Sizin reklam burada
Sizin reklam burada
  • Müstəqillik dövrünün ən böyük büdcəsi

    Pərvanə Vəliyeva
    MM üzvü

    2026-cı ilin dövlət büdcəsi ölkəmizin 2030-cu ilə sosial-iqtisadi inkişaf prioritetləri, yeni çağırışlar və reallıqlar nəzərə alınaraq hazırlanmışdır. Bu, müstəqillik dövrünün ən böyük büdcəsidir.

    Mürəkkəb Qlobal konyukturada, Azərbaycan nəinki maliyyə intizamını qoruyub saxlamış, iqtisadiyyatın dayanıqlılığını artırmışdır. Büdcə gəlirlərinin 58%-ə yaxını qeyri-neft gəlirlərinin payına düşür, bu, büdcə gəlirlərinin dayanıqlı olmasına xidmət edir. İqtisadiyyatın şaxələndirilməsi prosesi uğurla davam etdirilir.

    Dünyada geosiyasi ziddiyyətlərin artması, yeni hərbi-siyasi blokların formalaşması və beynəlxalq münasibətlərdə gərginliyin yüksəlməsi fonunda milli təhlükəsizliyin möhkəmləndirilməsi hər bir dövlət üçün prioritet məsələdir. Ölkəmizdə də bu istiqamətdə ardıcıl addımlar atılır və müdafiə qabiliyyətinin artırılması daim diqqət mərkəzində saxlanılır. 2026-cı il büdcəsində müdafiə və milli təhlükəsizlik üzrə 8 milyard 714,8 milyon manatlıq xərclər Azərbaycanın daxili sabitliyini, müdafiə qabiliyyətini və regional təhlükəsizlik siyasətini gücləndirməyə yönəlib.
    Müdafiə və milli təhlükəsizlik üzrə xərclərin büdcədə xüsusi çəkisi 21 faiz olacaq. 2025-ci illə müqayisədə 318,5 milyon manat çox olacaq.
    İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri – innovasiyalar və enerji səmərəliliyi üzərində qurulan yeni iqtisadi model formalaşır. Sosial sahəyə böyük diqqət yetirilir. İndiyədək işğaldan azad olunmuş ərazilərin bərpasına və yenidən qurulmasına 22 milyard manatdan çox vəsait ayrılıb. Təkcə 2025-ci ildə bu istiqamətə 4 milyard manat nəzərdə tutulub. Növbəti ilin dövlət büdcəsindən 3,5 milyard manat vəsaitin ayrılması nəz`ərdə tutulur. Ümumilikdə, “Böyük Qayıdış” proqramının icra olunmasına başlanmasından 2026-cı ilin sonunadək işğaldan azad olunmuş ərazilərin bərpasına və yenidən qurulmasına 26 milyard manata yaxın vəsait sərf olunacaqdır.
    Həm dövlət büdcəsi, həm də bütövlükdə icmal büdcənin maliyyə yükündə sosial xərclər üstünlük təşkil edir. Sosial xərclərimiz növbəti il üçün 40%-dən çoxdur. Növbəti ilin dövlət büdcəsində sosial-yönlü xərcləri 2025-ci illə müqayisədə 236 milyon manat və ya 1,4% çox olmaqla 17 milyard 146 milyon manat təşkil edir. Bu rəqəm 2024-cü ilin icrası ilə müqayisədə 2,5 milyard manat və yaxud 17% çoxdur. DSMF xərclərinin 96,6 %-ni əhaliyə ödənişlər təşkil edəcək.
    2030-cu ilə Azərbaycan Respublikasında müəyyən olunmuş sosial-iqtisadi inkişafın əsas prioritetlərindən biri də təhsildir. Dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Gələn ilin dövlət büdcəsində elm və təhsil xərcləri 5,2 milyard manat təşkil edir. Bu, 2024-cü ilin icra göstəricisinə nisbətən 658 milyon manat çoxdur. Ortamüddətli dövrlə, 2022-ci illə müqayisədə isə 2026-cı ildə 36% artmış olacaqdır.
    Son illərdə səhiyyə sahəsində aparılan islahatlar daha çox əhaliyə əlçatan və daha keyfiyyətli tibbi xidmətlərin təmin edilməsinə təkan vermişdir. Səhiyyə xərclərimiz növbəti il üçün 2 milyard manat təşkil edir. Bu xərclərdə də əvvəlki illərlə müqayisədə artım var. Dövlət büdcəsindən 2 milyard, İTS yığımları üzrə 2,6 milyard manat proqnozlaşdırılır. Ümumilikdə, səhiyyə xərclərimizin 4,6 milyard manat təşkil edəcək. Hazırda əhaliyə 3315 adda xidmət təklif olunur və bunun artırılması gözlənilir.

    “Tibbi Sığorta haqqında” qanuna əsasən, burada yenə də, tələbələr, uşaqlar, pensionerlər, qazilər, əlillər, rəsmi işsiz şəxslər və s. digər bir sıra həssas təbəqədən olan insanlar dövlət vəsaiti hesabına, icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində tibbi xidmətləri əldə edə biləcək. Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı, “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” və “Şəkərli diabet üzrə Dövlət Proqramı” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək. Artıq İTS hesabına cəzaçəkmə müəssisələrindəki məhkumlar və əcnəbi və vətəndaşlığı olmayan məhkumların səhiyyə xərcləri qarşılanacaq.

    Dövlətimizin beynəlxalq miqyasda nüfuzunun davamlı şəkildə artması və bu xüsusda, ölkə başçısının qarşıya qoyduğu vəzifələrin icrasının həyata keçirilməsi məqsədilə ölkəmizin beynəlxalq sahədə fəaliyyətinin etibarlı maliyyə təminatı xüsusi əhəmiyyət kəsb edir. 2026-ci ildə diplomatik nümayəndəliklərin xərclərinin 5% artırılaraq 215 milyon manata çatdırılması bu baxımdan təqdirəlayiqdir. 





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ