Sizin reklam burada
Sizin reklam burada
  • Akademik: Məskunlaşma problemlərinin həlli elm adamlarının da qarşısında duran əsas vəzifələrdəndir

    Dünyada gedən müasir proseslər, xüsusilə Mərkəzi Avropa, Rusiya, Latın Amerikası və Asiya ölkələrində şəhərsalma sahəsində əldə olunan nailiyyətlərlə yanaşı, bir sıra problemlərlə də müşayiət olunur. Bu problemlərin başında isə urbanizasiya dayanır. Bir əsr əvvəl məskunlaşmanın daha çox regionlarda müşahidə olunduğu dövrdən fərqli olaraq, bu gün proses qlobal problemlərdən birinə çevrilib.

    Bu fikirləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Şəhər mühitində mədəni irs və müasir incəsənət dialoqu” mövzusunda keçirilən konfransda deyib. O bildirib ki, hazırda məskunlaşma problemlərinin həlli, həmçinin elm adamlarının, filosofların qarşısında duran əsas vəzifələrdəndir: “Əhalinin inkişaf etmiş şəhərlərdə və onların ətrafında mərkəzləşməsi regionların inkişafına mənfi təsir göstərir.

    Sənayeləşmənin yalnız regionlarda cəmləşməsi də ölkə üçün optimal deyil. Bu baxımdan balanslı yanaşma vacibdir. Azərbaycan bu istiqamətdə uğurlu model kimi çıxış edir. Prezident tərəfindən regionların inkişafına yönəlmiş proqramlar həyata keçirilir və bu siyasət ölkənin bütün ərazilərində balanslaşdırılmış inkişafı təmin edir”.

    Akademik WUF13-ün yalnız memarlıq problemlərini deyil, eyni zamanda, şəhərsalma və sosial inkişaf məsələlərini əhatə etdiyini diqqətə çatdırıb: “XXI əsrdə Bakı müasir şəhərsalmanın uğurlu nümunələrindən biridir. “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağda salınan “ağıllı kənd”lər və müasir şəhərlər bu sahədə nümunəvi layihələr hesab olunur. Ağdam, Füzuli, Xankəndi və Şuşada klassik və müasir memarlığın vəhdəti əsasında yeni şəhər modelləri formalaşdırılır. Bu yanaşma Prezidentin müasir şəhərsalma siyasətinin təzahürüdür.

    Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd olunması memarlıq irsinə göstərilən diqqətin bariz nümunəsidir. Bu gün ölkəmizdə ən müasir memarlıq üsullarından istifadə edilir. Heydər Əliyev Mərkəzi müasir memarlığın şah əsərlərindən biri kimi qəbul olunur”.

    İsa Həbibbəyli qeyd edib ki, konstruktiv yanaşmalara həddindən artıq üstünlük verilməsi klassik memarlıq ənənələrinin zəifləməsinə gətirib çıxara bilər: “Bu tendensiya klassik Bakının memarlıq simasının itirilməsi riskini yaradır. Hazırda “Sea Breeze” layihəsi çərçivəsində müasir memarlıq üslubunda yeni şəhərsalma nümunəsi formalaşdırılır. Klassik və müasir memarlığın paralel inkişaf etdirilməsi isə qarşıda duran əsas vəzifələrdəndir.

    Azərbaycanda “Şəhərsalma və Memarlıq İli”nin elan olunması bu sahəyə göstərilən yüksək diqqətin göstəricisidir. ADMİU-nun bu mövzuya həsr olunmuş ayrıca konfrans təşkil etməsi mövcud boşluqların aradan qaldırılmasına xidmət edir.

    Şəhərsalmada yalnız iqtisadi amillərin önə çəkilməsi müəyyən incəsənət boşluqlarının yaranmasına səbəb olur. Halbuki incəsənət şəhər mühitini zənginləşdirir, ona məna verir, inkişaf etdirir və ona həyat bəxş edir”.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ