Bunu "atributinfo.az"-a açıqlamasında Milli Məclisin deputatı Əliabbas Salahzadə deyib. O, əlavə edib ki,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq bildirmişdir: “İki il bundan əvvəl uzun zaman davam edən işğaldan sonra azad edilmiş Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi - müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. Bu gün bu əlaqələr ən yüksək zirvədədir və biz indi bütün istiqamətlər üzrə əlaqələrimizin çox fəal dövrünü yaşayırıq”.
Əlbəttə ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı başladılmış antiterror tədbirləri ilə suverenlik və ərazi bütövlüyümüzün tam təmin olunmasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərinin Naxçıvana təsadüf etməsi də xüsusi bir siyasi mesaj sayıla bilər. Səfər çərçivəsində keçirilən görüşlərdə və çıxışda da bu mesajlar aydın şəkildə verildi:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, sentyabrın 19 isə suverenliyimizi tam bərpa etdik”.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılmışdır”.
Dövlət başçıları həmçinin İğdır-Naxçıvan qaz kəmərinin təməlini atıb, eləcə də Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər. Bundan başqa Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu imzalandı:
"Ölkə başçısı cənab İlham Əliyev səfər zamanı imzalanmış sənədlərin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcəyini bildirərək qeyd etmişdir: “İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək. 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilmişdir. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq”.
Göründüyü kimi əgər Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında hərbi-siyasi müttəfiqlik yaratmışdısa, bunun ardınca imzalanan sənədlər ortaq iqtisadi maraqların gerçəkləşməsinə xidmət edir. Naxçıvanla Qars arasında dəmir yol xəttinin çəkilişi də belə bir əhəmiyyətə malikdir. Bu dəmir yolunun istifadəyə verilməsi yalnız Naxçıvanın iqtisadi-sosial inkişafı üçün əhəmiyyətli deyil. Naxçıvandan Qarsa uzanan dəmir yol xətti bütövlükdə Şərq-Qərb arasında beynəlxalq logistik layihənin tərkib hissəsidir ki, bu da hər iki dövlətin regional iqtisadi mövqeyinin möhkəmlənməsinə müsbət təsir göstərəcək. Beləliklə, Türkiyə Prezidentinin səfəri Azərbaycan–Türkiyə müttəfiqliyinin möhkəmlənməsinə daha bir töhfə verməklə yanaşı, həm də Avrasiya geopolitik məkanında yeni düzənin əsasını qoyur."- Deputat deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
