Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, müzakirə predmeti beynəlxalq təhlükəsizlik olan ənənəvi Münxhen Təhlükəsizlik Konfransının 59-cu görüşü də ölkəmiz üçün əlamətdar oldu: “Bu platformada dünyanı narahat edən ən vacib problemlər gündəliyə çıxarılır və gəlinən qənaətin proseslərə təsiri böyükdür. Budəfəki mövzular da dünya üçün, o cümlədən ölkəmiz üçün aktual idi. Belə ki, enerji təhlükəsizliyi, "yaşıl enerji", Cənubi Qafqazda təhlükəsizlik məsələlərində ölkəmizin rolu çox yüksəkdir. Münxen Təhlükəsizlik Konfransında iştirak edən Prezident İlham Əliyev bir sıra vacib görüşlər keçirdi, dəyirmi masada, plenar iclasda iştirak etdi. Öncə onu deyim ki, dövlətimizin başçısı keçirdiyi görüşlərdə ölkəmizin iqtisadi qüdrətinə, enerji potensialına, xarici sərmayədarlar üçün önəminə, logistika və nəqliyyat imkanlarına diqqət çəkdi. Eləcə də keçirilən dəyirmi masada enerji təhlükəsizliyi ilə bağlı qiymətli fikirlər səsləndirdi, bu sahədə ölkəmizin rolunu bir daha ifadə etdi, qarşıdakı hədəfləri səsləndirdi. Azərbaycan 2027-ci ilədək TAP-la qaz nəqlini 20 milyard kubmetrə, TANAP-la isə 31 milyard kubmetrə çatdırılması niyyətindədir. Görürük ki, Azərbaycan Avropaya qaz ixracının artırılması istiqamətində səylə çalışır, hazırda regionda bu istiqamətdə yaşanan böhranın aradan qaldırılmasına mühüm töhfələr veririr”.
“Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda Prezident İlham Əliyev dövlət maraqlarına söykənərək sərrast nitqi, dəmir məntiqi, tutarlı arqumentləri ilə məsələlərə münasibət bildirdi, Azərbaycanın sülhsevər mövqeyini ortaya qoydu. Təbii ki, Azərbaycan uzun illərdir Cənubi Qafqazda sülh və sabitlik, əməkdaşlıq naminə çalışır və bütün səyləri buna əsaslanır. Vətən müharibəsinin nəticələri regionda əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Dövlətimizin başçısı hələ də “Dağlıq Qarabağ” ifadəsini işlədən şəxslərə dəqiq cavab verdi. Bu, həqiqətdir ki, “Dağlıq Qarabağ” adını axtaranlar tarixə baş vursunlar, bu gün isə Azərbaycanda belə bir ərazi yoxdur. Prezidentimiz həmçinin Qarabağda yaşayan ermənilərin blokada şəraitində olması ilə bağlı əsasız iddialara da münasibət bildirdi, əsl həqiqəti iştirakçıların diqqətinə çatdırdı. Məlumdur ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimiz qeyri-qanuni istismar edilir, həmin ərazilərdə ekoloji vəziyyət pisləşib. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri və ekoloqlar bu səbəbdən Şuşa-Laçın yolunda humanitar əsaslarla etiraz aksiyası keçirirlər. Rusiya sülhməramlılarının humanitar yükləri, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri, həmçinin Qarabağda yaşayan ermənilər, o cümlədən uşaqlar və xəstələr ərazidən sərbəst keçə bilirlər. Sözsüz ki, bununla bağlı qarşı tərəfin səsləndirdiyi fikirlər yalnız uydurmadır”, - Milli Məclisin deputatı deyib.
S.Möhbalıyev əlavə edib ki, Münxen Təhlükəsizlik Konfransında beynəlxalq ictimaiyyət Azərbaycanın dünya üçün vacib ölkə olduğunu, ədalətli yanaşmalarını, sülh və təhlükəsizlik naminə səylərini gördü və bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın növbəti diplomatik nailiyyətdir.
