Rusiyanın bir sıra ictimai-siyasi və media dairələrindən ölkəmizə yönəlik təxribatlara yol verilir. Biri Bakıya raket zərbələri endirməyi, biri haqq-hesab çəkməyi, o birisi hədə-qorxu gəlir.
Bunlar başa düşmür ki, danışıq və ümid qapısı Türkiyə və Azərbaycandır. Başa düşmür ki, bu ilin fevral ayında Azərbaycan və Rusiya prezidentləri arasında 43 maddədən ibarət müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməsi imzalanıb. Bunların müttəfiqliyə münasibəti belədirsə, biz onlara necə güvənək? Rus jurnalisti təəccüblənir ki, Bakı pəncərələrində Türkiyə və Pakistan bayrağı var, niyə bir dənə də olsun rus bayrağı yoxdur? Bu suala cavab hər kəsə aydındır, sualı verən rus jurnalistinə də.
Biz müttəfiqlik bəyannaməsinə xələl gətirən, açıq-aşkar terrora və kütləvi insan təlafatına aparan çağırışlar edən Rusiyanın vəzifəli, ictimai və media şəxslərinə qarşı Rusiya dövləti tərəfindən daha təsirli tədbirlərin görülməsini tələb edirik.
Ikinci vacib məsələ
Bir çox ölkələr hələ də Dağlıq-Qarabağ ifadəsinə yol verir və zənnimcə bunu qəsdən edir. Hansı ölkə olmasından asılı olmayaraq Azərbaycanın ərazi bütövlüyünə şübhə ilə yanaşan və Azərbaycan adlarını təhrif edən ölkələrə nota verilməsini təklif edirəm. Biz bütün ölkələrlə qarşılıqlı hörmət və əməkdaşlığın tərəfdarıyıq. Amma, bizə qarşı təhdid və hörmətsizlik yolunu tutanlara da təsirli xəbərdarlıq etməyimiz faydalıdır.
Digər bir məqam
İlahi, ölkəmizdə nə qədər xain varmış
Vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın-Xankəndi yolunda aksiyasını lağa qoyur, ermənilər yönündən işıqlandırır, erməni separatçılara sətiraltı, bəzən isə açıq-aydın dəstək ifadə edirlər. Bu xainlikdir. Imkan verilsə, yüz minlərlə insan o yolu iflic edər, separatçıların xainliyi nəticəsində yaxınlarını itirən ailələrin yarası hələ də istidir. Kimin nə cürəti var ki, bizi qınasın?
Mən bu tip ictimai çəkili şəxslərin, vətəndaşların və digərlərinin ciddi şəkildə istintaqa cəlb edilməsini və barələrində araşdırmaların aparılmasını tələb edirəm. Biz Birinci Qarabağ müharibəsində 25 min, Ikincidə 3100 şəhid vermədik ki, düşmən qüvvələrə satılmışlar onların ruhunu təhqir etsin. Çox şeydə güzəşt olar, amma, vətəni, torpağı, ölkəni satmaq, onun üzərində karyera qurmaq, pul qazanmaq istəyənlərə, şəxsi incikliyinin qisasını Ermənistana qahmar çıxmaqla Azərbaycan dövlətindən almaq cəhdinə isə güzəşt olmaz.
Olarsa, əlimizdən torpaq gedər, vətən gedər.
