Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Builki - 60-cı Münxen Təhlükəsizlik Konfransına da Prezidentimizin dəvət olunması, yüksək səviyyədə qarşılanması, görüşlər üçün müraciətlərin çoxluğu onu deməyə əsas verir ki, İlham Əliyev cənabları dünya liderləri arasında özünəməxsus yer tutur. Artıq onun regiona gətirdiyi reallıqlar, dünyada sülh və təhlükəsizliyə verdiyi mühüm töhfələr, müəllifi olduğu layihələrin əhəmiyyəti mütərəqqi beynəlxalq qüvvələr tərəfindən aydın dərk edilir. Həmçinin keçirilən görüşlərin xüsusən qarşı tərəflərin istəyi ilə reallaşması ölkəmizə davamlı olaraq artan marağı göstərir. Çünki Azərbaycan bütün məsələlər üzrə etibarlı tərəfdaş, yerləşdiyi coğrafiyanın lideri, təşəbbüslərində, atdığı addımlarında isə səmimi və məsuliyyətlidir. Təbii ki, bu da əməkdaşlıqda önəmli faktorlardır”, - AHİK sədri qeyd edib.
Onun sözlərinə görə, dövlət rəsmilərinin, özəl sektor nümayəndələrinin Prezident İlham Əliyevlə görüşməyə can atması, müzakirələrin əsasən yeni reallıqlar fonunda aparılması, bu istiqamətdə münasibətlərin qurulmasına üstünlük verilməsi, təbii ki, Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan, ərazi bütövlüyünü, suverenliyini bərpa etməsini həzm edə bilməyən qüvvələri məyus etdi: “Göstərdi ki, Azərbaycan sıradan bir dövlət deyil, onunla heç bir halda təzyiq dili ilə danışmaq olmaz. Ölkəmiz ətrafında nə qədər çirkin planlar qursalar, böhtan xarakterli fikirlər ortaya atsalar da, onların hamısı əvvəlkilər kimi, fiaskoya uğrayacaq. Qarabağ münaqişəsi bitib, Azərbaycan bunu heç bir kənar qüvvənin dəstəyi olmadan aradan qaldırıb. Bu məsələyə Prezidentimiz ATƏT-in fəaliyyətdə olan sədri İan Borq və qurumun Baş katibi Helqa-Mariya Şmidlə görüşündə də toxundu. Artıq öz missiyasını vaxtında icra edə bilməyən Minsk qrupu kimi strukturlara ehtiyac qalmayıb, onlar tarixə qovuşub”.
