YAP Göygöl rayon təşkilatı üzrə Quşqara kənd ərazi partiya təşkilatının sədr müavini
Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində dünya bir daha Azərbaycanın müstəqil siyasətinə, söz sahibinə çevrildiyinə şahid oldu. Sammitdə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətləri yeni, daha yüksək səviyyəyə qalxıb.Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Azərbaycan,qlobal iqlim mübarizəsində öz yerini möhkəmləndirmək və kiçik ada dövlətlərinə dəstəyini genişləndirmək üçün mühüm addımlar atır. Bu ölkələr qlobal istiləşmənin nəticəsi olaraq su səviyyələrinin artması, quraqlıq və ekstremal hava şəraiti kimi ekzistensial təhlükələrlə üzləşir. Cənab Prezident çıxışında inkişaf etmiş bütün ölkələrə,o cümlədən müstəmləkə keçmişi olanlara müraciət edərək, kiçik ada dövlətlərinin qlobal səhnədə səsinin eşidilməsinin və onlara maddi və texniki dəstək göstərilməsinin əhəmiyyətini vurğuladı.
Dövlət başçısı çıxışında Azərbaycan tərəfindən kiçik ada dövlətlərinə edilən yardım proqramlarından da bəhs etdi. Azərbaycan iqlim dəyişiklərinin təsirinə məruz qalan kiçik ada dövlətlərinə bir çox layihə və proqramlarla dəstəyini nümayiş etdirib. Dövlətimiz bir sıra kiçik ada ölkələrinə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq məqsədilə yardım göstərmiş, su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişdir. Bu təşəbbüslərə əlavə olaraq, ondan çox kiçik ada dövlətindən olan vətəndaşlar Azərbaycanın universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramlarından yararlanmışdır. Azərbaycan Qoşulmama Hərəkatında sədr olduğu dövrdə 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib. Ölkəmizin bu səyləri, həm beynəlxalq səviyyədə həm də regional arenada nüfuzumuzun artmasına və iqlim dəyişikliyinə qarşı mübarizədə mühüm tərəfdaş kimi tanınmağımıza kömək edib.
Cənab Prezidentin çıxışında vurğuladığı məsələlərdən biri də, kiçik ada dövlətlərində ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün “Azərkosmos” peyk məlumatlarından istifadə etmək məqsədilə Azərbaycanın Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalaması oldu. Bununla yanaşı, Azərbaycan bu ölkələrdəki birgə layihələri dəstəkləmək üçün 10 milyon ABŞ dolları vəsait ayırmışdır və bununla da, ətraf mühitin qorunmasına daha bir töfhə vermişdir.
Prezient İlham Əliyev çıxışı çərçivəsində Karib və Sakit Okean regionundakı dəniz ərazilərinin çətinliklərindən də bəhs etdi. Karib və Sakit okean regionlarında yerləşən bəzi dırnaqarası dəniz əraziləri iqlim dəyişikliyinin ciddi təsirlərinə məruz qalıb. Fransanın və Niderlandın bu ərazilərdəki müstəmləkələri, su səviyyəsinin artması, ekstremal hava şəraiti və biomüxtəlifliyin pozulması kimi təhlükələrlə üzləşir. Bəzi hallarda bu icmaların səsi onların metropoliya dövlətləri tərəfindən susdurulur, bu da onların öz müstəqilliklərini və hüquqlarını qorumaq yolunda maneələrlə üzləşməsinə səbəb olur.
Azərbaycanın ev sahibliyi etdiyi COP29 böyük mühum platforma kimi bəşəriyyəti narahat edən problemlərin müzakirə ünvanıdır və bu mənada belə konfrans səsləri daha az eşidilən, çox hallarda problemləri nəzərə alınmayan və ya səsləri boğulan kiçik ada dövlətləri üçün ikiqat əhəmiyyət daşıyır. Belə ölkələrin haqq səsini hər zaman dəstəkləyən Azərbaycan COP29-da hər kəsin dinlənilməsi üçün platforma təqdim edir. Hazırda kiçik ada dövlətləri iqlim dəyişikliyindən çox əziyyət çəkir və bu məsələdə Qərbin böyük “payı” var. Özünüidarəetmədən məhrum olan bu regionlar öz narahatlıqlarını ifadə edə bilmir və onların səslərinə məhəl qoyulmur. Kiçik Ada Dövlətlərinin Sammitində beynəlxalq ictimaiyyət bu ölkələrin üzləşdikləri problemləri dinləmək şansı qazandı. Sammitdə Prezident İlham Əliyev bununla bağlı bir daha öz qətiyyətli mövqeyini ortaya qoydu, dünyaya səsləndi ki, kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Dövlət başçısı inkişaf etmiş bütün ölkələri məsuliyyətə çağırdı.
