Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Əbu-Dabidə keçirilən Aralıq Dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunun 2-ci sessiyasında çıxışı zamanı səsləndirib. Azərbaycan parlamentinin spikeri, ciddi çağırışların hələ də mövcud olduğunu vurğulayaraq, bildirib ki, bu çağırışların hər hansı bir ölkə və ya regionla məhdudlaşmır, qlobal xarakter daşıyır. Ona görə də bu istiqamətdə tərəqqi yalnız milli səylərlə deyil, beynəlxalq səviyyədə davamlı və əlaqələndirilmiş fəaliyyətlə mümkündür.
Spiker Sahibə Qafarova deyib ki, ilk növbədə real və davamlı irəliləyiş cəmiyyətdə mövcud olan düşüncə tərzinin dəyişdirilməsindən asılıdır. Qadın və kişilərin mahiyyət etibarilə bərabər olması prinsipi cəmiyyətin əsas dəyəri kimi möhkəmləndirilməlidir. Digər tərəfdən qadınların ictimai həyatda və qərar qəbuletmə proseslərində tam və bərabər iştirakı olmadan güclü, firavan və dayanıqlı cəmiyyət qurmaq mümkün deyil. Onun sözlərinə görə, cəmiyyətin yarısının hüquq və potensialını nəzərə almayan hər hansı təşəbbüs qaçılmaz olaraq dayanıqsızdır.
