Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Ceymstaun Fondunu təmsilçisi cənab Metyu Brayza işğaldan azad edilmiş Azərbaycan ərazilərini nəzərdə tutaraq bildirdi ki, dünyanın heç bir yerində darmadağın edilmiş geniş bir ərazinin yenidən qurulduğu ikinci belə məkan yoxdur. Hətta bunu görünməmiş hal adlandırdı. Aydın olur ki, artıq hamı görülən işlərin fərqindədir. Həqiqətən də, Azərbaycan həmin ərazilərdə misli görünməmiş tikinti-quruculuq işləri aparır. Tamamilə dağıdılmış ərazilərdə yeni şəhərlər, qəsəbələr, kəndlər salmaq, özü də dağlıq ərazidə bütün bu işlərin öhdəsindən gəlmək, sözsüz ki, asan deyil. Lakin Azərbaycan sistemli və sürətli şəkildə ərazini yenidən qurur. Təbii ki, bu, dövlətimizin qüdrətini, iqtisadi gücünü göstərir. Görülən bütün işlərə şəxsən nəzarət edən Prezident İlham Əliyev 29 yaşayış məntəqəsinin təməlini qoyub. Ümumilikdə isə 63 müxtəlif təyinatlı obyektin açılışı olub. Bərpa işlərinə indiyədək büdcəsindən 7 milyard dollar həcmində vəsait sərf edilib. Gələn il isə bu məqsədlər üçün planlaşdırılan minimum büdcə 2,4 milyard dollar həcmində nəzərdə tutulub”, - Milli Məclisin deputatı bildirib.
AHİK sədri qeyd edib ki, həm Ermənistan iqtidarı, həm də müxalifəti Prezidentimizin çıxışından dərs götürməlidir: “Bilməlidirlər ki, onların işğal planları çoxdan məhv edilib, bu xəyallarla yaşamaq artıq əbəsdir. Çünki dəmir yumruq yerindədir. Qaşılarında onları məğlub etmiş qüdrətli Azərbaycan var. Odur ki, onlara mənasız havadarlıq edənlərin fitnələrinə uymasınlar, reallıq başqadır. Ümumilikdə dövlətimizin başçısı cənab İlham Əliyev forumda Azərbaycanın sülh səylərini, iqtisadi müstəqilliyini və inkişafını, regionun hərtərəfli tərəqqisinə mühüm töhfələr verən təşəbbüslərini və addımlarını, gələcək perspektivləri iştirakçıların diqqətinə çatdırmaqla ölkəmizin qüdrətini və dünya üçün əhəmiyyətini göstərdi”.
