Sizin reklam burada
Sizin reklam burada
  • Qələbənin ən yüksək zirvəsi: Kəlbəcər azaddır

    Qabil Misirov,
    YAP Göygöl rayon təşkilatı üzrə Şəhriyar kənd ərazi partiya təşkilatının fəal üzvü

    25 Noyabr – Kəlbəcər Şəhəri Günü həm qayıdışın, həm ədalətin, həm də xalqımızın öz doğma torpaqlarına sahib çıxmaq iradəsinin rəmzinə çevrilmişdir. 44 günlük Vətən müharibəsində əldə olunan böyük Zəfərin ən yaddaqalan məqamlarından biri heç şübhəsiz ki, Kəlbəcərin işğaldan azad olunması oldu. Uzun illər xalqımız üçün nisgil, həsrət və yaralı xatirələrlə dolu olan bu bölgə 1993-cü ildə düşmən tərəfindən işğal edilmiş, 27 il ərzində təbii sərvətləri talan olunmuş, tarixi irsi dağıdılmışdı. Lakin bütün bu ağrılara baxmayaraq, Azərbaycan xalqı ümidini heç vaxt itirmədi.
    Prezident İlham Əliyevin illər boyu səsləndirdiyi “Kəlbəcər bizimdir və biz ora qayıdacağıq” sözləri 2020-ci ilin 25 noyabrında gerçəyə çevrildi. Kəlbəcərin bir güllə belə atılmadan, siyasi iradə və diplomatik üstünlük hesabına geri qaytarılması həm dövlətimizin gücünü, həm də xalqımızın birliyini bir daha nümayiş etdirdi. Bu tarix Azərbaycan xalqının yaddaşına böyük qürur və sevinc günü kimi yazıldı. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilib.İşğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. Amma, artıq o çətin günlər arxada qalıb.
    25 noyabr 2020-ci il tarixdə 27 illik böyük həsrətdən sonra Kəlbəcər rayonu işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Azərbaycana qovuşan Ağdamı, daha sonra Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirir. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.
    Kəlbəcər rayonun ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcərdən qaçan erməni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə diqqəti cəlb edirlər. Kəlbəcər şəhərində məktəb direktorunun orta məktəbə od vurması düşmənin mənəvi-əxlaqi baxımdan dibə vurduğunu, deqradasiyanı dünyaya nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Azad olunan torpaqlarımızda aparılan yenidənqurma işləri çərçivəsində Kəlbəcər rayonunda yerləşən bütün tarixi abidələr, o cümlədən dünya əhəmiyyətli dini tarixi abidələr olan Xəzinədağ (Gəncəsər) və Xudavəng məbədləri bərpa ediləcək, onun əsl milli kimliyini – alban tarixini də təqdim edəcək.
    Kəlbəcər rayonu işğaldan azad ediləndən sonra demək olarki hər il Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda səfərdə olublar,rayonda aparılan abadlıq və quruculuq işləri ilə yaxından tanış olublar bir çox infrastruktur obyektlərinin təməlqoyma və açılışını ediblər. İşğaldan azad olunan şəhərlərdə, həmçinin, Kəlbəcər rayonunda həyata keçirilən bərpa və yenidənqurma işlərinin nəticəsi olaraq, 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərinə ilk köçün baş tutması Azərbaycanın “Böyük Qayıdış” prosesində növbəti strateji mərhələyə qədəm qoyduğunu göstərdi. Bu mühüm hadisə dövlətimizin gücünün, Prezident İlham Əliyevin siyasi iradəsinin və işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin real nəticəsidir.
    Prezident İlham Əliyevin 31 iyul 2023-cü ildə imzaladığı sərəncama əsasən işğaldan azad olunan şəhərlərin şəhər günləri təsis edilmiş və Sərəncama əsasən, hər il həmin günlər ölkə ərazisində böyük təntənə ilə qeyd olunur. 25 noyabr tarixi “ Kəlbəcər şəhəri günü” ölkəmizdə böyük sevinc və qürur hissi ilə qeyd edilir. Kəlbəcərin məhz şəhər mərkəzinə ilk sakinlərin qayıdışı təkcə fiziki qayıdış deyil, həm də mənəvi və milli dirçəlişin simvoludur.Yüzlərlə ailənin yenidən öz dogma yurd yerlərinə köçürülməsi nəticəsində, Kəlbəcərin əvvəlki şöhrəti özünə qaytarılacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ