Elgün İmanlı, Bakı şəhəri 32 saylı Notariat Ofisinin notariusu
Notariat fəaliyyətinin inkişafı müasir sosial və iqtisadi inkişaf şəraitində notariat institutunun əhəmiyyətini artırmışdır. Ölkəmizdə gedən inkişaf həm mülki münasibətlərin dairəsini genişləndirmiş, həm də mülki dövriyyənin sayını və əhəmiyyətini xeyli artırmışdır. Notariat fəaliyyəti üzrə aparılmış son dəyişikliklər və elektron-notariat sisteminin tətbiq edilməsi, aparılan notariat hərəkətlərinin keyfiyyətini artırmış, notariat sahəsində vətəndaşlara daha çevik və qüsursuz xidmət gəstərilməsinə imkan yaratmışdır.
Belə ki, elektron notariat sistemi vasitəsi ilə notariat fəaliyyəti bir sıra elektron-qeydiyyat sistemlərinə inteqrasiya olunmuş və bunun nəticəsində notariat hərəkətlərinin aparılması üçün tələb olunan məlumat və sənədlərin real vaxt rejimində elektron qaydada birbaşa əldə edilməsi və istifadə edilməsi təmin edilmişdir. Bu müsbət dəyişikliklər və ölkəmizdə aparılan genişmiqyaslı islahatlar nəticəsində notariusların icra qeydi aparmasının əhəmiyyəti hər gün daha çox artır. Bildirmək istəyirəm ki, icra qeydi mübahisəsiz borcla bağlı tələbkarın tələbinin müvafiq qeyd aparılmaqla təmin edilməsidir. İcra qeydi pul məbləğinin və ya hər hansı əmlakın tələbkarın xeyrinə borcludan tələb edilib alınması üçün notariusun verdiyi sərəncamdır. Yəni, icra qeydi məhkəmə qətnaməsinə bərabər hüquqi statusa malik olmaqla icra məmurları tərəfindən borcun tələb edilməsinə əsas verən icra sənədidir. Notariusun apardığı icra qeydi məhkəmə qərarı ilə eyni hüquqa malikdir, birbaşa icraya yönəlir və həmin icra sənədinin məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bununla əlaqədar icra məmurlarının tələbləri Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.
“Notariat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər.
Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Həmin siyahıya nəzər salsaq görərik ki, icra qeydlərinin aparılması demək olar ki, çox mühüm sahələri əhatə edir. Bunlardan hesablaşma və kredit münasibətlərindən irəli gələn borcun, işçilər əmək münasibətlərini pozduqda, onların müəssisəyə, idarəyə və təşkilata ödəmədikləri borcun, nisyə alınmış mallar üçün borcun və müamilənin, yüklərin daşınmasından əmələ gələn borcların, taranı vaxtında qaytarmamağa görə cərimənin, kirayə müqavilələri üzrə, habelə kommunal xidmətləri üçün borcun, müəlliflik hüququ ilə əlaqədar münasibətlərdən əmələ gələn borcun, uşaqları uşaq tərbiyə müəssisələrində saxlamağa görə valideynlərdən borcun alınması və s. göstərmək olar.
İcra qeydi aşağıdakı hallarda aparılır:
1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə;
2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə.
Borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.
İcra qeydləri öhdəliyin mübahisəsiz qaydada icra olunması üçün yaradılmış bir imkandır. Bu imkandan səmərəli şəkildə istifadə olunması mülki dövriyyənin hüquqi tənzimlənməsində səmərəli rol oynayır, fiziki və hüquqi şəxslərin hüquqlarının, həmçinin qanuni mənafelərinin təmin olunmasına yardım edir.
Ölkəmizin ictimai-iqtisadi həyatının zəruri sahələrində islahatlar davam edir, vətəndaşlarımızın rastlaşdıqları problemlər azalır, çətinliklər və maneələr aradan qaldırılır. Baş verən dəyişikliklər vətəndaşların hüquq və mənafelərinin daha etibarlı müdafiə olunmasını, eləcə də onlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsini təmin etmişdir.
