Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, festivalda alqışlarlarla müşayiət olunan Prezident İlham Əliyevin çıxışı yaddaqalan oldu: “Dövlətimizin başçısı bir daha bəyan etdi ki, qardaş ölkələrimiz hər zaman birlikdədir, həmrəydir. Prezidentimiz 44 günlük Vətən müharibəsində Türkiyənin mənəvi-siyasi dəstəyinə toxundu. Həqiqətən də, qardaş ölkə ilk gündən bizimlə birlikdə oldu, cənab Rəcəb Tayyib Ədoğan “Azərbaycan tək deyil” deməklə hər kəsə öz yerini göstərdi. Təbii ki, bu mənəvi dəstək ölkəmizin gücünə əlavə güc qatdı. Əminliklə deyə bilər ki, Türkiyə qardaşlıq borcunu ləyaqətlə yerinə yetirdi, sonadək Azərbaycanı dəstəkləməsi hər bir azərbaycanlını qürurlandırdı. Cənab Rəcəb Tayyib Ərdoğan həmçinin Zəfər paradında iştirak etməklə qələbəmizi daha da şərəfləndirdi. Hazırda Azərbaycan və Türkiyənin müttəfiqliyi Şuşa bəyannaməsi ilə özünün ən yüksək zirvəsindədir. İctimai həyatımızın vacib məsələlərini özündə ehtiva edən bəyannamə tarixi önəm daşımaqla ikitərəfli münasibətlərin keyfiyyətcə yeni inkişaf mərhələsini müəyyənləşdirir və bütün müstəvilərdə davamlı inkişafı təmin edir. Həmçinin Bəyannamə müttəfiqliyin geostrateji əhəmiyyətini daha da artırır”.
“Cənab İlham Əliyev çıxışında eləcə də son 20 ildə Türkiyənin keçdiyi yolu şərəfli yol adlandırdı. Bu gün Türkiyənin nə qədər güclü dövlət olduğu hamıya bəllidir. Dünyada böyük söz sahibidir, iqtisadiyyatı günü-gündən inkişaf edir, sənayesi genişlənir, hərbi gücü də, təbii ki, müzakirəedilməzdir. Son zamanlar hərbi sənayesinin artması qardaş ölkənin müdafiə imkanlarını əlavə olaraq möhkəmləndirib. Türkiyə hər zaman haqqın, ədalətin yanında olub, onun bütün səyləri dünyada sülh və təhlükəsizlik naminədir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, cənab Rəcəb Tayyib Ərdoğanın Türk dövlətlərinin biri-birinə yaxınlaşmasında, həmrəyliyində, təşkilatlanmasında, birləşdikləri Türk Dövlətləri Təşkilatının fəaliyyətinin genişlənməsində, nüfuzunun və sıralarının artmasında da böyük xidmətləri var. Bir sözlə, qardaş ölkə öz lideri cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə daha parlaq gələcəyə doğru inamla irəliləyir”, - Milli Məclisin deputatı bildirib.
“TEKNOFEST” çərçivəsində o cümlədən Azərbaycanın zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməlinin qoyulması mərasimi baş tutdu. Yeri gəlmişkən, Türkiyədə baş verən dağıdıcı zəlzələnin ilk günündən Azərbaycan öz həmrəyliyini nümayiş etdirdi. Dövlətimizin başçısı cənab İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərdi, ardınca telefonla zəng edərək ölkəmizin Türkiyənin dərdinə şərik olduğunu bildirdi, həmçinin qardaş ölkənin səfirliyində oldu. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da rəsmi instaqram səhifəsində Türkiyə xalqına güc və səbr dilədi. Bütövlükdə xalqımız həmrəylik göstərdi, ölkəmizdən zəlzələ bölgəsinə yardımlar yola salındı. Hazırda Azərbaycan tərəfindən Kahramanmaraşda yaşayış kompleksinin salınması bu dəstəyin davamı və qardaşlıq nümunəsidir”, - AHİK sədri qeyd edib.
Səttar Möhbalıyev əminliklə ifadə edib ki, Azərbaycan və Türkiyənin nailiyyətləri hər iki ölkə liderlərinin müdrik rəhbərliyi ilə bundan sonra da uğurla davam edəcək.
