Bunu Milli Məclisin üzvü, millət vəkili Razi Nurullayev "atributinfo.az"a açıqlamasında deyib.
Millət vəkili məsələnin mahiyyətini anlamaq üçün ilk növbədə enerji faktoruna diqqət yetirmək labüdlüyünü dilə gətirərək bildirib ki, dünya neft tədarükünün təxminən 20 faizi məhz Hörmüz boğazından keçir. Bu strateji arteriyanın hər hansı səbəbdən bağlanması və ya risk altında qalması dərhal dünya bazarlarında neft qiymətlərinin kəskin artımına səbəb olur. Neft isə sadəcə enerji mənbəyi deyil, həm də kənd təsərrüfatının əsas dayaqlarından biridir.
Yanacaq bahalaşdıqca, kənd təsərrüfatı texnikasının işlədilməsi, məhsulun daşınması, gübrə istehsalı və logistika xərcləri artır. Bu zəncirvari təsir nəticəsində ərzaq qiymətləri də qaçılmaz olaraq yüksəlir:
"Digər tərəfdən, müharibə və ya hərbi gərginliklər tədarük zəncirlərini pozur. Qlobal bazarlar artıq əvvəlki kimi sabit və proqnozlaşdırıla bilən deyil. Məsələn, Yaxın Şərqdə hər hansı eskalasiya dəniz yollarının təhlükəsizliyini şübhə altına alır, sığorta xərclərini artırır, daşımaları ləngidir və nəticədə məhsulun son qiymətinə təsir edir. Bu isə ən çox inkişaf etməkdə olan ölkələrdə hiss olunur, çünki həmin ölkələr idxaldan daha çox asılıdır.
Belə mürəkkəb və çoxqatlı risklərin fonunda Azərbaycan vəziyyəti passiv şəkildə izləyən deyil, əksinə, bu təsirləri minimuma endirmək üçün sistemli və məqsədyönlü addımlar atır. Dövlət səviyyəsində ərzaq təhlükəsizliyinin gücləndirilməsi prioritet istiqamət kimi müəyyən olunub və bu sahədə ardıcıl siyasət həyata keçirilir. Kənd təsərrüfatının modernləşdirilməsi, suvarma sistemlərinin yenilənməsi, yeni texnologiyaların tətbiqi və aqrar istehsalın genişləndirilməsi istiqamətində konkret proqramlar icra olunur və təbii ki, bu sahədə işlərin daha da sürətləndirilməsi və yeni alətlərin tətbiqi də nəzərdən keçirilməlidir.
Eyni zamanda, ölkəmiz idxaldan asılılığı azaltmaq və daxili istehsalı artırmaq üçün yeni layihələr həyata keçirməkdədir və inanıram ki, yaxın zamanlarda insanlarımız bunun müsbət tərəflərini hiss edəcəklər. Aqroparkların yaradılması, iri fermer təsərrüfatlarının formalaşdırılması, logistik mərkəzlərin qurulması və məhsulun saxlanması imkanlarının genişləndirilməsi bu siyasətin mühüm elementləridir. Bu layihələr təkcə mövcud vəziyyəti sabitləşdirmək məqsədi daşımır, həm də gələcəkdə qlobal şoklara qarşı daha dayanıqlı iqtisadi model qurmağa xidmət edəcəkdir.
Lakin burada ən vacib məqamlardan biri odur ki, qarşıya qoyulan vəzifələr aidiyyəti qurumlar tərəfindən daha məsuliyyətli, daha çevik və daha sürətli icra olunsun. Mövcud siyasi iradə, istək və imkanlar bu prosesləri tam şəkildə reallaşdırmağa kifayət edir. Ona görə də hər hansı süni maneələr, bürokratik gecikmələr və səmərəsiz yanaşmalar aradan qaldırılmalı, qərarların icrası real nəticəyə yönəlməlidir. Bu, artıq təkcə iqtisadi deyil, həm də strateji məsələdir."
Razi Nurullayev həmçinin qeyd edib ki, bugünkü şərait hər birimizdən daha yüksək məsuliyyət tələb edir:
"Dövlət qurumları, özəl sektor, fermerlər və bütövlükdə cəmiyyət olaraq hamımız bu prosesdə iştirak etməli, sözün həqiqi mənasında “qolumuzu çırmayıb” səylərimizi birləşdirməliyik. Çünki ərzaq təhlükəsizliyi yalnız hökumətin deyil, ümummilli məsuliyyətdir. Hər kəs öz üzərinə düşən vəzifəni dərk etməli və onu vicdanla yerinə yetirməlidir.
Nəticə etibarilə, dünyada baş verən proseslər göstərir ki, xarici təsirləri tam aradan qaldırmaq mümkün olmasa da, onları maksimum dərəcədə azaltmaq və idarə etmək mümkündür. Azərbaycan da məhz bu yolu seçərək həm daxili dayanıqlığını gücləndirməyə, həm də qlobal risklər fonunda sabitliyini qorumağa çalışır. Bu istiqamətdə atılan addımlar nə qədər koordinasiyalı, sürətli və məsuliyyətli olarsa, ölkəmiz bu çağırışlardan bir o qədər az itki ilə çıxacaq və daha güclü mövqedə dayanacaq."- Millət vəkili deyib.
/atributinfo.az/
