Sizin reklam burada
Sizin reklam burada
  • Deputat Pərvanə Vəliyevanın Avropanın tanınmış informasiya portalında məqaləsi dərc olunub.

    Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü, deputat Pərvanə Vəliyevanın Avropanın tanınmış informasiya portalında Azərbaycan-Ermənistan normallaşma prosesi barədə geniş təhlil məqaləsi dərc olunub.
    Məqalədə qeyd olunur ki, Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyi daim dəstəkləmiş, Rusiya, İran, Gürcüstan və Mərkəzi Asiya dövlətləri də daxil olmaqla bütün qonşuları ilə konstruktiv münasibətləri qoruyub saxlamışdır. 2020-ci il müharibəsindən sonra Azərbaycan regionu əsaslı şəkildə yenidən formalaşdırır və münaqişə mirasını regional əməkdaşlıq, iqtisadi inkişaf və açıq bağlantılara çevirir. Azərbaycanın strateji vizyonu Cənubi Qafqazı münaqişə meydanından imkanlar məkanına - tərəfdaşlıqlar, investisiyalar və qarşılıqlı bağlantılarla xarakterizə olunan bir regiona çevirməkdir.
    Ağ Evdə keçirilmiş və Prezident Donald Trampın şahidliyi ilə baş tutmuş Azərbaycan ilə Ermənistan arasında Vaşinqton razılaşmaları üç onillikdən çox davam edən gərginlikdən sonra regiona sülh, sabitlik və rifah gətirməsi məqsədi daşıyır. Bu irəliləyiş Cənubi Qafqazda yeni bir dövr açdı və xüsusilə Orta Dəhlizin funksionallığını artırmaqla regional iqtisadi imkanları genişləndirməyə xidmət edəcək.
    Sülh müqaviləsinin mətninin paraflanması tərəflərin sənədin müddəaları üzrə razılığa gəldiyini təsdiqlədi. Bununla belə, sülh təkcə sənədləri imzalamaq demək deyil — ictimai konsensus da tələb edir. Sülh təkcə rəsmi sənədlərdə deyil, insanların düşüncə və davranışlarında, cəmiyyətlər arasındakı münasibətlərdə mövcud olmalıdır. İctimai dəstək, açıq ünsiyyət və etimadın qurulması əsas şərtlərdir. Münaqişənin açdığı yaralar sağala bilər, lakin bu, zaman, qarşılıqlı anlayış və müvafiq sosial–mədəni mühitin formalaşdırılmasını tələb edir.
    Bu kontekstdə bir sıra etimad qurucu addımlar atılıb. 2025-ci ilin sentyabrında Ermənistan Baş nazirinin təyyarəsi Çinə uçarkən Azərbaycanın hava məkanından istifadə edib. Tərəflərin sərhədlərin delimitasiya komissiyalarının üzvləri də bir-birlərinin ərazilərinə daxil olublar. Ermənistanın Baş nazirinin müavini delimitasiya və demarkasiya prosesini müzakirə etmək üçün Azərbaycanın Qəbələ şəhərinə səfər edib.
    Normallaşma prosesi çərçivəsində iki ölkə arasında vətəndaş cəmiyyəti mübadilələrinə başlanılıb. İlk dəfə olaraq, Bakıdan İrəvana təyyarə qalxaraq azərbaycanlı vətəndaş cəmiyyəti nümayəndələrini sülh dialoqları üçün İrəvana aparıb, eyni zamanda İrəvandan Bakıya “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində eyni məqsədli səfər həyata keçirildi. Bu proses sülh gündəliyinin perspektivləri üzrə vətəndaş cəmiyyətlərinin dialoqunu gücləndirir.
    Bu hadisələr mühüm bir reallığı əks elətdirir: paraflanmış sülh müqaviləsinin nəticələri artıq təkcə kağız üzərində deyil, praktiki müstəvidə də özünü göstərir. Beynəlxalq tədbirlər zamanı Ermənistanın Təhlükəsizlik naziri Azərbaycana səfər edib, azərbaycanlı bir beyin mərkəzi nümayəndəsi isə Ermənistanda keçirilən tədbirdə çıxış edib. Eynilə, Milli Məclisin Sədri İsveçrəyə səfəri zamanı erməni həmkarı ilə görüşüb. Bütün bunlar normallaşmanın real şəkildə irəlilədiyini göstərir.
    2025-ci ilin oktyabrında Azərbaycan ticarət yükləri üçün Ermənistan tranzitini açdı. Bu, Qazaxıstan və Rusiya buğdasının Azərbaycan ərazisindən keçərək Gürcüstan vasitəsilə Ermənistana çatdırılmasına imkan verdi.
    Azərbaycan yekun sülh müqaviləsinin imzalanması üçün müəyyən gözləntilərini dəfələrlə vurğulayıb. Sənədin imzalanması və ratifikasiyası istiqamətində irəliləyiş, qalan müddəanın həyata keçirilməsinə - Azərbaycan əleyhinə ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasına düzəliş edilməsi şərtinə əsaslanır.
    Paralel olaraq, tərəflər qarşılıqlı ticarət imkanlarını da qiymətləndirməyə başlayıblar, o cümlədən Azərbaycanın neft məhsullarının Ermənistana ixracı məsələsi müzakirə olunub. Təklif edilən Zəngəzur dəhlizi regional transformasiyanın əsas elementlərindən biridir. Dəhliz işə düşdükdən sonra Şərq–Qərb marşrutu boyunca yeni logistika imkanları yaradacaq — bu, həm Avropa, həm də Asiya üçün əlverişli layihə olacaq. Tranzit ölkələr kimi Azərbaycan və Ermənistan bu layihədən əhəmiyyətli fayda əldə edə biləcək.
    Azərbaycan beynəlxalq ictimaiyyəti — hökumətləri, media qurumlarını, akademik dairələri və vətəndaş cəmiyyətini — regionu keçmişə qaytaran köhnəlmiş narrativləri yenidən dirçəltmək əvəzinə, sülh gündəliyini dəstəkləməyə çağırır.
    Beləliklə, dünyada uzunmüddətli daha bir münaqişənin də səhifəsi bağlanmaq üzrədir və Cənubi Qafqazda əməkdaşlıq dövrünün yeni fəslinin başlanğıcı görünür. Yalnız davamlı qarşılıqlı siyasi iradə və məsuliyyətli beynəlxalq dəstək sayəsində region sülh, inkişaf və tərəqqi istiqamətində birgə addımlaya bilər.
    https://www.eureporter.co/azerbaijan/2025/12/09/building-peace-through-connectivity-a-strategic-outlook-on-azerbaijan-armenia-normalization-process/


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ