iş adamı
Son Vətən müharibəsi erməni arzularının üstündə xətt çəkdi
Yüz illərlə ermənilərin xalqımıza qarşı törətdikləri saysız-hesabsız vəhşiliklər, qırğınlar, soyqırımlar özümüzə və qismən də dünya ictimaiyyətinə bəlli idi. İkinci Qarabağ savaşının ən əhəmiyyətli tərəflərindən biri də bu oldu ki, düşmən üzərində qələbəmiz həm də erməni faşizminin anatomiyasını açıb dünyaya göstərdi. Bu müharibə mənfur qonşularımızın necə qorxaq, tülkü xislətinə malik olduqlarını sübuta yetirdi, özləri haqda uydurduqları yalan miflərə söykənmiş “yenilməzlik nağılları”nı puça çıxardı. Dünya çox həqiqətlərdən agah oldu, erməni lobbisi ifşa edildi və s.
44 günlük müharibədə Azərbaycan Prezidentinin dünyanın ən aparıcı telekanallarına verdiyi müsahibələrin özü belə erməni faşizminin mahiyyətini açan ən böyük silahlarımızdan biri idi. Üstəlik rəşadətli ordumuzun əsgər və zabitlərinin göstərdikləri misilsiz qəhrəmanlıqlar dünyaya kimin kim olduğunu aşkarcasına göstərdi.
31 mart soyqırımı ilə bağlı söhbətə keçməzdən əvvəl bunları əbəs yerə xatırlamadım. Çünki son Vətən müharibəsinədək ermənilər öz havadarları sayəsində həmişə çirkin məqsədlərinə çatmışdılar. Məhz Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev nəhayət tarixi qələbəmizə imza atdı, yüksək döyüş hazırlığı, müasir silahlar, ağıllı strategiya və mahir diplomatiya sayəsində torpaqlarımız işğaldan azad olundu. Bütün bunlar həm də bizlərə tarixdən ibrət dərsləri götürmək şansları yaratdı. Halbuki xalqımız dəfələrlə erməni qəsbkarlarının ağır zərbələrinə məruz qalmışdı.
Vaxtilə Çar Rusiyasının İrandakı səfiri A.Qriboyedov yazırdı: “Ermənilərin rus torpaqlarının mərkəzində yerləşmələrinə icazə verməyin. Onlar elə millətdirlər ki, bir neçə il yaşadıqdan sonra bütün dünyaya bildirəcəklər ki, bu torpaqlar bizim tarixi ata yurdumuzdur”.
Erməni xislətinə təkcə rus səfiri bələd deyildi. Görkəmli rus şairi A.Puşkinin də onlar barədə söylədiyi məşhur bir kəlam var. Tədqiqatçı yazarlardan E.Feygel, V.L.Veliçko, Samuel A.Vests və digər onlarla, yüzlərlə tanınmış adamlar da daşnakların iç üzünü açan fikirlər səsləndiriblər. Özü də ermənilər bu vəhşilikləri digər millətlər üzərində də sınaqdan keçiriblər.
Veliçkonun yazdığına görə, ermənilər ilk terror aktını 1860-1870-ci illərdə Tərtərdə azlıqda yaşayan rus əsilli vətəndaşlara qarşı törədiblər. Təbii ki, məqsəd bir olub: qətlə yetirdikləri insanların evlərinə sahiblənmək. Bu qaniçənlər 1819-cu ildən ölkəmizdə məskunlaşan almanların mülklərini, silahlarını talan ediblər. Görünür, bütün bunlar azərbaycanlılara qarşı gələcəkdə törədəcəkləri soyqırıma qarşı bir “hazırlıq məşqi” imiş…
Martın 31-də ermənilərin xalqımıza qarşı törətdiyi ağır cinayətlərin – soyqırımın 103 ili tamam olur. Məlum olduğu kimi, ermənilər tarix boyu özgə millətlərə, xüsusilə də türklərə qarşı ərazi iddiaları ilə çıxış edib və təcavüz hesabına “Böyük Ermənistan” arzularını gerçəkləşdirməyə çalışıblar. Onlar bu məqsədlə misli görünməmiş hiylə və vasitələrə baş vurublar. Mənfur qonşularımızın “Böyük Ermənistan” yaratmaq ideyaları, eyni zamanda böyük güclərin maraqları ilə üst-üstə düşüb. Bunun da nəticəsidir ki, ermənilər ayrı-ayrı dövrlərdə azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyalara imza atıblar, tarixi Azərbaycan torpaqlarına qarşı təcavüzkar iddialarını daha da gücləndiriblər. Ümumiyyətlə, müxtəlif dövrdərdə ermənilər xalqımıza qarşı fərqli təhdidlərdən məharətlə istifadə etməyə çalışıblar. Bura təbliğat, qondarma “soyqırımı” iddiaları, torpaq tələbləri, qətllər-qırğınlar və s. daxildir.
Əlbəttə, ermənilərin xalqımıza qarşı amansızlıqla törətdiyi soyqırımı aktları sırasında 31 mart soyqırımını xüsusi vurğulamaq lazımdır. Tarixdən bəlli olduğu kimi, 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törədiblər.
1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəşi açıb. 31 martda isə bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan məhəllələrə hücum ediblər. Erməni vandalları bu hücumlar nəticəsində dəhşətli qətllər törədiblər. Bununla yanaşı, azərbaycanlılara məxsus məktəblər, kitabxanalar, mədəniyyət ocaqlarının hamısı, Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyə” yandırılıb. “Açıq söz”, “Kaspi”, “Baku” qəzetlərinin redaksiyaları, eyni zamanda “Təzə pir” məscidinin minarələri dağıdılıb. 31 mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox insan qətlə yetirilib.
Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra 31 mart soyqırımına siyasit və hüquqi qiymət verilib. Ulu öndər 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilib.
