Bu fikirləri Milli Məclisin payız sessiyasının bu gün-oktyabrın 2-də keçirilən ilk plenar iclasında "Rəqabət Məcəlləsinin təsdiqi haqqında" Qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı çıxış edərkən deputat Aydın Hüseynov səsləndirdi. O, əlavə etdi ki, biz komitə iclasında çox geniş müzakirə apardıq və orda müxtəlif fikirlər səsləndirildi. Həmin fikirlərə də istinadən nəhayət onu qeyd edə bilərik ki, qəbul olunan qanun layihəsi öz müsbət töhfəsini verəcək. Mən bir məsələyə də yenidən toxunmaq istərdim; bəzən rəqabət məcəlləsi ilə bağlı qanun layihəsinin uzun müddət müzakirə olunub və niyə indi qəbul olunması ilə bağlı fikirlər səslənir. Hesab edirəm ki, burda bayaq dedik, azad və sağlam rəqabət şəraitinin yaradılması yəni, indiyə qədər bu rəqabət Məcəlləsinin tətbiq olunması üçün azad bir münbit şərait yaradılmalı idi. Vergi qanunvericiliyində olan dəyişikliklər, yeniliklər, Gömrük sahəsindəki yumşaltmalar, korrupsiya elementlərinin aradan qaldırılması, kölgə iqtisadiyyatı ilə mübarizə, eyni zamanda, yeni düşüncə tərzində olan kadr potensialı, kadr islahatları, bütün bunlar kompleks şəkildə həll olunduqdan sonra bu qanunun tətbiq sahəsi daha münbit bir şəkildə özünü təzahür etdirir. Ona görə də mən hesab edirəm ki, yeni qanun layihəsi vaxtında təqdim olunur və öz effektin də verəcək:
"Digər bir məsələni də qeyd etmək istərdim. Əlbəttə, biz iqtisadi sahəni, sferanı əhatə edən qanun layihələrini müzakirə edərkən tez-tez digər ölkələrin təcrübələrinə istinad edirik. Hesab edirəm ki, bütün bunlar qanunumuzun mükəmməl şəkildə həyata keçməsini təmin etmək üçün səslələnilən fikirlərdir. Ancaq biz onu da qeyd etməliyik ki, Azərbaycanın özünün iqtisadi modeli formalaşıb və hər hansı bir ölkənin qanunvericiliyini bir başa öz iqtisadi sferamıza birbaşa tətbiq edə bilmərik çünki, iqtisadiyyat bir qədər fərqli kateqoriyadır. Onun laboratoriyası yoxdur ki, kolbada o reaksiyanı, təcrübəni aparasan və əgər effekt verməsə, növbəti gün başqa bir istiqamət götürəsən. İqtisadiyyatın hər bir qanunu (əgər tətbiq olunursa onun fəsadları varsa) uzun müddət çəkir. Ona görə də fikrimi bir daha sadə bir məntiq üzədində qurmaq istəyirəm.; Biz hər hansı bir ölkənin qanunvericiliyini əsas tutarkən, birinci növbədə nəzərə almalıyıq ki, qanunun iqtisadi tərəfləri ilə yanaşı, ideoloji tərəfləri də var. Biz öz iqtisadiyyatımızın formalaşmasını, eləcə də Azərbaycanın iqtisadi modelinin mükəmməl bir model olmağını dəfələrlə dilə gətirməliyik və digər ölkələrdəki təcrübə əgər bütün kateqoriyalar uyğun gələrsə, onu tətbiq etmək olar. Bu baxımdan bu qanunda başqa bir təzahürlərin də nə dərəcədə baş verəcəyini öyrənmək üçün qanunu təqdim edən hörmətli iqtisadiyyat nazirliyinin səlahiyyətli şəxslərinə bu sualla müraciət etmək istərdim; biz bu qanunu qəbul etdikdən sonra əmək bazarımıza necə təsir edəcək? Bazardakı böyük rəqabətə davamlı və yaxud da bazarda daha çox payı olan subyektlərlə bağlı hər hansı bir addımlar atdıqda, bu, iş yerlərinin azalmasına və yaxud da məşğulluğun hansı formada təmin olunmasına öz təsirini göstərəcəkmi? Hesab edirəm ki, bax, bu istiqamətdə tərəfimizdən hər hansı arqumentlər ortaya qoyulsa, qanunumuz daha mükəmməl olar."- Deputat dedi.
Bəradər Səməndərli
"Atributinfo.az"
