Sizin reklam burada
Sizin reklam burada

Milli Məclisin və Rusiya Federal Məclisinin İkitərəfli parlamentlərarası komissiyasının növbəti iclası keçirilib

Milli Məclisin və Rusiya Federal Məclisinin İkitərəfli parlamentlərarası komissiyasının növbəti iclası keçirilibİyunun 22-də Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının videokonfrans formatında 17-cı iclası keçirilib.
Komissiyanın iclasına Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini Qalina Karelova həmsədrlik ediblər.
İclas həmsədrlərin giriş sözləri ilə başlayıb.
Milli Məclisin birinci vitse-spikeri, komissiyanın həmsədri Əli Hüseynli iclas iştirakçılarını Milli Məclisin sədri Sahibə Qafarovanın adından və öz adından salamlayıb. O, Azərbaycan və Rusiyanı birləşdirən çoxəsrlik dostluq və mehriban qonşuluq əlaqələrindən söz açıb, Azərbaycan və Rusiya dövlət başçılarının səyləri nəticəsində ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsini qeyd edib.
Əli Hüseynli Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatan 44 Vətən müharibəsindən sonra yaranan reallıqlardan söz açıb, Azərbaycan və Ermənistan arasında sülhün və əməkdaşlığın yaradılmasında Rusiyanın göstərdiyi səyləri yüksək qiymətləndirib.
Komissiyanın həmsədri Qalina Karelova öz çıxışında bildirib ki, Azərbaycan Rusiya üçün dost və strateji tərəfdaş ölkədir və mövcud olan yüksəksəviyyəli münasibətlərimiz hər iki ölkənin milli mənafeyinə cavab verir. O, qeyd edib ki, Rusiya Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasını və əməkdaşlığın əsasının qoyulmasını fəal şəkildə dəstəkləyir.
Federal Şuranın sədr müavini çıxışında vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişafı Cənubi Qafqazda və Xəzər dənizi regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.
Sonra iclasın gündəliyində olan məsələlərə baxılıb.
İclasda Milli Məclisin deputatları Nizami Səfərov gündəliyin “Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi və parlamentlərarası əməkdaşlığın dövlətlərarası əlaqələrin inkişafına töhfəsi haqqında”, Emin Hacıyev “Rusiya-Azərbaycan regionlararası əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri haqqında” və Sevinc Hüseynova “Turizm sahəsində ikitərəfli qarşılıqlı təsirin intensifikasiyası üçün əlverişli şəraitin yaradılması haqqında” məsələləri ilə bağlı məruzə ilə çıxış ediblər. Onlar iqtisadi, ticari, regionlararası, parlamentlərarası əlaqələrin genişləndirilməsi, mədəniyyət, təhsil, turizm kimi sahələrində əməkdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşüblər.
Videokonfransın sonunda Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının qarşıdakı bir il üçün iş planı və 18-ci iclası ilə əlaqədar məsələlərə də baxılıb, müvafiq qərarlar qəbul edilib.
İclasda Milli Məclisin və Rusiya Federal Məclisinin İkitərəfli parlamentlərarası komissiyasının həmsədrinin müavini Ağalar Vəliyev, İkitərəfli parlamentlərarası komissiyanın üzvləri Rasim Musabəyov, Elnur Allahverdiyev, Azər Badamov, Arzu Nağıyev və Mixail Zabelin iştirak ediblər.
Milli Məclisin və Rusiya Federal Məclisinin İkitərəfli parlamentlərarası komissiyasının növbəti iclası keçirilib
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ