Malik Həsənov qeyd edib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin 22 may tarixində keçirilən üçtərəfli görüşün yekunu ilə bağlı mətbuata açıqlamasında yer alan məqamlardan biri indiki halda yalnız Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi və hüquq məsələləri oldu: “Azərbaycan tolerant ölkədir. Müxtəlif xalqların, millətlərin nümayəndələri ölkəmizdə mehriban dostluq və qardaşlıq şəraitində yaşayırlar. Ermənilər də bütün digər etnoslar kimi eyni bərabər hüquqlara malikdirlər. Bu, Azərbaycanın prinsipial mövqeyidir. Azərbaycandan fərqli olaraq Ermənistan monoetnik ölkədir, orada ermənilərdən başqa heç kim yoxdur. Artıq bu faktın özü hazırkı mərhələdə bir çox məqamlara aydınlıq gətirir.”
“Dövlət başçısı İlham Əliyevin istər Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə keçirdiyi təkbətək görüşdə, istərsə də üçtərəfli görüşün nəticələrində işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi prosesi və itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələlər əsas müzakirə mövzularından oldu” söyləyən millət vəkili vurğulayıb ki, torpaqlarımızda bərpa-quruculuq işlərinə mane olan əsas amil minalardan təmizlənmə prosesinin çox vaxt tələb etməsidir: “Azərbaycan tərəfi beynəlxalq hüquq çərçivəsində dəfələrlə işğalçı Ermənistandan həmin ərazilərin mina xəritələrini tələb etdi. Ermənistan rəhbərliyi öncə belə xəritələrin onlarda olmamasını iddia etsə də Azərbaycan dövlətinin ciddi səyləri nəticəsində təqdim etmək məcburiyyətində qaldı. Amma həmin xəritələrin dəqiqlik göstəricisi 25 faizə yaxındır. Hər addımında tarixi Zəfərimizi həzm edə bilmədiyini qabarıq şəkildə büruzə verən Ermənistan ölkəmizin hansı imkanlara malik olduğunu yaxşı bilir. İlyarımdır işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin miqyasına diqqət yetirmək kifayətdir. Azərbaycan bütün işləri öz maliyyə imkanları hesabına görür. Çox böyük vəsait tələb edən minaların təmizlənməsi prosesi də ölkəmizin maliyyə imkanlarının təqdimatında mühüm rol oynayır. İşğalçı Ermənistan heç bir halda beynəlxalq hüququ nəzərə almadığı, bu prinsipləri kobud şəkildə pozduğu halda hansısa sanksiya ilə üzləşmədiyi üçün mina xəritələri ilə yanaşı, 4000-ə qədər soydaşımızın Birinci Qarabağ müharibəsində taleyi ilə bağlı məsələdə də Azərbaycana açıqlama vermək istəmir.”
Malik Həsənov qeyd edib ki, 6 aprel görüşündə olduğu kimi, bu görüşün də nəticəsində yer alan əsas məqamlardan biri budur ki, sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq. Bu iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq.
Diqqəti Prezident İlham Əliyevin 23 may 2022-ci il tarixli “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncamına yönəldən millət vəkili bildirib ki, Azərbaycan istər 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda, eyni zamanda, digər görüşlərin yekun sənədində əksini tapan hər bir öhdəliyi uğurla yerinə yetirərək regionda dayanıqlı sabitliyə və təhlükəsizliyə nail olmaq istəyini təsdiqləyir. Təbii ki, Ermənistan da bu öhdəliklərə əməl etməlidir ki, sülh müqaviləsinin imzalanması reallaşsın.
Malik Həsənov üçüncü Brüssel görüşünü də Azərbaycanın qələbəsi kimi dəyərləndirib: “Müzakirə olunan bütün məsələlərdə Azərbaycanın mövqeyi dəstəklənir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərini artıran Avropa İttifaqının vasitəçiliyi ədaləti və beynəlxalq hüququ özündə ehtiva edir.”
