Sizin reklam burada
Sizin reklam burada

Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir

Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidirVüqar İskəndərli
Milli Məclisin deputatı

XIX əsrin əvvəllərində Rusiya İmperiyası tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına ermənilərin köçürülməsilə Ermənistan- Azərbaycan münaqişəsinin dərin tarixi köklərinin əsası qoyulmuşdur. Azərbaycanda ermənilərin məskunlaşdırılması xalqımızın tarixi ərazisinin parçalanmasına, azərbaycanlıların bir millət olaraq məhvinə və müstəqil dövlətimizin mövcudluğunun qarşısının alınmasına xidmət etmişdir.
Ermənilər məskunlaşdıqları dövrdən etibarən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə erməni silahlı quldur dəstələri xüsusi qəddarlığı ilə xalqımızın yaddaşında qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.
Əzəli Azərbaycan torpağı olan Qarabağa ermənilərin Çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən, xalqımıza qarşı başlamış düşmənçilik siyasəti bu günə qədər davam edir. 90-cı illərin əvvəlində SSR-nin dağılmasından sonra Ermənistan Silahlı Qüvvələrinin davam etdirdiyi işğalçılıq siyasəti nəticəsində Azərbaycan Dağlıq Qarabağa və ətraf rayonlara nəzarəti itirdi.
Birinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan Respublikası əsasən 1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra Ermənistan Respublikası ilə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplomatik danışıqlar aparmışdır. Son otuz il ərzində nə baş vermişdir; Azərbaycanın bütün sahələrdə güclənməsinə baxmayaraq, Ermənistana himayəçilik etmək, münaqişəni dondurmaq və Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində yaradılmış status-kvonu Azərbaycana qəbul etdirmək üçün təsis edilmiş ATƏT-in Minsk qrupu 30 il ərzində problemin hərbi yolla həllinə imkan verməmişdir.
Bununla da uzun illər ərzində Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına mane olmuşdur.
2020-ci ilin 12 iyul və 27 avqust tarixlərində Ermənistan hərbi hissələrinin Azərbaycan sərhədlərində törətdiyi növbəti təxribatlar Ermənistan rəhbərliyinin yeni müharibə hazırlığından xəbər verirdi. Sonuncu təxribat sentyabrın 27-də səhər saatlarında baş verdi ki, bu da Azərbaycan Ordusunu cavab tədbirlərinə vadar etdi və noyabrın 10-a qədər davam edən döyüşlər Ermənistan Respublikasının məcburi olaraq kapitulyasiyası ilə başa çatdı. Bununla da 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoyuldu.
Vətən müharibəsində 2907 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 7 nəfər itkin düşmüşdür. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.
Bu gün qürurumuza qürur qatan, hər birimizə xoşbəxtlik bəxş edən və gələcəyə sonsuz ümidlər verən tarixi hadisələrdən biri də ölkə başçısı cənab İlham Əliyevin xalqın müzəffər sərkərdəsi kimi düşmən işğalından azad edilmiş ərazilərə mütamadi səfərlər etməsi və möhtəşəm infrastruktur layihələrinin təməlini qoymasıdır. İşğaladan azad olunmuş ərazilərimizin yenidən qurulması kompleks şəkildə həyata keçirilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ