Sizin reklam burada
Sizin reklam burada
  • 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsini Azərbaycan xalqı böyük rəğbət və ruh yüksəkliyi ilə qarşılayır

    Nizami Quliyev,
    Bakı şəhəri 19 saylı Notariat Ofisinin notariusu

    Hər bir xalqın tarixində bütün dövrlərdə onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevdir. Hazırda Azərbaycan Respublikasının vətəndaşları, bütün dünya azərbaycanlıları və türk dilli xalqlar müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ilini böyük həyəcan və sevinclə qarşılamağa hazırlaşır.
    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaqdır. Çünki Ulu öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olmuşdur. Məhz Heydər Əliyevin həyat və yaradıcılıq yoluna nəzər saldıqda Ulu öndərin fəaliyyətinin ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq. Ona görə də Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını heç vaxt itirməyən qlobal məsələdir. Heydər Əliyevi fərqləndirən başlıca xüsusiyyətlər işlədiyi vəzifənin kiçikliyi və ya böyüklüyündən asılı olmayaraq yüksək əzmkarlığı hesabına məşğul olduğu problemi dərindən mənimsəməsi, özünə və ətrafındakılara qarşı tələbkarlığı, reallığı əks etdirən prinsipial mövqe tutması, üzərinə düşən vəzifəni maksimum səviyyədə uğurlu nəticə ilə yerinə yetirməsi olmuşdur. Bax, bu xüsusiyyətinə görə Ulu öndər həmişə vəzifə pillələrində yüksəlmiş, dövlət təhlükəsizliyi xidmətinin leytenantı rütbəsindən general mayoru rütbəsinə və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə yüksəlmişdir. Komitədə işlədiyi dövrdə kəşfiyyat və əkskəşfiyyat məsələlərinə dair ən çətin tapşırıqları Heydər Əliyev lazımi səviyyədə yüksək peşəkarlıqla icra edirdi.
    Bildiyimiz kimi, Heydər Əliyev 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi kimi Azərbaycan Respublikasına rəhbərliyə başlamışdır. O, fəaliyyətə başladığı ilk gündən xalqına bağlı olduğunu, respublikanın və onun bölgələrinin sosial-iqtisadi inkişafına nail olmaq üçün böyük həvəs və inadkarlıqla çalışdığını və əhalinin rifahının yaxşılaşmasına xüsusi önəm verməsini əyani surətdə göstərdi. Bunun nəticəsində Azərbaycan Respublikası SSRİ məkanında geridə qalmış kənd təsərrüfatı diyarından inkişaf etmiş qüdrətli sənaye və aqrar potensiala malik bir respublikaya çevrildi. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə əldə etdiyi yüksək nailiyyətlər onun SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri kimi fəaliyyət göstərməsinə zəmin yaratdı. Bu fəaliyyəti dövründə Heydər Əliyevin çox geniş əhatəli çətin problemləri və irimiqyaslı layihələri (Baykal - Amur Magistralı və s.) yüksək səviyyədə həll etmək bacarığını əyani olaraq göstərdi və dövrünün ən nüfuzlu dünya siyasətçiləri ilə bir sırada durmasını təmin etdi.
    İndi siyasi baxışlarından asılı olmayaraq mütləq əksəriyyət etiraf edir ki, respublikamızın müstəqilliyinin ilk illərində üzləşdiyi problemlərin həlli məhz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu fenomen şəxsiyyətin Azərbaycanın idarəçilik sükanı arxasına keçməsi, çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərməsi xalqımızı vətəndaş müharibəsindən, ən əsası, müstəqilliyimizin və dövlətimizin itirilməsi təhlükəsindən qurtardı. Nəticə etibarilə bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratdı. Heydər Əliyev Azərbaycanın taleyinin sınağa çəkildiyi zamanlarda xilaskarlıqdan başlamış, müstəqil dövlətimizin yaradılması kimi şərəfli missiyanı uğurla, uzaqgörənliklə, müdrikliklə yerinə yetirdi. Məhz buna görə həmin dövrdə respublikamızın bütün guşələrindən qədirbilən xalqımız öz istək və arzularını bildirərək 15 iyunun qurtuluş günü kimi bayram edilməsinə nail oldu.
    Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladığı ilk günlərdən Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində separatçı ermənilər tərəfindən başlanmış Ermənistan- Azərbaycan müharibəsində 1994-cü il mayın 12-də atəşkəsə nail olundu. Bundan sonra ölkədə siyasi və iqtisadi sabitlik bərqərar oldu, siyasi sistemin təkmilləşməsi istiqamətində möhkəm addımlar atıldı və 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul olundu. Onun rəhbərliyi ilə həyata keçirilən düşünülmüş tədbirlər nəticəsində əvvəlki iqtidarların dövründən başlayan sosial-iqtisadi tənəzzülün qarşısı alındı və 1996-cı ildən inkişaf başladı. Təbii ki, bütün bunlar elə də asan başa gəlmədi. Azərbaycanın inkişafını, Heydər Əliyevin hakimiyyətdə olmasını istəməyən bəzi daxili və xarici antiazərbaycan qüvvələr 1994 və 1995-ci illərdə dövlət çevrilişinə cəhdlər etmiş, terror aktları törətmək istəmişlər. Lakin Azərbaycan dövlətinin və xalqının, onun liderinin əleyhinə yönəlmiş bu qanunazidd hərəkətlərin və separatizm əməllərinin qarşısı Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti sayəsində vaxtında və yüksək peşəkarlıqla alındı.
    Siyasi sabitlik əldə edildikdən və tərəfdaş ölkələrlə əlverişli əlaqələr qurulduqdan sonra ölkə iqtisadiyyatının inkişafı ilə bağlı çox ciddi islahatlara start verildi. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəyini müəyyənləşdirən neft strategiyası işlənib hazırlandı və həyata keçirilməyə başlandı. Ciddi təzyiqlərə, bəzi böyük dövlətlərin etirazlarına baxmayaraq Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsi ilə bağlı “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanın enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün Bakı- Tbilisi- Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin tikintisinə başlandı. Bütün bunlar ümummilli liderin özünün dediyi kimi Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasını təmin edən mühüm addımlar idi.
    Görkəmli dövlət xadimi olan Heydər Əliyev respublikamıza ikinci rəhbərliyi dövründə ölkəmizdə baş qaldırmış qardaş qırğınının tezliklə qarşısını aldı, Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq müasir Azərbaycan dövlətinin qurucusu olduğunu sübut etdi. Heydər Əliyev ikinci dəfə müstəqillik əldə edən Azərbaycanı nəinki qoruyub saxladı, həm də ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmaqla onun dünyanın qabaqcıl ölkələri sırasına çıxmağını təmin etdi. Azərbaycan xalqı və Azərbaycan dövləti qarşısında misilsiz xidmətləri olan Heydər Əliyev sözün əsl mənasında dahi şəxsiyyət olduğunu sübut etdi. Qədirbilən xalqımız isə Ulu öndəri özünün Ümummilli lideri elan edərək onunla daim fəxr etdiyini bildirir.
    Heydər Əliyevin Azərbaycan xalqına və dövlətçiliyinə bütün ömrü boyu şərəflə xidmət etməsi həm də onunla təsdiq olunur ki, bu dahi şəxsiyyət 2003-cü ildə Azərbaycanda Prezident seçkiləri ilə əlaqədar xalqa müraciətində özünün uzun illər formalaşdırdığı möhtəşəm siyasi kursu uğurla davam etdirə biləcək ünvanı dəqiq göstərməsidir. Həmin müraciətdə deyilir: "Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
    Ulu öndərin bu tarixi müraciətindən keçən on doqquz il onun dediklərinin yüksək dərəcədə həqiqət olduğunu bir daha göstərdi. Ötən dövr ərzində dörd dəfə Azərbaycan xalqının əksəriyyətinin böyük dəstəyini qazanaraq Prezident seçilən İlham Əliyev Ümummilli liderin layiqli varisi olduğunu və Azərbaycan Respublikasını gündən-günə daha yaxşı gələcəyə apardığını sübut etdi.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət və dərin islahatlar nəticəsində əldə edilən çoxsaylı uğurlar sırasında ən uca zirvədə isə 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixinə kimi davam edən 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan ordusunun Ermənistan üzərində qazandığı parlaq qələbə dayanır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu qələbə Azərbaycan dövlətçilik və müharibə tarixinə qızıl hərflərlə yazıldı. Çünki, bu qələbə ölkəmizin ərazi bütövlüyünü təmin etdi, Ermənistanın uzun sürən işğalçılıq siyasətinə son qoydu və Azərbaycan Respublikası vətəndaşlarının və dünya azərbaycanlılarının əyilməz qürurunu özünə qaytardı.
    Ümummilli liderin Azərbaycan xalqı və dövlətinin gələcək inkişafı naminə irəli sürdüyü ideyaları bu gün yaşayır və zəfər çalır. Biz ürəkdən inanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Heydər Əliyev ideyalarına uyğun olaraq gündən-günə inkişaf edən, böyük iqtisadi potensiala malik və demokratik bir ölkə kimi öz suverenliyini və liderliyini daim saxlayacaqdır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ