Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanda idman prioritet sahələrdəndi

    Müşfiq Məmmədli
    Milli Məclisin deputatı

    Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin yanvarın 9-da ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışında səsləndirdiyi fikirləri bir aksiom tələbi kimi qəbul etmək olar. Bu çıxışında cənab Prezident Azərbaycan idmanının uğurlarını şərtləndirən əsas amiləri göstərmiş, bu istiqamətdə dövlət siyasətinin xüsusi rolunu qeyd etmiş, əldə olunan nəticələrin mühüm statistik göstəricilərini sadalamış, ölkəmizdə idmanın bundan sonrakı inkişafı yolunda atılması vacib olan yeni addımları xarakterizə etmiş, azad edilmiş ərazilərimizin artıq beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyini vurğulamış, bərpa və quruculuq meydanına çevrilmiş azad edilmiş şəhərlərimizin hər birində idman qurğularının yaradılacağının anonsunu vermiş və nəhayət hər birimizin məşğul olduğu sahədə, xüsusilə də idman sahəsində tarixi zəfərə layiq olmağımızın əhəmiyyətini vurğulamışdır.
    Bəli, əsası böyük Düha Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan idmanının inkişafı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, regionlarda idman infrastrukturlarının sayı gündən-günə artır. Bu isə ölkəmizin idman sahəsində nailiyyətlər əldə etməsi ilə yanaşı, sağlam gəncliyin yetişməsində də mühüm rol oynayır.
    Dünyanın ən mötəbər beynəlxalq idman tədbirlərinin təşkili ölkəmizə böyük nüfuz qazandırmışdır. İlk Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, "Formula-1” Bakı Qran-pri yarışlarının, müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarının Azərbaycana həvalə edilməsi son illər bu sahədə görülən işlərə verilən ən yüksək qiymətdir. Təkcə ötən il ölkəmizdə onlarla beynəlxalq turnir keçirilmişdir. Onların bir neçəsi regionlarda təşkil olunmuşdur.
    Azərbaycanı müasir və güclü dövlət kimi fərqləndirən cəhətlərdən biri də ondan ibarətdir ki, ölkəmiz ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlərə, o cümlədən də idman yarışlarına böyük məsuliyyətlə yanaşır və özünün yüksək standartlarını tətbiq edir. Birinci Avropa Oyunlarının standartlarının Bakıda müəyyənləşməsi, eləcə də ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil etməsi mütərəqqi nümunələr yaratmaqla yanaşı, ölkəmizin imkanları və nüfuzunu nümayiş etdirmiş oldu. İdmançılarımızın hər dəfə beynəlxalq arenalarda qazandıqları qalibiyyətlər, bayrağımızı ucaltmaları dövlətimizə şərəf gətirən amillərdir.
    Azərbaycanın bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksinin tikilməsi, Bakıda ən müasir idman infrastrukturunun mövcudluğu, əvvəlki illərdə tikilmiş idman obyektlərinin əsaslı təmir olunması, eyni zamanda, son illərdə bir neçə böyük stadion, idman zalının inşa edilməsi bu sahədə uğurların təməlində durur. Bunların arasında təxminən 70 min tamaşaçı yeri olan Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzinin tikintisini xüsusi qeyd etməliyik. Şübhəsiz, həm bölgələrdə, həm Bakıda idmanın inkişafına, infrastruktur layihələrin qurulması istiqamətində aparılan işlər öz nəticəsini verir, bu sahədə nailiyyətlər getdikcə artır.
    Azərbaycanda yüksək mənəvi keyfiyyətlərə malik, öz ölkəsinə sadiq, Vətənini canından da artıq sevən gənc nəslin yetişməsi dövlət başçımızın böyük səyləri nəticəsində həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində mümkün olub. Vətənə ilahi sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəslin nümayəndələrinin Vətən müharibəsində göstərdikləri igidliklər, qəhrəmanlıqlar dünyada dastan oldu. Şübhəsiz, postmüharibə dövründə Azərbaycanın qarşısında erməni vəhşilikləri nəticəsində viran qalan torpaqlarımıza yeni həyat bəxş etmək, 30 ilə yaxın təcavüzə məruz qalan Qarabağın dirçəlməsi, dünyanın ən inkişaf etmiş diyarlarından birinə çevrilməsi üçün çox böyük işlərin görülməsi durur.
    44 günlük Vətən müharibəsi ilə Ermənistan işğalından azad olunmuş ərazilərimizdə bərpa prosesi sürətlə davam edir. Həmin bölgələrimizdə artıq bir neçə idman yarışı keçirilib və bu tədbirlərin daha geniş miqyas alması üçün işlər görülür. Yaxın perspektivdə dövlətin imfrastruktur layihələrində uğurlu iştirakı, yerli və xarici sahibkarların investisiya ilə bağlı təşviq olunması qısa zaman kəsiyində müxtəlif fəaliyyətlərin bərpa edilməsinə şərait yaradacaq.
    Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Ötən ildə idmançılarımızın istər kütləvi, istərdə fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir. Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatının idarə olunması prosesi günün tələbləri səviyyəsində inkişaf etdirilir. Təkmilləşdirilən idman yönümlü qurumların sayı artırılır, bələdiyyələrin, yerli və regional qeyri-hökumət orqanlarının bu sahə üzrə fəaliyyətləri gücləndirilir.
    Bu prosesin daha da genişmiqyaslı olması üçün dövlət üzərinə düşən öhdəlikləri yerinə yetirir və gələcəkdə də yerinə yetirəcək. Bununla yanaşı, hər bir vətəndaş da idmanın kütləviləşməsi işinə öz töhvəsini verməyə çalışmalıdır. Yalnız bu halda bədən tərbiyəsi və idmanın kütləviliyi kimi strateji vəzifələrin yerinə yetirilməsində arzulanan nəticələri əldə etmək mümkün olacaq. Əlbəttə, bu amili diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin idmanın inkişafı üçün göstərdiyi səylər və qəbul etdiyi qərarlar belə deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycan idmanı yeni zirvələri fəth edəcək və idmanın kütləviləşməsi prosesi özünün inkişafında yeni mərhələyə qədəm qoyacaqdır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ