"Atributinfo.az"ın verdiyi məlumata görə Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tərəfindən rayonda fəaliyyət göstərən sahibkarlarla keçirilən mütəmadi görüşlər, hər bir iş adamının qarşılaşdığı məsələlərin yerindəcə öyrənilməsinə və operativ həllinə xidmət edir. İcra strukturları tərəfindən sahibkarlara göstərilən fərdi yanaşma və diqqət, yeni investisiya layihələrinin cəlb edilməsi, fəaliyyət sahələrinin genişləndirilməsi və bürokratik maneələrin aradan qaldırılması istiqamətində effektiv nəticələr verməkdədir.
Ölkəmizdə iş mühitinin gücləndirilməsi prosesinə 2017-ci ildən etibarən öz töhfəsini verən “Marsol Group”, sahibkarlar arasında işgüzar şəbəkələşmənin qurulmasında mühüm platformaya çevrilmişdir. Şirkətin əsas missiyası B2B görüşlər, işgüzar səhər yeməkləri və istehsalat ziyarətləri vasitəsilə dövlət-özəl sektor tərəfdaşlığını möhkəmləndirməkdir. KOBİA, ASK, DMA və digər aparıcı dövlət qurumları ilə sıx əməkdaşlıq edən “Marsol Group”, hər il təşkil etdiyi sərgi və konfranslarla yerli məhsulların tanıdılmasına geniş imkanlar yaradır.
Cari ilin 1 may tarixində Şəki-Zaqatala bölgəsinə səfər çərçivəsində “Marsol Group” nümayəndə heyətinin Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev ilə rəsmi görüşü baş tutub. “Marsol Group” və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı ilə keçirilən görüşdə həm qrup partnyorları, həm də Qax rayonunda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev ölkə rəhbərliyinin iqtisadi siyasətinin prioritetlərindən danışaraq, regionda kənd təsərrüfatı, turizm və emal sənayesi sahələrində mövcud olan geniş potensialı vurğulayıb. Bildirilib ki, rayon rəhbərliyi hər bir sahibkarın fəaliyyətini genişləndirməsi üçün lazımi infrastrukturun və əlverişli şəraitin yaradılmasını daim diqqət mərkəzində saxlayır.
“Marsol Group” və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev isə öz növbəsində həyata keçirilən layihələr barədə məlumat verərək, regionlarda bu cür görüşlərin keçirilməsinin yeni işgüzar əlaqələrin formalaşmasına və iqtisadi dinamikanın artmasına mühüm töhfə verdiyini qeyd edib.
Qarşılıqlı fikir mübadiləsi və tanışlıq formatında davam edən tədbirin sonunda “Marsol Group” tərəfindən Qax Rayon İcra Hakimiyyətinin başçısına xatirə hədiyyəsi təqdim olunub. Bu görüş, rayonda dövlət-sahibkar dialoqunun daha da dərinləşməsi və gələcək birgə layihələrin anonsu baxımından böyük əhəmiyyət kəsb edir.
Bəradər Səməndərli
"Atributinfo.az"
