Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycançılıq məfkurəsinin təşəkkülü kontekstində Ümummilli Lider Heydər Əliyevin missiyası

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

    Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Azərbaycançılıq məfkurəsinin təşəkkülü kontekstində Ümummilli Lider Heydər Əliyevin missiyası və miqyası” mövzusunda məruzə ilə çıxış edib.

    AMEA rəhbəri qeyd edib ki, sovet dövründə respublikaya rəhbərlik edən Ulu Öndər Heydər Əliyev Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlmiləlçilik ideyasını ön plana çəkdiyi, vahid sovet xalqı anlayışını formalaşdırmağa çalışdığı bir vaxtda azərbaycançılıq siyasətini həyata keçirirdi. Onun rəhbərliyi ilə yazıçı və şairlərin yubileyləri keçirilir, bu tədbirlər Kreml səviyyəsində qeyd olunur, hətta Nəsiminin yubileyi UNESCO səviyyəsində keçirilmişdi. Bir çox yazıçı, şair, bəstəkar və alim yüksək fəxri adlara layiq görülür, Azərbaycanda hərbi məktəblər açılır və bu kimi addımlar milli özünüdərkin güclənməsinə xidmət edirdi.

    Ulu Öndərin bununla da xalqımızı gələcək müstəqil dövlətçiliyə hazırladığını deyən akademik İsa Həbibbəyli bildirib ki, 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyaya daxil edilməsi dahi liderin həmin dövrdəki rəhbərliyi zamanı azərbaycançılıq siyasətinin zirvəsi hesab oluna bilər.

    “Dahi liderin Naxçıvanda Ali Məclisin sədri olarkən üçrəngli Azərbaycan bayrağının sovet bayrağı əvəzinə qaldırılması da böyük cəsarət nümunəsi idi. Heydər Əliyev həm sovet Azərbaycanının rəhbəri kimi, həm də müstəqil Azərbaycanın lideri kimi xalqımızı parçalanmaq təhlükəsindən xilas edib, ölkəmizin bütövlüyünü təmin edib, müstəqil dövlətin iqtisadi, siyasi, elmi, mədəni və sosial əsaslarını qurub və “Azərbaycanın müstəqilliyi əbədidir” demişdir”, - deyə məruzədə vurğulanıb.

    İ.Həbibbəyli bildirib ki, Ulu Öndərin müstəqillik dövründəki ən böyük xidmətlərindən biri də “Dünya azərbaycanlıları” anlayışını siyasi gündəmə gətirməsi olub. “Dünya azərbaycanlıları” anlayışı haqqında nə elmdə, nə siyasətdə aydın bir konsepsiya yox idi və bu ideyanı Azərbaycanın siyasi gündəminə və ictimai mühitinə, dövlətçilik təfəkkürünə məhz Ümummilli Lider Heydər Əliyev gətirib.

    “Dahi lider özünə qədər ədəbiyyatda, incəsənətdə, mədəniyyətdə, elmdə, ictimai fikirdə səslənən azərbaycançılıq anlayışını müstəqil Azərbaycanın dövlət ideologiyası səviyyəsinə qaldırdı. “Azərbaycan dili” və “Azərbaycan xalqı” anlayışlarının dəqiq şəkildə müəyyənləşdirilməsi də onun mühüm xidmətlərindəndir. O, Azərbaycan dilinin dövlət dili kimi mövqeyini qətiyyətlə müdafiə edib və “Azərbaycan xalqı” anlayışı ilə ölkədə yaşayan bütün xalqları vahid bir dil ailəsi ətrafında birləşdirib”, - deyə akademik bildirib.

    Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ulu Öndərin müəyyən etdiyi yolu XXI əsrin reallıqlarına uyğun şəkildə inkişaf etdirdiyini deyən akademik İsa Həbibbəyli Ali Baş Komandanın Vətən müharibəsində qazandığı tarixi zəfəri Azərbaycan tarixinin ən böyük hadisələrindən biri kimi qiymətləndirib.

    AMEA rəhbəri vurğulayıb ki, Prezident İlham Əliyev bu gün dünyanın gözü qarşısında qüdrətli lider kimi, qalib xalqın qalib lideri kimi Azərbaycanı irəli aparır və dövlətimiz artıq öz inkişafının tamamilə yeni mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısının apardığı uğurlu siyasət nəticəsində “Böyük Qayıdış” proqramı da uğurla həyata keçirilir və bu proqram həm də Azərbaycanda yeni inkişaf mərhələsinin başlanması deməkdir. Bu, azərbaycançılıq ideyalarının daha da dərinləşməsi, ərazi bütövlüyünün və məskunlaşmanın möhkəmlənməsi, sosial, iqtisadi, siyasi və hərbi qüdrətimizin yeni mərhələyə yüksəlməsi deməkdir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ