Ümummilli Lider həyatının sonuna qədər andına sadiq çıxdı. Ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi.
Heydər Əliyev 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail olmaqla, bugünkü qüdrətli ordumuzun formalaşmasına əvəzsiz töhfə vermiş oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına yol açdı. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə hərbi sahədə mühüm irəliləyişlər əldə olundu. 1994-cü ilin may ayının 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs əldə olunduqdan dərhal sonra Azərbaycan Milli Ordusunun formalaşdırılmasına start verildi. Ordu quruculuğu işinə hər zaman böyük həssaslıq və xüsusi diqqətlə yanaşan Ulu Öndər 1998-ci il may ayının 22-də Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün – 26 iyun tarixinin Azərbaycanda Silahlı Qüvvələr Günü elan olunması barədə Sərəncam imzaladı. Mərhum Prezidentimizin qeyd etdiyi kimi, “Vətəndaş” sözü böyük sözdür, müqəddəs sözdür. “Vətəndaş” sözü o deməkdir ki, hər bir vətəndaş öz Vətəninə sadiq olmalıdır, onu göz bəbəyi kimi qorumalıdır və Vətəninin uğrunda, torpağının uğrunda, anasının, atasının müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır.
Ulu Öndər Heydər Əliyev Azərbaycanda siyasi sistemin gücləndirilməsi, siyasi partiyalar üçün münbit şəraitin yaradılması istiqamətində xeyli mütərəqqi işlərə imza atdı. Ulu öndərin təşəbbüsü ilə yaradılan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində Qafqazın ən böyük siyasi institutu oldu.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti 2003-cü ildən layiqincə davam etdirən Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar möhtərəm dövlət başçımızın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi tarixi Qələbənin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu gün Ulu Öndərin görmək istədiyi güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan Heydər Əliyev irsi əsasında inkişaf yolunda inamlı addımlarla irəliləyir.
/atributinfo.az/
