İnsanın istər fiziki, istər zehni, istərsə də mənəvi-ruhi formalaşmasında dünyaya göz açdığı ailənin, boya-başa çatdığı mühitin və ondan miras aldığı irsi xüsusiyyətlərin müstəsna rolu vardır. İnsan xarakterinin, dünyagörüşünün, estetik zövqünün və mənəvi aləminin təşəkkülündə təbiətin də təsiri danılmazdır. Təmiz dağ havası, büllur kimi saf bulaqları, göz oxşayan yaşıllıqlar, zümrüd meşələr, uca dağların əzəməti və doğma yurdun əsrarəngiz mənzərələri insanın ruhunu saflaşdırır, qəlbində gözəllik duyğusunu, Vətən sevgisini və yaradıcı təfəkkürü cilalayır.
Məhz belə bir füsunkar təbiətin qoynunda, Azərbaycanın dilbər guşələrindən biri olan Yardımlı rayonunda 65 il əvvəl dünyaya göz açan tanınmış şair-publisist Tapdıq Əlibəyli də doğulduğu mühitin zəngin mənəvi iqlimindən, saf təbiətindən və milli-mədəni dəyərlərlə yoğrulmuş ailə tərbiyəsindən bəhrələnmişdir.
Onun yüksək ziyalı kimi yetişməsində, sözə və sənətə bağlılığının formalaşmasında, vətənpərvər ruhlu şair-publisist kimi tanınmasında doğma yurdun təbiəti, insanları və mənəvi mühiti mühüm rol oynamışdır. Sevimli şairimizin yaradıcılığında hiss olunan səmimiyyət, doğma torpağa bağlılıq, milli-mənəvi dəyərlərə sədaqət və həyat həqiqətlərinə həssas münasibət məhz bu sağlam mənəvi qaynaqlardan qidalanan zəngin həyat məktəbinin bəhrəsidir.
Tapdıq Əlibəylinin poeziyasında təbiət təsvirləri xüsusi yer tutur. Şair təbiəti estetik gözəlliklə bərabər, həm də ilahi qüdrətin təcəssümü, insanın mənəvi aləmini zənginləşdirən bir dəyər kimi təqdim edir. Bu xüsusiyyət onun poetik düşüncə tərzinin əsas cəhətlərindən biri hesab oluna bilər. Tədqiqatçılar da qeyd edirlər ki, təbiət mənzərələrinin bədii təsviri Tapdıq Əlibəylinin yaradıcılığında yüksək ustalıqla işlənmişdir. Düşünürəm ki, “Səhər ovqatı” şeirində təbiət lövhəsini bu ustalıqla elə Tapdıq Əlibəyli təbiətli şair təsvir edə bilər:
Ağaran dan yeri səhərin rəngi,
Xaliqin xilqətə gözaydınlığı.
Dünya başdan-başa ilahi sərgi,
Əridir içində nur qaranlığı...
Tökülür üstümə səhər şəfəqi,
Günəş təbəssümün soraqlayır şeh.
Quşların ötməsi doyulmaz şərqi,
Sanki yarpaqları daraqlayır meh...
Duyğu qanadında çiçəkləyir söz,
Heyrət ovqatında misra-misrayam.
Tamaşa etməyə istər iki göz,
Dinir gözəlliklər: gör nə əsraram...
Bu nümunə göstərir ki, şair təbiəti dərin fəlsəfi məna ilə qavrayır, onu ilahi nizamın və mənəvi saflığın rəmzi kimi təqdim edir. Yaradıcılığı milli-mənəvi dəyərlərin və vətən sevgisinin bədii ifadəsi baxımından diqqəti cəlb edən T.Əlibəylinin yaradıcılığı coğrafiyanın (Yardımlının yetirdiyi ziyalı kimi) ruhla birləşdiyi bir ədəbi təzahür kimi dəyərləndirilə bilər.
Təbiətlə duyğuları müvazi olaraq lirizmlə təsvir edən Tapdıq Əlibəyli şeirlərinin birində yazır:
Ağarır dan yeri, sevinir aləm,
Sübhün işığında bərq vurur şəbnəm.
İstədim ruhumla şehə bələnəm,
Ayna tək əks etdi əksimi damla...
Bu bənd təbiət təsviri ilə başlayır, lakin əsas diqqət insanın daxili aləminə yönəlir və şeirin əsas qayəsini insanın təbiətlə mənəvi vəhdəti, ruhun saflığa can atması və özünü dərk etməsi təşkil edir.
Misra-misra "dan yerinin ağarması" yeni günün başlanğıcını, ümid və yenilənməni simvolizə edir. Lirik qəhrəman yalnız təbiəti izləmək istəmir, onunla mənəvi və emosional vəhdət qurmağa çalışır.
"Damla"nın kiçikliyi ilə "əks"in bütövlüyü arasında maraqlı bir kontrast yaranır: kiçik bir damla bütöv bir insanı əks etdirə bilir. Bu misra ümumilikdə özünüdərk, daxili aləmin əksi və kiçik detalların böyük həqiqətləri göstərə bilməsi ideyasını ifadə edir.
Misralarda zahiri təbiət təsviri tədricən daxili psixoloji məna qazanır. İlk iki misra təbiətin oyanışını canlandırır, son iki misrada isə diqqət insanın mənəvi aləminə yönəlir. Beləliklə, şeir təbiət lirikası ilə fəlsəfi lirikanın xüsusiyyətlərini birləşdirərək oxucuda saflıq və özünüdərk hissi yaradır.
Duyğu qanadında sözü çiçəkləyən, səhər şəfəqinin üstünə töküldüyü şair Tapdıq Əlibəyli qürur duyduğum, adı ilə fəxr etdiyim dəyərli eloğullarımızdandır. Bu qənaəti onun zəngin fəaliyyəti, yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyəti və xalqına, vətəninə sonsuz bağlılığı formalaşdırıb.
T.Əlibəylinin özünə ustad bildiyi Xalq şairi Sabir Rüstəmxanlının təbirincə desəm: “Tapdıq Əlibəylini başqalarından fərqləndirən ən önəmli cəhət onun əsl şairə xas olan xarakter xüsusiyyətlərinə malik olmasıdır. O, çox mülayim, mehriban, sədaqətli, xoşxasiyyətli, vətənpərvər və mənəvi cəhətdən təmiz bir şəxsiyyətdir. Bütün gözəl xüsusiyyətlər Tapdıq Əlibəyli şəxsiyyətində birləşib, onu bir çoxları üçün əsl nümunəyə çevirir”.
Tapdıq Əlibəyli Azərbaycan ədəbiyyatına şeirləri ilə yanaşı publisistik yazıları ilə də töhfə verən yaradıcı simadır. Onun nəşr etdirdiyi kitablar milli ədəbi mühitin zənginləşməsində mühüm rol oynayır. Əsərlərində həm fərdi duyğuların poetik ifadəsi, həm də ictimai həssaslıq paralel şəkildə inkişaf edir.
Tapdıq Əlibəyli ədəbi mühitlə yanaşı ictimai proseslərdə də fəallığı ilə seçilən ziyalılardandır. Belə ki, türkdilli dövlətlər arasında ictimai-mədəni əlaqələrin inkişaf etdirilməsi, Türk dünyasının ağsaqqalları arasında birlik, qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə fəaliyyət göstərən “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin İdarə Heyətinin üzvü kimi səmərəli və məqsədyönlü fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. O, bu istiqamətdə həyata keçirilən layihə və təşəbbüslərin reallaşdırılmasına, Türk xalqları arasında ortaq mənəvi dəyərlərin qorunmasına, həmrəyliyin gücləndirilməsinə və qarşılıqlı əlaqələrin genişləndirilməsinə layiqli töhfələr vermişdir.
Tapdıq müəllim həmçinin əzəli torpaqlarından kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin hüquqlarının müdafiəsi, tarixi yaddaşın qorunması, milli kimliyin yaşadılması və ictimai-mədəni həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərən Qərbi Azərbaycan İcmasının həyata keçirdiyi tədbirlərdə ictimai xadim kimi fəal iştirak edir. Onun bu sahədəki ardıcıl fəaliyyəti Qərbi Azərbaycan həqiqətlərinin təbliği, tarixi ədalətin bərpası ideyasının təşviqi, milli birliyin möhkəmləndirilməsi və milli-mənəvi dəyərlərin gələcək nəsillərə çatdırılması baxımından mühüm ictimai əhəmiyyət daşıyır.
Bu fəaliyyətlər göstərir ki, o, yaradıcılığı ilə ictimai məsuliyyəti birləşdirən ziyalı zümrəsinin nümayəndəsidir. Onun baxışında ədəbiyyat cəmiyyətin problemlərindən ayrı deyil; əksinə, onların həllinə xidmət edən bir düşüncə vasitəsidir.
İyul ayının 1-də dəyərli aydınımız, əziz dostumuz, şair-publisist, ictimai-siyasi xadim Tapdıq Əlibəylinin 65 illik yubileyi tamam olur. O, uzun illərdir ki, ədəbiyyat və ictimai fəaliyyət sahəsində səmərəli və nümunəvi fəaliyyəti ilə seçilmiş, Azərbaycan mədəni və ictimai fikir həyatına dəyərli töhfələr vermişdir. Düşünürəm ki, onun zəngin yaradıcılığı və fəal ictimai mövqeyi nəzərə alınaraq, bu xidmətlərin dövlət tərəfindən layiq olduğu yüksək təltiflərlə qiymətləndirilməsi məqsədəuyğun olardı.
Əziz qardaşım, hörmətli Tapdıq müəllim, Sizi 65 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, firavan həyat arzulayıram. Sizə tükənməz ilham və yeni yaradıcılıq uğurları diləyirəm.
Sağlam yaşayın, mənalı ömür sürün, 100 yaşa çatın!
Vəli ƏSMƏTOV
tibb elmləri doktoru, professor
