Sizin reklam burada
Sizin reklam burada
  • Kəlbəcər Şəhəri Günü tarixi qayıdışın, mədəni irsin və zəfərin rəmzidir

    Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Kəlbəcər bölgəsi zəngin təbiəti, mineral suları, dağlıq landşaftı və arxeoloji tapıntıları ilə seçilir. Tarixi mənbələrə əsasən, Kəlbəcər ərazisi hələ antik dövrdən etibarən müxtəlif tayfaların məskunlaşdığı mühüm strateji bölgələrdən olub. Bölgədəki Xudavəng monastır kompleksi, Lev çayı vadisindəki kurqanlar, hərb tarixinə aid qalalar, aşıq sənətinin canlı ənənələri Kəlbəcərin mədəni və tarixi dəyərinin yalnız bir hissəsidir.

    Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

    O qeyd edib ki, 1993-cü ildə Kəlbəcərin işğalı bölgənin tarixində ağır bir faciədir. Bu faciə nəticəsində minlərlə sakin doğma yurdunu tərk etməyə məcbur olub, yüzlərlə tarixi abidə dağıdılıb, təbii sərvətlər isə talan edilib. Lakin bütün çətinliklərə baxmayaraq, kəlbəcərlilər öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyiblər. “İşğal zamanı rayonun 511 dinc sakini öldürülüb, 321 nəfəri əsir götürülüb və itkin düşüb. Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olublar. İşğal nəticəsində yüzlərlə tarixi mədəniyyət abidəsi, məktəb, uşaq bağçası, kitabxana, mədəniyyət evi, muzey, xəstəxanalar və digər infrastrukturlar talan edilib, dağıdılıb və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb.

    Nəhayət Azərbaycan Silahlı Qüvvələrinin qətiyyəti və Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi nəticəsində 2020-ci il noyabrın 25-də Kəlbəcər sülh yolu ilə Azərbaycana qaytarılıb. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib. Lakin ermənilər bu ərazini tərk edərkən, ətraf mühitə ciddi ziyan vurub, biomüxtəlifliyi məhv edib və meşələri yandırıblar. Noyabrın 25-i isə yaddaşlarda Kəlbəcər tarixində dönüş nöqtəsi kimi qalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yüzlərlə hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub. Həmçinin dövlətimizin başçısının müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi müəyyənləşib. Bu gün yalnız tarixi qayıdış günü deyil, eyni zamanda, Azərbaycanın suverenliyinin gücünü, xalqımızın birliyini və iradəsini, şəhidlərimizin müqəddəs xatirəsini, Kəlbəcərin bərpasına başlanılan yeni inkişaf mərhələsini simvolizə edir. Bu gün hər bir azərbaycanlı üçün qələbə ruhunun, torpaq sevgisinin və vətənə bağlılığın rəmzidir”, - deyə deputat vurğulayıb.

    Hazırda Kəlbəcər rayonu üzrə genişmiqyaslı bərpa-quruculuq layihələrinin həyata keçirildiyini xatırladan P.Vəliyeva bildirib ki, bölgədə yeni yollar, tunellər və körpülər inşa olunur. “Xüsusilə Laçın–Kəlbəcər və Tərtər–Kəlbəcər avtomobil yolları bölgənin strateji əhəmiyyətini daha da artırır. Həmçinin İstisu kurort kompleksinin bərpası regionun turizm potensialını canlandırır. Bu gün Kəlbəcərdə yeni yaşayış məhəllələri, təhsil və səhiyyə infrastrukturu tikilir, tarixi və dini abidələrin bərpa və konservasiya proqramları həyata keçirilir. Bütün bu layihələr Kəlbəcərin gələcəkdə Cənubi Qafqazın mühüm turizm və mədəniyyət mərkəzlərindən birinə çevriləcəyini göstərir.

    Kəlbəcər artıq böyük qayıdışın təcəssümünə çevrilib. Bura qayıdan hər bir vətəndaş tikinti və quruculuqda iştirak etməklə həm tarixə, həm də gələcək nəsillərə öz töhfəsini verir. Azərbaycan dövləti Kəlbəcəri yalnız bərpa etmir, onu müasir və inkişaf etmiş bir region kimi yenidən qurur. Bu isə gələcək illərdə bölgənin sosial-iqtisadi inkişafının daha da sürətlənəcəyinə zəmin yaradır.

    İşğaldan azad edilmiş Kəlbəcər bu gün yeni həyatını yaşayır – inkişaf, yenidənqurma, dirçəliş və böyük gələcək yolunda inamla irəliləyir. Böyük qürur və fəxr hissi ilə deyə bilərik ki, 25 Noyabr – Kəlbəcər Şəhəri Günü tarixi qayıdışın, mədəni irsin və zəfərin rəmzidir”,- deyə deputat əlavə edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ