YAP Göygöl rayon təşkilatının Bəhrəmbağ kənd ərazi partiya təşkilatının sədri
Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib. Olduqca mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq aləmin ölkəmizə olan hörmət və etimadının göstəricisidir. Bu, eyni zamanda əsasını Ümummilli liderimiz Heydər Əliyevin qoyduğu və bu gün Prezident İlham Əliyevin dövrün tələblərinə uyğun olaraq davam etdirdiyi xarici siyasətinin ən böyük uğurlarındandır.
Dövlətimizin başçısı açılış mərasimindəki çıxışında mühüm məqamlara toxunub, mövcud reallıqları bir daha diqqətə çatdırib və ciddi mesajlar verib. Prezident İlham Əliyev ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfinin verildiyini, bu qərarın ölkəmizə olan hörmətin əlaməti olduğunu bildirib. Ölkə başçısı eyni zamanda bu qərarın beynəlxalq arenada Azərbaycanın oynadığı fəal rolun dəyərləndirilməsi kimi qiymətləndirib.
Ölkəmizdə keçirilən bu böyük, əhəmiyyətli tədbir yeni əlaqələrin qurulmasında, yeni körpülərin salınmasında əhəmiyyətli rol oynayacaq. Bu gün ölkəmiz beynəlxalq arenada mühüm rol oynayır. Azərbaycanın istər Qoşulmama Hərəkatına, istər İslam Əməkdaşlıq Təşkilatına uğurlu sədrliyi, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli dərəcədə töhfələr vermişdir. Prezident İlham Əliyev çıxışında bu məqama toxunaraq 120 ölkənin yekdil qərarı ilə ölkəmizin 4 il ərzində Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini, həmçinin Azərbaycan təxminən 60 ölkəni birləşdirən İƏT-nın fəal üzvü olduğunu bildirib. Ölkəmizin eyni zamanda Avropa İttifaqının 10 üzvü ilə sazişlər imzalayıb və Strateji Tərəfdaşlıq haqqında bəyannamələr qəbul etdiyini, bütün bunların isə iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı olacağına əsas verdiyini vurğulayıb. Ölkə başçısı həmçinin əlavə edib ki, Azərbaycan çox tərəfliliyin tərəfdarıdır.
Çıxışında Azərbaycanın Yaşıl gündəliyi haqqında da tədbir iştirakçılarına məlumat verən Dövlət başçısı COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı sazişin imzalanacağını , bu layihə sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcəyini, 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycanın bütün ölkədə “yaşıl texnologiya”ları geniş şəkildə tətbiq etməyə başlamasının üzərindən cəmi bir neçə il ötüb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları kimi geniş ərazilər təmiz enerji zonaları elan edilib. Ölkə artıq bu sahədə mühüm nailiyyətlər nümayiş etdirir. Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində qeyd edib ki, məhz neft və qaz resursları ilə zəngin ölkələr “yaşıl enerji”yə keçiddə ön sıralarda olmalıdır: “Bəli, düşünürəm ki, bu, bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr “yaşıl enerji”yə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik”.
Beləliklə, qlobal səviyyədə yeni yanaşmalar və innovativ həll yolları təklif edən Azərbaycan Respublikası COP29 zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq niyyətindədir. “Yaşıl transformasiya”, “yaşıl iqtisadiyyat”, “bərpaolunan enerji” kimi məsələlərdə dünyada aparıcı rola malik olan dövlətimizin Azərbaycan tarixində ilk dəfə belə yüksək iştiraklı və genişmiqyaslı, beynəlxalq ictimaiyyətin dəstəyi altında nüfuzlu tədbiri layiqincə keçirəcəyinə şübhə yoxdur. Çünki Azərbaycan ev sahibliyi etdiyi mötəbər tədbirlərdə sabitliyi, həmrəyliyi, əməkdaşlığı təşviq edir. Bu baxımdan, əminliklə demək olar ki, COP29 beynəlxalq konfransının da yüksək səviyyədə keçirilməsi ölkəmiz və xalqımızın növbəti mühüm zəfəri olacaq.
