Sizin reklam burada
Sizin reklam burada

Zəfər yürüşü və tarixi ədalətin bərpası: dövlətçilik tariximizin qürur səhifəsi

Zəfər yürüşü və tarixi ədalətin bərpası: dövlətçilik tariximizin qürur səhifəsi Bu günlərdə Azərbaycan dövlətçilik tarixinin ən şanlı səhifəsini təşkil edən Vətən müharibəsinin birinci ildönümü tamam olur. O unudulmaz, qürur dolu günlər, hər gün yaşadığımız həyəcan hamımızın yaddaşındadır. İllər keçsə də Azərbaycan xalqı o tarixi günləri heç vaxt unutmayacaq.
Təbii ki, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi şanlı və qürurverici səhifələrlə zəngindir. Ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası ilə nəticələnən İkinci Qarabağ – Vətən müharibəsində qazanılmış Zəfər isə xalqımızın tarixində bənzəri olmayan parlaq qələbədir. Bu, eyni zamanda, mənəviyyat hadisəsi, milli qürur və milli ləyaqətin bərpasıdır. Ümumiyyətlə, Azərbaycan dövlətinin gücü, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və iradəsi, Ordumuzun qüdrəti, xalqımızın həmrəyliyi sayəsində qazanılmış tarixi Qələbənin mahiyyətini daha yaxşı anlamaq – daha dərindən dərk etmək üçün bir sıra mühüm məqamlara xüsusi nəzər yetirmək məqsədəmüvafiq olar.
 
Azərbaycan xalqı və dövləti işğal faktı ilə barışmadı

Məlumdur ki, Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycanın torpaqlarını işğal altında saxlaması ölkəmizə maddi və mənəvi cəhətdən çox ciddi ziyanlar vurub. İşğal faktı, eyni zamanda, regional təhlükəsizliyə ciddi təhdidlər yaradıb. Azərbaycan hər zaman münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olsa da, müharibə variantını da istisna etməyib. Möhtərəm Prezident İlham Əliyev də hər zaman bəyan etmişdir ki, Azərbaycan hansı yolla olursa olsun, öz torpaqlarını azad edəcək və ərazi bütövlüyünü bərpa edəcək. Ermənistan isə havadarlarının dəstəyi və təşviqi ilə daim işğal məhsulu olan status-kvonu sonsuzadək saxlamaq – təcavüz faktını davam etdirmək niyyətini gizlətməyib. Elə danışıqlar prosesinin nəticəsiz və mənasız olmasını şərtləndirən amil məhz bu olub. Ermənistanın hərbi-siyasi rəhbərliyinin təhrikedici hərəkətləri və açıqlamaları təxribatlarla paralel surətdə davam etdirilib. Ötən ilin iyul ayında iki ölkə arasındakı dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizin, dinc sakinlər və mülki infrastrukturun erməni hərbi birləşmələri tərəfindən qəfil artilleriya atəşinə tutulması, avqust ayında işğalçı dövlətin respublikamıza diversiya qrupu göndərməsi, işğalçı ölkənin baş naziri Nikol Paşinyanın "Dağlıq Qarabağ Ermənistandır və nöqtə" deməsi, onun işğal altındakı torpaqların heç vaxt Azərbaycana qaytarılmayacağını bildirməsi, əvvəlcədən müəyyənləşdirilən formatı dəyişdirməyə cəhdlər göstərməsi danışıqlar prosesinin tamamilə pozulmasına səbəb olub. Belə olan halda, beynəlxalq birliyin də işğalçı dövlətə münasibətdə loyallıq göstərməsi, ikili standartlardan çıxış etməsi tarixi ədalətin hərb – döyüş meydanında bərpasını zərurətə çevirib. Xüsusilə də, 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı hərbi təxribat törədərək döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutması, bunun nəticəsində mülki şəxslərin, hərbçilərin həlak olması Azərbaycanın səbrini tükədib. Beləliklə, işğalçı faktı ilə barışmayan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq əmri əsasında genişmiqyaslı əks-hücum əməliyyatına başlayan rəşadətli Ordumuz 44 gün ərzində Zəfər yürüşü edərək torpaqlarımızın azad olunması missiyasını şərəflə yerinə yetirib.
İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı tarixidir
27 sentyabr tarixində başlayan Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. Qüdrətli Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində 44 gün ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu, Ermənistan ordusu şanlı Azərbaycan Ordusu tərəfindən darmadağın edildi. Azərbaycan Ordusunun gücü qarşısında duruş gətirə bilməyən Ermənistan nəhayət kapitulyasiya aktını imzalamağa məcbur oldu. Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti ilə rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələrinin zəfər yürüşü siyasi müstəvidə də qələbə ilə başa çatdı. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat Azərbaycan torpaqlarının işğalına son qoydu. Bəyanatın müddəalarına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması elan edildi, 2020-ci il  dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonları mərhələ-mərhələ Azərbaycan Respublikasına qaytarıldı.
Beləliklə, Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımızı azad edərək həm tarixi ədaləti, həm də ərazi bütövlüyümüzü öz gücü, qüdrəti hesabına bərpa etdi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın kağız üzərində qalan qətnamələrini özü həyata keçirdi.
Azərbaycan Ordusu bu qələbəni döyüş meydanında qəhrəmanlıq, şücaət, vətənpərvərlik və fədakarlıq göstərərək qazandı. Xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycanın şanlı tarixi olan İkinci Qarabağ müharibəsi XXI əsrin müharibəsi kimi dünyanın diqqət mərkəzində olduğundan Azərbaycan Ordusunun ən müasir texnika və texnologiyalardan istifadə etdiyi 44 günlük müharibə dünyanın nüfuzlu hərbi tədqiqat mərkəzlərində öyrənilir.
Azərbaycan Ordusu döyüş meydanında Zəfər yürüşünü davam etdirdiyi günlərdə Prezident İlham Əliyev beynəlxalq mediaya müsahibələrində, bir çox ölkələrin liderləri ilə telefon danışıqlarında Azərbaycanın haqq səsini dünyaya çatdırdı, ölkəmizin ədalətli və beynəlxalq hüququn ali prinsip və normalarına söykənən mövqeyini qətiyyətlə müdafiə etdi. Bütün dünya həqiqətləri məhz Azərbaycanın dövlət başçısından, ən etibarlı mənbədən əldə etdi. Azərbaycan işğalçı ölkənin və erməni diasporunun yalan təbliğatını, çirkin qara piar kampaniyasını dövlət başçısının qətiyyəti sayəsində darmadağın etdi.
 
Qəhrəman Vətən övladlarına hörmət və ehtiram sonsuzdur

Xalqımızın öz lideri ətrafında bir yumruq kimi birləşməsi düşməni bütün cəbhələrdə məğlubiyyətə uğratdı və Azərbaycan hər bir platformada gücünü göstərdi. Son illər ərzində ölkəmizdə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə görülən işlər və həyata keçirilən çoxşaxəli islahatlar, möhkəm əsaslara malik xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyədə qurulması və həmrəyliyin təmin olunması, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi və bu kimi əhəmiyyətli nailiyyətlər bu Qələbəni şərtləndirən mühüm məsələlər sırasındadır.
Vətən müharibəsi xalqımızın qürur mənbəyi, dövlətimizin isə gücünün – qüdrətinin ifadəsidir. Azərbaycan dövləti və cəmiyyəti ölkəmizin ərazi bütövlüyü uğrunda həyatlarını və sağlamlıqlarını fəda etmiş qəhrəman Vətən övladlarına xüsusi hörmət və ehtiram göstərir. Bu eyni zamanda, milli birliyin – həmrəyliyin ifadəsidir. Sentyabrın 27-də - Anım Günündə Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Bakı şəhərində yürüş təşkil edilməsi də bu baxımdan xüsusi qeyd edilməlidir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, gənc kursantlar və hərbçilərin iştirak etdikləri yürüş xalqın birliyinin daimi və sarsılmaz olduğunu göstərdi.
 
Azərbaycanın yaratdığı reallıqlar dəyişməzdir

Beləliklə, Azərbaycanın münaqişəni hərbi-siyasi yolla həll etməsi regionda və dünyada yeni reallıqlar yaradıb. Artıq müharibə səhifəsi bağlanıb, erməni faşizminin başı əzilib – beli qırılıb, separatizm yerindəcə məhv edilib. “Münaqişənin hərbi yolla həlli yoxdur” deyənlərin qərəzli, ikili standartlara əsaslanan siyasəti, ermənipərəst mövqeyi iflasa uğradılıb, tarixi ədalətsizlik aradan qaldırılıb.
Azərbaycanın yaratdığı reallıqlar, həmçinin geostrateji əhəmiyyətə malikdir. Yeni şəraitdə regionda kommunikasiya xətlərinin bərpası – yeni nəqliyyat dəhlizinin yaradılması sülhün, təhlükəsizliyin, çoxtərəfli əməkdaşlığın təmin olunması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Bu, regionda bütün xalqların və dövlətlərin mənafeyinə uyğundur. Ona görə də hər kəs bu reallıqları qəbul etməlidıir. Xüsusilə də, regional təhlükəsizliyə təhdid yaradan davranışlara yol verən dairələr, Ermənistan və ermənipərəst mərkəzlər təxribatçı addımlardan çəkinməlidirlər.  Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müxtəlif layihələrin icrası Azərbaycanın sosial-iqtisadi gücünün artmasına xidmət edir. Görülən işlər fonunda mövcud reallıqlar Böyük Qayıdışın ən yüksək səviyyədə təmin olunacağını deməyə əsas verir.
Beləliklə, ərazi bütövlüyünün bərpası Azərbaycanın qarışısında yeni perspektivlər açıb. Regionda yeni əməkdaşlıq platformalarının yaradılması, işğaldan azad edilmiş ərazilərin potensialından səmərəli istifadə edilərək iqtisadi inkişafın sürətləndirilməsi və digər mühüm amillər ölkəmizə böyük üstünlüklər qazandırır. Əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti, milli həmrəylik və xalq-iqtidar birliyi ölkəmizə yeni strateji nailiyyətlər qazandıracaq, Azərbaycan yeni zirvələrə doğru irəliləyəcək.

Kərimova Tamilla Hüseynbala qızı

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ