Altıncı çağırış Milli Məclis fəaliyyətə başlayandan, Prezident İlham Əliyevin həyatın bütün sahələrində apardığı dərin islahatlara dəstək verməklə yanaşı, özü də bu proseslərdə fəal iştirak edir. Ölkəmizdə həyata keçirilən institusional və kadr islahatlarının ruhuna uyğun olaraq, parlamentdə də müvafiq tədbirlər görülür. Belə ki, ötən iki il ərzində Milli Məclis aparatında geniş struktur və kadr islahatları həyata keçirilmişdir. Parlament aparatının fəaliyyətinin təkmilləşdirilməsi və daha çevik və səmərəli fəaliyyətin təmin olunması məqsədilə yeni struktur bölmələri yaradılmışdır. Buna paralel olaraq, geniş kadr islahatları aparılmış, uzun müddət parlament Aparatında çalışmış təcrübəli əməkdaşlar qulluqda irəli çəkilmişlər. Ölkəmizdə gənclərin mühüm dövlət vəzifələrinə təyin olunması ilə bağlı tədbirlərə uyğun olaraq, Milli Məclis aparatında da müvafiq addımlar atılmış, bacarıqlı, müasir dünyagörüşünə malik gənclər parlament aparatında yüksək vəzifələrə təyin olunmuşlar. Uzun müddət Milli Məclisin komitələrində ekspert çalışan şəxlərə yüksək etimad göstərilmiş, onlar dövlət qulluğuna qəbul olunaraq məsləhətçi vəzifəsinə keçirilmişlər. Əvvəllər yardımçı vəzifədə çalışan 4 nəfər isə inzibati vəzifəyə təyin edilmişdir. Şəhid anasının, Vətən müharibəsi qazisinin Milli Məclisdə işə götürülməsi də geniş ictimaiyyət tərəfindən təqdir olunmuşdur.