Bunu millət vəkili İltizam Yusifov deyib.
Millət vəkilinin sözlərinə görə, qələbəni əldə etmək nə qədər çətindirsə, onun qoruyub saxlamaq və möhkəmləndirmək bir o qədər çətindir.
“Moskva görüşünün yekunu bir neçə cəhətdən Azərbaycan üçün uğurlu oldu. Birinci mühüm cəhət Azərbaycan Prezidentinin görüşün yekununa həsr olunmuş məbuat konfransında səsləndirdiyi Dağlıq Qarabağ münaqişəsi tarixin arxivinə qovuşması ilə bağlı səsləndirdiyi bəyanat təkcə Ermənistan cəmiyyəti üçün yox, həmçinin ermənilərin havadarları üçün ciddi mesaj idi. Bu isə o deməkdir ki, status məsələsi də münaqişə ilə birlikdə tarixin arxivinə gedib. Azərbaycan vətəndaşlığını qəbul edib yaşamaq istəyən ermənilər digər vətəndaşlar kimi bərabərhüquqlu imkanlara malik olacaqlar. Bununla da cənab İlham Əliyev Azərbaycanın qəti mövqeyini ortaya qoydu və beynəlxalq aləmə mesaj verdi ki, bu məsələyə qayıtmağa artıq lüzum yoxdur. Cənab Prezident həm erməniləri, həm də onlaırn havadarlarına gələcək əməkdaşlıq, birgəyaşayış, regionun inkişafı və təhlükəsizliyi barədə düşünməyin vacibliyini dilə gətridi: “Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”- cənab Prezident qeyd etdi. Azərbaycan Prezidenti bununla həm də onu da mesaj verdi ki, bunun əksi ermənilər üçün faciə ola bilər. Əgər Ermənistan indiyədək yürütdüyü işğalçılıq siyasətinin, o cümlədən 44 günlük müharibənin acı nəticələrini yaşamaq istəmirsə, o zaman keçmişə yox, sabaha baxmalı və 10 noyabr 2020-ci ildə imzalanın sülh bəyanatının tələblərinə ciddi əməl etməlidir. Hər hansı revanşist qüvvə baş qaldırarsa, Azərbaycanın dəmir yumruğu ilə qarşılaşacaq. Bax, Azərbaycan Prezidenti Kremldən həm ermənilərə, həm də onun havadarlaırna bu mesajı açıq formada verdi.
İkinci mühüm cəhət isə Azərbaycanın 44 günlük müharibə nəticəsində regionda yeni situasiya və buna uyğun olaraq da yeni əməkdaşlıq formatının yaratdığını ortaya qoydu”- millət vəkili qeyd edib.
Millət vəkilinin fikrincə, bu da ondan ibarətdir ki, Azərbaycan yenədə də bölgədə regional əməkdaşlıq və inteqrasiya proseslərinin dərinləşdirilməsi istiqamətində lokomotiv rol oynadığını, əsas ölkə olduğu vacibliyini bariz şəkildə ortaya qoymasıdır. “Dağlıq Qarabağ münaqişəsi tarixin arxivinə qovuşmaqla region yeni bir inkişaf mərhələsinə qədəm qoyacaq və bundan nəinki bölgə ölkələri, o cümlədən digər region ölkələri də faydalana bilər. Cənab Prezidentin bəyan etdiyi kimi hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. “Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq”-cənab Prezident qeyd etdi.
Hesab edirəm ki, bölgədə nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasından daha çox faydalanan ölkə Ermənistan ola bilər. Çünki kommunikasiya xətlərinin açılması ilə Ermənistan işğalçılıq siyasəti nəticəsində üzləşdiyi izolyasiyadan və ağır sosial-iqisadi vəziyyətdən xilas ola bilər. Ermənistana rəhbərlik edən şəxslər birdəfəlik anlamalıdırlar ki, onların rahat yaşam tərzi Azərbaycan və Türkiyədən asılıdır. Hansı ki, 20 ilə yaxın müddətdə bunu acı nəticəsini yaşadılar. Ona görə də iddialarından birdəfəlik əl çəkib Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri qurmalıdırlar.
Moskva görüşünün digər mühüm cəhəti İqdır-Naxçıvan- Bakı arasında quru yolunun yaradılmasıdır. Bu məsələ 10 noyabr sazişində öz əksini tapamışdı və artıq Naxçıvanla Bakı arasında birbaşa quru yolunun yaradılması növbəti diplomatik uğurudur. Bu eyni zamanda Azərbaycanın həm regional, həm də beynəlxalq müstəvidəki önəmini artırmaqla, mövqeyinin möhkəmlənməsinə xidmət edəcək. Adıçəkilən layihənin reallaşması üçün üçtərəfli birgə İşçi qrup yaradılıb və onlar ən qısa zamanda bununla bağlı konkret sənəd hazırlanaraq və həmin sənəd hər üç ölkənin rəhbərləri səviyyəsində imzalanacaq. Ümid edirəm ki, sənəd imzalandıqdan sonra ən qısa zaman ərzində Bakı-Naxçıvan quru yolu istər dəmir yolu, istərsə də avtomobil yolu tikilib istifadəyə veriləcək. Bununla da Bakıdan birbaşa Naxçıvan üzərindən keçməklə qardaş Türkiyəyə getmək mümkün olacaq. Bu eyni zamanda həm regional, həm də regionlararası əmədkaşlığa, əlaqələrin daha da sıx formada inkişaf etməsinə, təhlükəsizliyin əmin olunmasına əlavə bir dinamizm verəcək. Yekun olaraq Moskva görüşünü gələcək regional əməkdaşlığın daha da inkişaf etdirilib, təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan ilkin addım kimi dəyərləndirmək olar”- millət vəkili vurğulayıb.
