab Prezident öz çıxışında mühüm siyasi və strateji mesajlar verib:
“Cənab Prezident İlham Əliyev Türküstan şəhərində Türk Dövlətləri Təşkilatı Zirvə Görüşündə çıxışı vaxtı bir neçə mühüm siyasi və strateji mesaj verdi. Bu mesajların əsas məqsədi həm Azərbaycanın özünü yalnız regional enerji ölkəsi kimi deyil, gələcəkdə rəqəmsal, nəqliyyat və geosiyasi mərkəz kimi təqdim etməyə çalışdığını göstərən siyasi bir mesajdır. Bu belə də qiymətləndirilə bilər. Bir neçə xüsusi məqamı qeyd etmək istərdim. Çıxışda Türk dünyasının inteqrasiyası məsələsi ən mühüm məsələ kimi ortadadır. Mədəni yaxınlıq çərçivəsi təkcə əsas istiqamət deyil, geosiyasi və texnoloji əməkdaşlıq kimi təqdim olunur”.
Deputat qeyd edib ki, Cənab Prezidentin “Türk dünyası 21-ci əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir” fikri Azərbaycanın Türk Dövlətləri Təşkilatını uzunmüddətli strateji birlik kimi gördüyünü çatdırır:
“Digər məsələ nəqliyyat və logistika məsələsidir. Burada Orta dəhliz və Zəngəzur dəhlizinin əsas istiqamət, prioritet olması göz önündədir. Mövcud qlobal geosiyasi şəraitdə xüsusilə alternativ ticarət - bu mesaj həm siyasi, həm də iqtisadi əhəmiyyət daşıyır. Bundan başqa düşünürəm ki, Türk dünyasının inteqrasiyası ideyasında rəqəmsal transformasiya və süni intellekt mövzusu da çox mühüm məsələdir. Rəqəmsal ipək yolu, Transxəzər fiber optik xətti və bunların hamısı gələcəkdə Azərbaycanın iqtisadi modelini neftdən daha çox qeyri-neft sektoruna, texnologiya ilə bağlantı üzərində qurmaq istədiyini göstərir. Mühüm məsələlərdən biri də Qazaxıstanla münasibətə xüsusi diqqət ayırmaqdır. Türk dövlətləri arasında ikitərəfli əlaqələrin Türk Dövlətləri Təşkilatı daxilində əsas dayaqlarından biri olduğunu göstərir. Qarşılıqlı səfərlərin statistikası bir daha göstərir ki, strateji xarakter əsasdır və gələcəkdə də istər inteqrasiya, istər regional bağlantılar, texnoloji modelləşmə türk dövlətlərinin koordinasiyalı inkişafı istiqamətində çox ciddi addımlar atılacaqdır”, - deyə Arzu Nağıyev fikirlərinə əlavə edib.
