Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bunu Musavat.com-a açıqlamasında bildirib.
Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin spikeri Alen Simonyan 2026-cı il parlament seçkilərindən sonra müxalifətdəki “Daşnaksütyun” partiyasının “kitabını bağlayacağını” vəd edib. Simonyan müxalifətin Zəngəzur dəhlizi - “Tramp marşrutu” layihəsi ilə bağlı mövqeyini şərh edən zaman “Daşnaksütyun”un üzvü və parlamentdəki “Hayastan” fraksiyasının deputatı Armen Rustamyanı layihənin mahiyyətini təhrif etməkdə günahlandırıb.
Spikerin sözlərinə görə, problem ondadır ki, bu insanlar üçün siyasi mövcudluq yalnız faciə, müharibə və ağrı fonunda mümkündür. Simonyan “Hər hansı bir paytaxtdan asılı olmayan suveren və azad Ermənistan onların ən böyük qorxusudur. Onda onlar xarici strukturlarından istifadə edə bilməyəcəklər və ya sadəcə siyasi arenada mövcud ola bilməyəcəklər” - deyə “Daşnaksütyun”la bağlı maraqlı anons edib.
Arzu Nağıyev Ermənistan parlamentinin sədrinin açıqlamalarına reaksiyasında bildirib ki, Paşinyan komandasının uzun müddətdir formalaşdırdığı əsas istiqamət budur:
““Daşnaksütyun” söhbəti gedirsə, deməli, söhbət müharibədən, köhnə Ermənistana qayıtmaqdan, regional sülhün heçə endirilməsindən gedir. Buna görə də daşnakların hətta Zəngəzur dəhlizi ətrafında olan manipulyasiyası sülh prosesinin qəsdən sabotaj edilməsi, təxribata çəkilməsi kimi cəmiyyətə təqdim olunması cəhdidir.
Məlum məsələdir ki, Paşinyan “Daşnaksütyun”u tam ləğv edə bilməz. Çünki klassik mənada bu çətindir. Bu partiyanın tarixi keçmişi var. Erməni cəmiyyəti bunu asan qəbul etməyə bilər. Amma onu keçmişdən qalan təhlükə kimi təqdim etmək mümkündür. Onları sistemdən kənarlaşdırmaq və təsir imkanlarını minimuma endirmək real ssenari olar bilər. Yəni bu məsələdə Alen Simonyanın öz arqumentləri var”.
A.Nağıyevin qənaətincə, hazırda Nikol Paşinyanın əsas məqsədi daxili leqitimliyi saxlamaqdır:
“Bu gün “Daşnaksütyun” ikiqat problem yaradır. Daxildə revanşist radikal elektoratı səfərbər edir, xaricdə, xüsusən də Azərbaycan və Türkiyə ilə normallaşma fonunda Paşinyanın işini zəiflədir. “Daşnaksütyun” partiyası xaricdən maliyyələşdirildiyinə görə bunlar daşnakların ata biləcəyi addımları əvvəlcədən görürlər. “Daşnaksütyun”un seçkilərdən uzaqlaşdırılması, faktiki olaraq siyasi iflasa uğradılması Paşinyanın əsas taktikasıdır.
Düşünürəm ki, o, idarəolunan müxalifət fonunda bunu bacaracaq. Amma həmişəlik bağlanma mümkün deyil. Çünki onlar geniş diaspora şəbəkəsində təmsil olunurlar. Partiyanın maliyyə və ideoloji cəhətdən xarici dayaqları var. Həmçinin tarixi mifoloji mobilizasiya resurslarına malikdirlər. Bu baxımdan Paşinyan onları tamamilə ləğv etməkdən daha çox zəiflədə, marjinallaşdıra bilər.
Eyni zamanda ekstremizmin keçmiş simvolu kimi damğalamaq yolunu seçər. Yəni söhbət hüquqi məsələdən çox siyasi neytrallaşmadan gedə bilər”.
Milli Məclisin komitə sədrinin sözlərinə görə, məsələyə Azərbaycan və Türkiyə prizmasından yaxınlaşsaq, daşnak ideologiyası zəiflədilməlidir:
“Daşnaklar sülh müqaviləsinin imzalanmasına, kommunikasiya xətlərinin açılmasına mane törədir. Strateji istiqamətdə bunu lokallaşdırmaq lazımdır. Məhz bu radikal xətt onilliklər boyu Azərbaycan və Türkiyəyə qarşı nifrət siyasətini doğurub. Onun siyasi çəkisinin azalması Ermənistanın daha rasional və praqmatik aktora çevrilməsi üçün imkan yaradır.
Düşünürəm ki, buna görə Alen Simonyanın açıqlaması çox mühüm əhəmiyyət kəsb edir və bu istiqamətdə də mühüm addımlar atılacağı istisna deyil”.
