Prezident İlham Əliyev diqqətə çatdırdı ki, İtaliya ilə tərəfdaşlığımız təkcə ticarət sahəsi ilə məhdudlaşmır. Ölkələr arasında siyasi münasibətlər də yüksək səviyyədədir. Təsadüfi deyildir ki, qardaş Türkiyədən sonra İtaliya Azərbaycanın Vətən müharibəsi nəticəsində işğaldan azad etdiyimiz ərazilərimizin bərpa və yenidənqurma layihələrinə dəvət etdiyi ikinci ölkədir. Prezident qeyd edib ki, İtaliya şirkətləri həmin ərazilərdə bir çox layihələrin icrasında iştirak edirlər. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada İtaliya şirkətləri məscid və digər tarixi abidələrimizin bərpasına fəal surətdə cəlb olunub. Şuşanın Azərbaycan üçün əhəmiyyətini nəzərə alsaq, bu, Azərbaycanın İtaliyaya etdiyi jest və göstərdiyi etimaddır.
İtaliya nəşrinə müsahibə zamanı Prezident İlham Əliyev digər məsələlərə, o cümlədən Avropa İttifaqı ilə münasibətlərə toxunub. O, Avropa İttifaqı ilə münasibətlər kontekstində ərazilərimizdə 30 illik işğal dövründə Ermənistan tərəfindən 1 milyona yaxın minanın basdırılması məsələsi üzərində xüsusi dayanıb. İlham Əliyevminaları təmizləmə prosesinin olduqca baha başa gəldiyini və çox vaxt apardığını qeyd edib. İlham Əliyev Avropa İttifaqının Azərbaycan ərazilərinin minalardan təmizlənməsi işində fəal iştirak etməli olduğunu bildirib.O, əlavə edib ki, Ermənistanda heç bir dağıntı olmamasına, heç bir işğala məruz qalmamasına və əksinə, özünün işğalçı olmasına baxmayaraq, Avropa Komissiyası tərəfindən ona 2.6 milyard dollarlıq yardım paketi ayrılmışdır. Ərazilərinin 20%-ə qədəri 30 il ərzində işğala məruz qalmış, dağıdılmış və bir milyon qaçqını olan Azərbaycana isə cəmi 140 milyon dollarlıq yardımnəzərdə tutulub. Prezident fikrini belə yekunlaşdırıb: “Beləliklə, bu, çox təəccüblüdür və bu paket elan edildikdən sonra, Prezident Mişelin bu yay Azərbaycana səfərindən sonra biz bu mövzunu daim müzakirə edirik. Biz istəyirik ki, yanaşma vahid standartlara əsaslansın. Biz ədalət istəyirik və əlbəttə, Azərbaycana eyni şərtlərlə, eyni həcmdə vəsaitin verilməsini istəyirik”. Prezident ATƏT-in Minsk Qrupunun fəaliyyəti barədə danışarkən bildirib ki, bu barədə onun fikri Azərbaycan xalqının fikrindən fərqlənmir: “Bu, uğursuzluq idi. Biz həqiqəti deməliyik”.
Jurnalist sonuncu sualında Azərbaycanın önəmli mövqedə yerləşdiyini qeyd edərək, onun nəinki enerji qovşağına,eyni zamanda Qərb və Şərq arasında Çindən Avropaya qədər uzanan bir coğrafiyada nəqliyyat və kommersiya qovşağına çevrilə bilməsi perspektivi haqqında İlham Əliyevin fikrini soruşub. Prezident bildirib ki, hazırda Azərbaycanı Avrasiyanın nəqliyyat qovşağına çeviririk. Bu istiqamətdə Azərbaycanın həyata keçirdiyi layihələr, o cümlədən Ələtdə azad iqtisadi zonanın yaradılması, Şimal-Cənub nəqliyyat dəhlizi barədə məlumat verən İlham Əliyev Zəngəzur dəhlizi mövzusunu da İtaliya auditoriyasının diqqətinə çatdırıb. Vətən müharibəsinin yaratdığı reallığın bir hissəsi kimi Zəngəzur dəhlizinin bölgənin inkişafı üçün yeni imkanlar açacağını qeyd edib.
Beləliklə, Prezident İlham Əliyev Brüssel səfəri zamanı həm rəsmi diplomatiyanın, həm də İspaniya və ardınca İtaliya mətbuatına geniş müsahibə verməklə ictimai diplomatiyanın imkanlarından istifadə edərək Avropa auditoriyasının diqqətini Azərbaycan həqiqətlərinə cəlb etməyə müvəffəq oldu.
