Milli Məclisin deputati Məşhur Məmmədov iclasla bağlı "Atributinfo.az"-a açıqlama verib:
"İclası açan spiker Sahibə Qafarova bildirib ki, Milli Məclisin xüsusi iclası xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Sahibə Qafarova bu yubiley tədbirində iştirak edən xarici ölkələrin parlament sədrlərini və sədr müavinlərini, millət vəkillərini, beynəlxalq təşkilatların təmsilçilərini, diplomatları, bütün qonaqları Milli Məclisin adından səmimi salamlayaraq qeyd edib ki, xüsusi iclasda xarici ölkələrin 12 parlament sədri, 15 sədr müavini, 57 parlament üzvü, 4 beynəlxalq parlament təşkilatının, eləcə də xarici dövlətlərin diplomatik korpusunun təmsilçiləri iştirak edirlər. Spiker diqqətə çatdırıb ki, ümumiyyətlə, xarici ölkələrin 228 nəfər nümayəndəsi Bakıya təşrif buyurub, qonaqlarımızın təmsil etdikləri ölkələrin coğrafiyası dörd qitəni əhatə edir və bu gün iclasda hörmətli qonaqların ürək sözləri dinləniləcək.
Sonra Milli Məclisin xüsusi iclasında iştirak edən xarici ölkə parlamentləri sədrlərinin, parlamentlərin vitse-spikerlərinin, komitə sədrlərinin, parlamentlərarası dostluq qrupları rəhbərlərinin, beynəlxalq təşkilatların başçılarının çıxışları dinlənilib.
Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasına yekun vuran parlamentin sədri Sahibə Qafarova bildirib ki, Böyük siyasi və dövlət xadimi Heydər Əliyev bütün xalqlara və ölkələrə böyük ehtiramla yanaşırdı və Azərbaycanın dostlarının sayının çox olmasına çalışırdı. Çünki bilirdi ki, dövlət öz dostları və tərəfdaşları ilə güclüdür.
Milli Məclisin spikeri bu gün burada iştirak edən dostlara bir daha öz minnətdarlığını bildirib. Azərbaycan xalqının Ümummilli Liderinin 100 illik yubileyini onlarla birlikdə qeyd etməyin çox xoş olduğunu söyləyib.
Sahibə Qafarova vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan naminə yorulmaz fəaliyyəti ilə hələ sağlığında xalqımızın dərin hörmət və məhəbbətini qazanaraq onun qəlbində özünə möhtəşəm abidə ucaltmışdır. Onun ideyaları bugünkü və gələcək nəsillərin əməllərində yaşayır və daim yaşayacaqdır. Nə qədər ki Azərbaycan var, Heydər Əliyev də var olacaqdır."- Deputat dedi.
Bəradər Səməndərli
"Atributinfo.az"
