Bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Zahid Oruc səsləndirib.
Parlamentari qeyd edib ki,
Dövlət büdcəsinin formalaşmasında mühüm paya malik olan gömrük sisteminin rolu son illər önəmli səviyyəyə çatıb. Müqayisəli yanaşsaq, cəmi 5 il əvvəl dövlət büdcəsinə gömrük daxilolmaları 3–3,5 milyard manat civarında olduğu halda, hazırda göstərici 6–7 milyard manata yaxınlaşıb:
"Regional kontekstdə baxsaq, Ermənistanda illik gömrük daxilolmaları xeyli aşağıdır, yəni 1–1,2 milyard ABŞ dolları, Gürcüstanda isə 2,5–3 milyard ABŞ dolları səviyyəsindədir. Eyni zamanda, Azərbaycanın xarici ticarət coğrafiyası da genişlənib: əgər bir neçə il əvvəl aktiv ticarət tərəfdaşlarının sayı 120 ölkə miyqasında idisə, hazırda göstərici 150-dən artıqdır. İxrac istiqamətlərinin sayı 100-dən çoxdur. Rəqəmlər göstərir ki, ölkəmizin beynəlxalq ticarətdə mövqeyi güclənib və gömrük orqanları prosesin əsas dayaqlarından biri olub.
Digər tərəfdən, hazırki mürəkkəb qlobal şərait gömrük siyasətində daha çevik və tənzimləyici yanaşmanı zəruri edir. Xüsusilə, İranla savaşın transmilli logistik kompaniyaları və təchizat zəncirlərini əhatə etməsi, Rusiya-Ukrayna müharibəsinin alternativ ticarət yollarına ehtiyacı artırması gömrük orqanlarının fəaliyyətini yalnız nəzarət funksiyası ilə məhdudlaşdırmır, iqtisadi qərarlar, tarif siyasəti ilə çevik tənzimləmə aləti kimi yanaşmağı tələb edir.
Nəhayət, regionda yeni iqtisadi imkanlar formalaşır. Azərbaycan hazırda kommunikasiya xətlərinin açılması və Ermənistanla ticarət məhdudiyyətlərinin aradan qaldırılması ərəfəsindədir. Ağbənd keçid məntəqəsi gələcəkdə mühüm ticarət qovşaqlarından birinə çevriləcək. Yaxın gələcəkdə ölkəmizin milli məhsulları İrəvanda xüsusi mövqe qazanacaq. Belə şəraitdə gömrük siyasəti sülh müqaviləsini yaxından izləyən iqtisadi sinir sisteminə çevrilir."
Zahid Oruc Məcəllədə edilən dəyişikliklərin mahiyyətini bir neçə prizmadan dəyərləndirib:
"Məcəllədə dəyişikliklərin mahiyyətinə gəldikdə isə, ilk olaraq, institusional və inzibati islahatlar qrupunda qərarvermə mexanizmləri sadələşdirilir, məsuliyyət bölgüsü və elektron idarəetmə alətləri genişləndirilir. Nəticədə, həm vətəndaşların, həm də sahibkarların gömrük orqanları ilə təmasında vaxt itkisi azalır, subyektiv yanaşma risqləri minimuma endirilir.
İkinci mühüm istiqamət-ticarətin asanlaşdırılması və biznes mühitinin yaxşılaşdırılmasıdır. Gömrük prosedurlarının sadələşdirilməsi, bəzi sənədləşmə tələblərinin azaldılması və yalnız risq əsaslı yoxlamalın tətbiqi sahibkarlar üçün daha əlverişli şərait yaradır.
Dəyişikliklər xüsusilə kiçik və orta biznes subyektləri üçün əhəmiyyətlidir. Çünki onların resursları məhduddur və uzunmüddətli bürokratik prosedurlar fəaliyyətlərinə ciddi maneə yaradır. Yeni yanaşma isə daha çox etimad və nəzarəti balanslı tətbiq edir.
Üçüncü qrup dəyişikliklər-rəqəmsallaşma və elektron xidmətlərin genişləndirilməsi ilə bağlıdır. Layihədə “səlahiyyətli iqtisadi operator”, “qısa idxal bəyannaməsi”, “qısa ixrac bəyannaməsi”, “ekspres daşınma”, “təkrar ixrac bildirişi” kimi anlayışlar sürətli logistika, elektron ticarət və qlobal təchizat dilinə uyğunlaşdırılır.
Malların gömrük ərazisinə gətirilməsi və təqdim edilməsi qaydalarına dair yeni redaksiyaya əsasən, mallar gömrük ərazisinə daxil olduqdan dərhal sonra məsul şəxslər tərəfindən gömrük orqanlarına məlumat verilməsi tələb olunur. Bundan əlavə, malların qısa müddət ərzində – bir saatdan gec olmayaraq, gömrük orqanlarına təqdim edilməsi öhdəliyi müəyyən edilir. Belə norma operativliyi artırır.
Eyni zamanda, gömrük bəyannamələrinin təqdim edilməsi, onlara düzəlişlərin edilməsi və ləğvi ilə bağlı mexanizmlər də təkmilləşdirilir.
Konkret olaraq, malların gömrük ərazisinə gətirilməsi ilə bağlı bəyannamənin təqdim olunma müddəti 15 iş gününü keçməməsi nəzərdə tutulur. Belə yanaşma sahibkarların fəaliyyətində müəyyənlik yaradır və gömrük nəzarətinin vaxtında keçirilməsini təmin edir.
Qanun layihəsində maliyyə və ödəniş mexanizmləri təkmilləşdiirlir, yəni, ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi maliyyə şəffaflığını artırır, kölgə iqtisadiyyatının qarşısını alır.
Qanun layihəsində diplomatik nümayəndəliklər və konsulluqlarla bağlı tətbiq olunan gömrük güzəştlərinin dairəsi və şərtləri dəqiq müəyyən edilir.
Yekunda xüsusi vurğulyaq ki, sənəd üzərində ideal görünən hər bir normanın real həyatda gözlənilən effekti verməsi üçün daim sahibkarlar, xaricə gedən-gələn vətəndaşlar və digər gömrük subyektlərinin rəyinin öyrənilməsi və nəzərə alınması vacibdir.
İkincisi, maarifləndirmə işi-vətəndaşların yeni qaydalar barədə dolğun məlumat əldə etməsi vacibdir. Əks halda, ən yaxşı islahat belə anlaşılmazlıq səbəbindən effektini itirə bilər.
Üçüncüsü, institusional potensialın gücləndirilməsinə ehtiyac var. Rəqəmsallaşma və yeni idarəetmə yalnız o zaman uğurlu olur ki, onları tətbiq edən kadrlar dəyişikliklərə hazır olsunlar. Təlimlər, peşəkar inkişaf proqramları və motivasiya sistemləri prosesin ayrılmaz hissəsidir.
Gömrük Məcəlləsinə edilən dəyişikliklər əhalinin iqtisadi rifahına xidmət etdiyi üçün ona səs verəcəyik."- Millət vəkili səsləndirib.
Bəradər
"Atributinfo.az"
