Bu barədə "atributinfo.az"-a açiqlama verən deputat İqbal Məmmədov deyib:
-"Noyabrın 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitə sədri Tahir Mirkişili iclasın gündəliyinə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsinin (birinci oxunuş) daxil olduğunu deyib. O, sənədin ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edildiyini söyləyib.
Tahir Mirkişili bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə iclasda parlamentdə təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri də iştirak edirlər.
Komitə sədri qeyd edib ki, ölkənin 2024-cü il üçün dövlət və icmal büdcəsinin layihəsi və sonrakı 3 il üçün dövlət və icmal büdcənin parametrləri, orta müddətli dövr üçün makro-iqtisadi proqnoz göstəriciləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada Milli Məclisə daxil olub.
O, bütövlükdə 2023-cü ildə dünyada gedən mürəkkəb proseslər fonunda iqtisadi artımın mülayim templərlə davam etdiyini deyib. Bildirib ki, cari ildə Azərbaycanda Ümumi Daxili Məhsulun artım tempinin ilin sonuna qədər 1,9 faiz olması ilin əvvəlində baza ssenaridə təklif olunub. 2024-cü ildə ölkəmizdə artımın 2,4 faiz, neftin 1 barrelinin orta qiyməti büdcə layihəsində optimist ssenaridə 80 ABŞ dolları nəzərdə tutulub. Bu ilin sonuna inflyasiyanın ölkəmizdə 9,5 faiz, növbəti ildə 5,3 faiz olacağı planlaşdırılır.
Tahir Mirkişili 2023-cü ilin Azərbaycan dövləti və xalqı üçün əhəmiyyətli olduğunu deyib. O, bu il “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin irsinin, dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərin, Azərbaycanın gələcəyi ilə bağlı arzularının və onların həyata keçirilməsinin təbliği yönümdə bir çox tədbirlər keçirildiyi söyləyib. Komitə sədri bildirib ki, 2023-cü ildə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü qeyd olunub. 20 il ərzində ölkə iqtisadiyyatı 4 dəfədən çox, büdcə xərcləri 30 dəfədən çox artıb. Bu il həm də Azərbaycan bayrağının Xankəndində ucaldılması ilə yadda qalacaq."- Deputat deyib.
