Sizin reklam burada
Sizin reklam burada
  • Xocalı qətliamı -Qan yaddaşımız

    Orxan Cəfərov
    Respublika Psixiatriya Xəstəxanası PHŞ-nin direktoru

    Azərbaycanlılara qarşı ermənilərin törətdikləri terror aktlarından biri də Xocalıda həyata keçirilmişdir. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” - deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Ümummilli Liderin 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.

    Prezident İlham Əliyev qeyd edir ki, Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir. Xocalı qatillərindən biri Serjik Sarkisyan deyirdi ki, “Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”. Bu fikirlər oxuyanda, bir daha erməninin əsl simasını görmək mümkündür. Əsl terrorçu, vandal, cinayətkar! Onlar heç bir beynəlxalq hüquq və normaya, Konvensiyalara əməl etmirlər. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Eyni zamanda, 487 nəfər dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Lakin qeyd edim ki, sonra araşdırmalar zamanı məlum oldu ki, həlak olan uşaqların sayı 76-dır.

    Xocalı soyqırımını törədən erməni cinayətkarlar beynəlxalq hüquqi aktları BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasını, "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasını, Birləşmiş Millətlər Təşkilatının “Ümumdünya İnsan Haqları Bəyannaməsi” ni, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktı, "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanı, “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi” Bəyannaməsini, eləcə də digər beynəlxalq norma və prinsipləri kobud surətdə pozmuşdur.

    Vaxtı ilə Ermənistan tərəfi diasporanın və kilsənin maliyyə və ideoloji dəstəyi ilə beynəlxalq ictimaiyyəti dezinformasiya etmək üçün bir proqram başlatdı. Bu proqramın bir hissəsi olaraq, beynəlxalq platformalarda, akademik və ekspert dairələrində Xocalı soyqırımının guya azərbaycanlıların özləri tərəfindən törədildiyi barədə vəhşi bir nəzəriyyə yaradıldı. Lakin onlar uğursuz oldular. Azərbaycan saxtakarları və onların yalanlarını tamamilə ifşa etdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilən beynəlxalq "Xocalıya ədalət" kampaniyası böyük rol oynadı. Bu böhtan xarakterli müharibəni başlayanlar məğlub oldular və güclü əks-hücuma məruz qaldılar ki, bunun sayəsində dünya Xocalı haqqında həqiqəti öyrəndi.Fondun “Xocalıya ədalət” kampaniyasını 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.

    Təcrübə göstərir ki, vahid informasiya sistemini qurulması və davamlı şəkildə təbliğ-təşviqat layihələrinin keçirilməsi çox müsbət nəticə verir. Bizim informasiya müharibəsində uduzmağa haqqımız yoxdur. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların fəaliyyətini də qeyd etmək lazımdır. Orada yaşayan, təhsil almağa, işləməyə gedən azərbaycanlılar könüllü şəkildə, vətənpərvərlik hissi ilə Azərbaycanla bağlı əsl həqiqətləri çatdırır, bunla bağlı layihələr həyata keçirirlər. Biz bu insanlarla sıx təmas saxlamalıyıq. Bizi müdafiə edən, haqlı olduğumuzu dəstəkləyən xarici alimlərlə, diplomatlarla, etnoqraflarla əməkdaşlığı daha da gücləndirməliyik.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ