Bu barədə Milli Məclisin deputatı Məşhur Məmmədov "Atributinfo.az"-a açıqlama vermişdir:
"İclası açan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirdi ki, gündəliyə 4 məsələ daxil edilib. Bunlar “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş), “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş), “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş) və “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” (ikinci oxunuş) qanun layihələridir.
Həmkarlarımla 2023-cü ilin dövlət büdcəsinə təklif olunan dəyişikliklərlə bağlı öz fikir və qeydlərimizi səsləndirdik, təqdim olunan qanun layihələrini ümumilikdə müsbət dəyərləndirdik.
Maliyyə naziri Samir Şərifov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov deputatların qaldırdığı bir sıra məsələlərə aydınlıq gətirdilər.
İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov makro-iqtisadi göstəricilərlə bağlı bir sıra məqamlara toxundu.
Müzakirələrin sonunda gündəlikdəki qanun layihələri baxılmaq üçün Milli Məclisin iclasına tövsiyə olundu."- Deputat bildirmişdir.
Bəradər Səməndərli
"Atributinfo.az"
