"Uzun illər terrordan əziyyət çəkən Azərbaycan xalqının və dövlətinin bir nümayəndəsi olaraq "Grocus City Hall" konsert zalında insanlıq əleyhinə yönələn və günahsız insanların həyatına son qoyan bu dəhşətli terror aktını təəssüf hissi ilə qınayıram. Terroristin vətəni, milləti olmur. Bu, bir bəşəri cinayət, insanlığa sığmayan vəhşilikdir. Terrorizmə qarşı bütün dünya ölkələri birləşməli, birgə mübarizə aparmalıdır.
Şükürlər olsun ki, ölkəmiz 44 günlük Vətən müharibəsində və ardınca da 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində Ali Baş Komandanın "Dəmir Yumruğu" altında, müzəffər Ordumuzun gücü, qüdrəti sayəsində terrorçulardan təmizləndi, 30 ildən çox müddətdə əsarətdə qalan torpaqlarımız düsməndən azad edildi, sındırılan milli qürurumuz dirçəldi, ücrəngli bayrağımız kimi ucaldı. Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz qalib Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Xüsusi dövlət orqanlarımız, cəsur hərbçilərimiz, sərhədçilərimiz vətənimizin keşiyində hər an ayıq, sayıq dayanır və baş verə biləcək hər hansı terror hadisələrinin qarşısını anında almaq qüdrətindədirlər.
Bir daha Rusiyada baş verən məlum terror hadisəsini hiddətlə qınayır həlak olanlara Allahdan rəhmət, ailələrinə, yaxınlarına səbr, yaralılara acil şəfa diləyirəm. Bu dəhşətli cinayəti törədənlərin tezliklə layiqli cəlarını alacaqlarına isə şübhə etmirəm."
"Atributinfo.az"
