Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O hesab edir ki, Soçi görüşü öncəsi erməni tərəfinin hərbi-siyasi müstəvidəki təxribatları fonunda danışıqların gərgin keçəcəyi gözlənilirdi:
“Amma Ermənistanın təxribat xarakterli cəhdlərinə baxmayaraq Prezident İlham Əliyev Soçi görüşündə Azərbaycanın prinsipial və qətiyyətli mövqeyini növbəti dəfə uğurla müdafiə etdi. Dövlət başçısı Qarabağ münaqişənin iki il öncə həll edildiyini bir daha diqqətə çatdırdı. Artıq Azərbaycanın post-münaqişə dövrü ilə bağlı reallıqlara uyğun addımlar atdığı vurğulandı. Azərbaycanın indiki reallıqda daha çox regional məsələlərin qarşılıqlı müstəvidə həllində maraqlı olduğu qeyd edildi. Bütün bu amillər Azərbaycanın artıq münaqişə dövrünü geridə qoyduğunu özünün sülh konsepsiyası əsasında bölgədə inkişafa, tərəqqiyə yönələn addımları dəstəklədiyinin açıq təzahürüdür”.
“Çünki bəzi dairələr bu cür yanaşmaların danışıqlar prosesinə təsir edəcəyini düşünürdülər. Amma Soçidə üçtərəfli danışıqların yekunu olaraq imzalanan bəyanat erməni tərəfinin və prosesi pozmaq niyyətində olan qüvvələrin iddialarının əsassız olduğunu nümayiş etdirdi. Yekun bəyanatda Qarabağla və “status”la bağlı heç bir söz yer almayıb. Çünki Qarabağ Azərbaycanın ərazisi olduğu üçün burada baş verənlər də ölkəmizin daxili işi hesab edilir. Ona görə də, Ermənistan Azərbaycanın təklif etdiyi 5 bəndlik sülh konsepsiyasına uyğun addım atmalıdır. Eyni zamanda bu ölkə silahlı birləşmələrinin qalıqlarını Qarabağdan çıxarmalı, Zəngəzur dəhlizinin açılmasına və bölgədə daimi sülhün bərqərar olmasına maneə olmamalıdır”.
