Heydər Əliyevin adı Azərbaycanın çoxəsrlik tarixinə azərbaycançılığın banisi və dövlətçiliyin yaradıcısı kimi qızıl hərflərlə yazılıb. Heydər Əliyevin adı 1969-cu il iyulun 14-dən rəhbərlik etməyə başladığı Azərbaycanın əldə etdiyi bütün sosial, iqtisadi və siyasi uğurlarla birgə çəkilir... Bu məsələyə daha geniş kontekstdən yanaşsaq, əmin olarıq ki, Heydər Əliyev Azərbaycan xalqının 40 ilə yaxın dövrü əhatə edən tarixinin simvoludur. Bəs təkcə Azərbaycan xalqınınmı? Heydər Əliyev şəxsiyyəti, xarizması, təsir gücü, aurası Azərbaycanın sərhədləri ilə məhdudlaşırmı? Onun çoxşaxəli fəaliyyətinə nəzər yetirsək, bu suallara qətiyyətlə "yox" deyərik. Heydər Əliyev dünya miqyasında qlobal işlərə, ideyalara, layihələrə imza atmış böyük şəxsiyyətdir. O, SSRİ-nin ən yüksək çəkili siyasətçisi olmuşdur.
Heydər Əliyev SSRİ kimi nəhəng bir ölkənin çox mühüm strateji sahələrinə rəhbərlik etmişdi. Buraya sosialist düşərgəsi ölkələri ilə əlaqələr, Yaxın Şərq problemlərinin həlli məsələləri, Uzaq Şərq, Mərkəzi və Cənub-Şərqi Asiya, Latın Amerikası ölkələri ilə xarici siyasət əlaqələri kimi geniş spektrli problemlərin idarə edilməsi, ağır və yüngül sənaye, dəmir yolu, nəqliyyat, tikinti, səhiyyə, təhsil, gənclərlə iş kimi mühüm sosial-iqtisadi sahələrin bilavasitə nəzarəti və idarə edilməsi problemləri daxil idi.
Bəzən tədqiqatçılar belə bir suala cavab axtarırlar: müstəqillik elan olunana qədər Heydər Əliyevin fəaliyyəti Azərbaycana və azərbaycanlılara nə verdi? Cavab sadədir: Heydər Əliyev Azərbaycana və azərbaycanlılara o zaman gözləniləndən daha çoxunu verdi.
Heydər Əliyev 1982-ci il noyabrın 22-də Siyasi Büronun üzvü seçilənədək, həmin il noyabrın 24-də isə Nazirlər Soveti sədrinin birinci müavini təyin olunana qədər Azərbaycan SSR-ə 14 ilə yaxın rəhbərlik etmişdir. Bu illər ərzində Azərbaycan çox sürətlə inkişaf etdi və SSRİ-nin heç bir subsidiya almayan ilk respublikasına çevrildi. Məhz onun titanik əməyi, qeyri-adi bacarığı, lider və təşkilatçılıq istedadı sayəsində Azərbaycan keçmiş SSRİ-nin ən nüfuzlu subyektinə çevrilmişdir.
Ulu Öndər Azərbaycan SSR-in rəhbəri kimi milli kadrların hazırlanmasına böyük diqqət yetirirdi. Məhz onun təşəbbüsü ilə azərbaycanlı gənclər SSRİ-nin ən məşhur ali təhsil ocaqlarına oxumağa gedirdilər. Moskva, Leninqrad, Kiyev və Minskdəki ali təhsil ocaqlarında Azərbaycanın gələcəyi naminə çox nadir ixtisaslar üzrə milli kadrların hazırlanması Heydər Əliyevin şəxsi xidmətləri idi. 1969-1982-ci illərdə on mindən çox azərbaycanlı bu universitetlərdə müəyyən edilmiş kvotadan kənar təhsil alırdı. 1978-ci il iyunun 21-də Azərbaycan KP MK-də keçirilən müşavirədə qəbul edilmiş qərarla 760 nəfərdən çox adam Azərbaycanın xalq təsərrüfatı üçün vacib olan 244 ixtisas üzrə təhsil almaq üçün müsabiqədənkənar qəbul qaydası ilə Moskva, Leninqrad və digər şəhərlərin ali məktəblərinə göndərilmişdir. Onlar vətənə qayıdandan sonra Azərbaycanın inkişafı üçün çox işlər görmüş və indi də görürlər. Onlar Rusiya, Ukrayna, Belarus və digər ölkələrdə Azərbaycan diasporunun fəal üzvləridirlər. Heydər Əliyev bu gənclərin Azərbaycanın gələcəyi olduğuna inanırdı və onların təhsili, məişət problemləri ilə şəxsən maraqlanırdı.
Hər kəsə məlumdur ki, Azərbaycanın İkinci Dünya müharibəsindəki rolu öz layiqli qiymətini almayıb. Heydər Əliyev bu istiqamətdə bir sıra qətiyyətli addımlar atmağa və bunda Azərbaycanın böyük rolunun tarixə yazılmasına nail oldu. 1980-ci ildə Taqanroq şəhərində 416-cı Taqanroq diviziyasına xatirə abidəsi ucaldıldı. Təbii ki, Heydər Əliyevin təşəbbüsü və qətiyyəti sayəsində. O, bu abidənin açılışında şəxsən iştirak etdi. Bununla da o, lazımi qüvvələrə müvafiq mesajlarını verdi.
Heydər Əliyev SSRİ Ali Sovetinin Azərbaycandan seçilmiş deputatlarının sayına və səviyyəsinə də böyük diqqət yetirirdi. O, Azərbaycanın böyük deputat korpusu ilə təmsil olunmasını təmin etmişdi. O, deputatların tərkibinin keyfiyyətcə yüksəldilməsinə də böyük önəm verirdi. Bu, ona gətirib çıxardı ki, azərbaycanlılar SSRİ-də böyük hörmət qazanmağa başladılar, xalqımızın real gücünü və potensialını üzə çıxardılar. Bütün bunlar Heydər Əliyev dühasının və qətiyyətinin nəticəsi idi.
SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsini daşıyarkən Heydər Əliyev 12 nazirliyə və onlarca qurumlara, o cümlədən maşınqayırma, tikinti, nəqliyyat, təhsil, səhiyyə, ticarət, yüngül sənaye kimi mühüm sahələrə rəhbərlik etmişdir. Onun Moskvadakı beşillik fəaliyyəti o qədər geniş və çoxşaxəlidir ki, bu, çoxlu dissertasiya və elmi tədqiqatların mövzusudur.
Heydər Əliyev sözün əsl mənasında bütün sovet vətəndaşlarının həyatına daxil olmuşdu. Odur ki, onların yaddaşında sovet dövrünün ən enerjili və qətiyyətli rəhbərlərindən biri kimi qaldı. Heydər Əliyev Yaponiya, Vyetnam, Hindistan, Anqola, Meksika, Efiopiya, Yəmən, Macarıstan, Nikaraqua, Laos, Kuba, Yuqoslaviya, Şərqi Almaniya, Polşa və Bolqarıstanın rəhbərləri ilə görüşəndə, xaricdə danışıqlar aparanda, Moskvada gəncliyin, sovet xalqının problemlərinə dair çıxış edəndə (31 yanvar 1985-ci il) qarşısındakılar təəccüblənirdilər: diplomatdır, yoxsa sosioloq? Onun SSRİ-də təhsil islahatı ilə bağlı çıxışını (11-12 aprel 1984-cü il) diqqətlə dinləyənlər yəqin ki, onu pedaqogika sahəsinin professoru da hesab edirdilər.
Heydər Əliyev səhiyyənin vəziyyəti, onun inkişaf perspektivləri haqqında nitq söyləyəndə hamı onun tibb üzrə mütəxəssis olduğunu düşünürdü. O, 1984-cü ilin iyununda Baykal-Amur Magistralına, 1985-ci ilin noyabrında isə Kurqan səfərindən sonra çıxış edəndə onu dinləyənlər bu böyük şəxsiyyətin ya mühəndis, ya nəqliyyat işçisi, ya da dəmiryolçu olduğunu düşünürdülər.
Bir sözlə, Heydər Əliyev öz məharəti, dərin biliyi, zəkası, iti yaddaşı, qeyri-adi istedadı, dəmir məntiqi, yenilməz iradəsi ilə bütün sovet xalqının sevimlisinə, kumirinə və əsl liderinə çevrilmişdi. Heydər Əliyev Altay diyarından RSFSR Ali Sovetinə deputat seçilmişdi. Bu, Heydər Əliyevə ümumbəşəri məhəbbətin ifadəsi idi. Onun Barnaulda seçicilərlə görüşünü indi də xalq xatırlayır. Heydər Əliyev ona görə sevilirdi ki, o, özü də sadə xalqı, onun dəyərlərini sevirdi, bütün qəlbi ilə Azərbaycana bağlı idi.
Yəqin ki, yaşlı nəsil 20 Yanvar hadisələri ilə əlaqədar Heydər Əliyevin Sov.İKP üzvlüyündən çıxması barədə bəyanatını yaxşı xatırlayır. Bəli, Heydər Əliyev 1945-ci ildən üzvü olduğu, 46 il xalqa, Vətənə xidmət etdiyi partiyadan istefa verdi. Hər şeydən qorxan, mövqeyini gizlədən çoxlarından fərqli olaraq Heydər Əliyev bu addımı atdı və yenə də Azərbaycan adına, xalqını sevdiyinə görə etdi.
Ötən əsrin 80-ci illərində "Literaturnaya qazeta"nın müxbirinin suallarını cavablandırarkən Heydər Əliyev bunları qeyd etmişdi: "Əksər hallarda prinsipial, vicdanlı kadrlar irəli çəkilə bilmirdilər. Ayrı-ayrı universitet professorları və rəhbər işçiləri övladlarını "valideyn" ixtisasları üzrə ali məktəblərə yerləşdirmək istəyəndə belə bir hadisə ilə də rastlaşdıq. Biz bu cür hərəkətləri məhdudlaşdırmalı olduq, lakin dövlət universitetinin hüquq fakültəsinə inzibati orqanlarda çalışan işçilərin uşaqlarının qəbulu tamamilə qadağan edildi. Öz övladlarını, nəvələrini, qohumlarını kafedrasında, laboratoriyasında, institutunda yerləşdirən, onlara dissertasiyalar hazırlamağa, elmi pilləkənləri irəliləməyə güzəştli şərait yaradan professorları, hətta akademikləri necə ziyalı adlandırmaq olar? Hüquq fakültəsinə gəlincə, burada da qərarımız qeyri-sağlam tendensiya ilə bağlı idi. Müəyyən etdik ki, bu fakültədə təhsil alan tələbələrin böyük əksəriyyəti polis, prokuror, məhkəmə, hüquq idarələrində, partiya və sovet orqanlarında işləyənlərin övladlarıdır. Bizi mövcud vəziyyət, bir çox hallarda sui-istifadə halları, ən çox da zərərli nəticələr, inzibati orqanlarda hansısa qohumbazlığın və "irsiyyət"in yaranması təhlükəsi narahat edirdi".
Hələ bu müsahibədən xeyli əvvəl, 1978-ci il iyunun 21-də Azərbaycan KP MK-də keçirilən müşavirədə Heydər Əliyev artıq bu məsələnin bünövrəsini qoymuşdu ("Kommunist" qəzeti, 23 iyun 1978-ci il). O, öz çıxışında qeyd etmişdi ki, qəbul imtahanlarında gərək maksimum obyektivlik təmin edilsin, abituriyentlərə əlverişli şərait yaradılsın. Axı müsabiqə yolu ilə tələbə seçmək çətin, ciddi sınaqdır. Buna görə də hər bir oğlan və qıza maksimum diqqət və xeyirxahlıqla yanaşılmalıdır.
O dövrdə "Qoy ədalət zəfər çalsın!" şüarı respublikanın bütün ərazisində geniş əks-sədaya səbəb olmuşdu. Açığı desək, bir çoxumuz bu mübarizənin effektiv olacağına o qədər də inanmırdıq, çünki nəqliyyat müəssisəsində işləyə-işləyə, gecə-gündüz imtahanlara hazırlaşaraq dəfələrlə S.M.Kirov adına Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin əyani, qiyabi şöbələrinə sənəd vermişdim, gah "bal"ım çatmırdı, gah da müxtəlif bəhanələr gətirilərək konkursa düşürdüm. Heydər Əliyevin bu çıxışı mənim kimi yüzlərlə gəncin uzun müddət ürəyində qalmış arzularını reallığa çevirdi. Nəhayət ki, 1978-ci ildə qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin əyani şöbəsinə qəbul oldum. Bu, mənim kimi fəhlə balaları üçün əlçatmaz arzu idi. Mənə yaxın olan insanlar, dostlar, qohumlar zarafatla inqilabi nailiyyət əldə, etməyimlə fəxr edirdilər, daha doğrusu, qəbul olmağıma şübhə ilə yanaşırdılar. Əslində, bu, Heydər Əliyevin mənə bəxş etdiyi bir hədiyyə idi. Mən bu dahi insanın qayğısını öz üzərimdə hiss etdim və buna görə onun ruhuna ömrümün axırına kimi minnətdaram.
Bu fikirlərim də Ulu Öndərimizə - XX əsrin ən böyük azərbaycanlısına böyük məhəbbətlə yazılmışdır. Məqsədim Heydər Əliyev fenomeninin bəzi xüsusiyyətlərini diqqətə çatdırmaq, Ulu Öndərin şəxsiyyətinin müəyyən zaman və məkana sığmadığını göstərmək istəyindən irəli gəlir.
Eldar ƏSGƏROV
