Sizin reklam burada
Sizin reklam burada
  • Kəlbəcərə qayıdırıq: İşğala son qoyulan tarixi gün

    Kəlbəcərə qayıdırıq: İşğala son qoyulan tarixi gün Salman Balakişiyev,
    YAP Göygöl rayon təşkilatı üzrə Təhsil sektoru ərazi partiya təşkilatının üzvü, partiya veteran.

    2020-ci ilin noyabrın 25-də Azərbaycanın işğal altında olan ən böyük rayonu - Kəlbəcər işğaldan azad edildi. Otuz il ərzində düşmən tapdağı altında qalan torpaqlarımızın hər qarışının, azad edilən hər kəndin, hər şəhərin Azərbaycan üçün əhəmiyyəti son dərəcə böyükdür. Rayonlarımızın hər birinin düşməndən təmizlənməsi, əslində, özü-özlüyündə tarixi qələbədir. Bununla belə, Kəlbəcərin bir güllə belə atılmadan işğaldan azad edilməsi Azərbaycanın həm də böyük siyasi-diplomatik qələbəsidir. Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən beş il ötür. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Beləliklə, Kəlbəcər və Laçın rayonları, Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
    Qeyd edim ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunmuşdu. İşğal nəticəsində 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdü. İşğalçılar onlarla tarixi-mədəniyyət abidəsini, məktəbi və uşaq bağçasını, tarix-diyarşünaslıq muzeyini, yüzlərlə inzibati binanı, minlərlə evi, çoxlu sayda texnikanı talan edib, dağıdıb və rayonun milyardlarla manatlıq sərvətini Ermənistana daşıyıblar. Kəlbəcərdə erməni vəhşiliyinin izləri hər addımda görünür. Dağıntı və talanlar həm işğal dövründə, həm də 2020-ci ildə ermənilər rayondan çıxarkən davam etdirilib. İşğaldan azad olunan Kəlbəcərə səfər edən Prezident İlham Əliyev bu barədə danışarkən deyib: “Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”. İkinci Qarabağ müharibəsinin ilk günlərində Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunmuşdu. Murov dağının ərazisində və ətraf yerlərdə şiddətli döyüşlər nəticəsində strateji yüksəkliklərin götürülməsi həmin istiqamətdə erməni silahlı qüvvələrinin hərəkətlərini böyük dərəcədə məhdudlaşdırmağa imkan yaratdı. Əks-hücum əməliyyatının tərkib hissəsi olan bu əməliyyatların gedişində Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edildi, amma əksər hissəsi Ermənistan kapitulyasiya aktına imza atandan sonra azadlığına qovuşdu.
    Prezident İlham Əliyev Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra ilk dəfə 2021-ci il avqustun 16-da rayona səfər etmiş və Kəlbəcər şəhərində Dövlət Bayrağını ucaltmışdır. Prezident Kəlbəcər sakinləri ilə görüşdə rayonun işğaldan azad edilməsinin əhəmiyyətindən bəhs edərək demişdi: “Ermənilər 30 il ərzində bizim torpaqlarımızı ancaq istismar edirdi, təbii sərvətləri talayırdı, evləri dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar – bu torpaqların sahibləri qayıtmışıq. Düşməni torpağımızdan qovaraq, düşmən ordusunu məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq”.
    Kəlbəcər həm də turistlərdə maraq yarada biləcək bir çox tarixi abidələrlə zəngindir. Burada 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərin yadigarlarıdır.
    Otuz il əvvəl məcburi köçkünə çevrilərək respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmış kəlbəcərlilər doğma yurda qayıdacaqları günü gözləyirlər. Bu məqsədlə işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də geniş miqyaslı bərpa-quruculuq işləri aparılır. Həmin layihələr sırasında Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası xüsusi əhəmiyyət kəsb edir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən bu yolunun layihə uzunluğu 80,7 kilometrdir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın 2021-ci ilin avqustun 16-da Kəlbəcər rayonuna səfəri zamanı Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində – Murovdağda inşa olunacaq tunelin təməli qoyulub, bu gün artıq son tamamlama işləri aparılır.
    21 avqust 2025-ci ildə Kəlbəcər şəhərinə ilk köçün baş tutması Azərbaycanın “Böyük Qayıdış” prosesində növbəti strateji mərhələyə qədəm qoyduğunu göstərdi. Bu mühüm hadisə dövlətimizin gücünün, Prezident İlham Əliyevin siyasi iradəsinin və işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin real nəticəsidir. Kəlbəcərin məhz şəhər mərkəzinə ilk sakinlərin qayıdışı təkcə fiziki qayıdış deyil, həm də mənəvi və milli dirçəlişin simvoludur. Bu addım bir tərəfdən həmin bölgələrin dayanıqlı inkişaf modelinə keçidini nümayiş etdirir, digər tərəfdən, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən dövlət siyasətinin səmərəli və planlı şəkildə icra olunduğunu sübut edir.
    Göründüyü kimi, Kəlbəcər rayonunda aparılan nəhəng quruculuq işləri bu diyarın gözəl gələcəyindən, azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir.Kəlbəcər ərazisinə görə Azərbaycanın ən böyük rayonudur. Bu rayon həm yeraltı, həm də yerüstü sərvətləri ilə olduqca zəngindir. Rayonun strateji əhəmiyyəti, təbiəti, turizmi və digər özəllikləri gələcəkdə ölkəmizin iqtisadi inkişafına verəcəyi töhfələr barədə aydın təsəvvür yaradır.Vətən müharibəsində Azərbaycanın qazandığı  böyük Zəfərlə ərazi bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın iqtisadiyyata reinteqrasiyası ümumilikdə ölkəmizin inklüziv və dayanıqlı inkişafı üçün yeni üfüqlər açır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ