Azərbaycanın müxtəlif torpaq-iqlim şəraitinə uyğunlaşan alma bağlarının ümumi sahəsi 2024-cü ilin əvvəlinə 24,6 min hektara çatıb. Həmin il üzrə ümumi məhsul yığımı 293,3 min ton təşkil edib. Alma istehsalında əsas pay Quba-Xaçmaz iqtisadi rayonuna məxsus olub – bu bölgədə 206,9 min ton məhsul yığımı həyata keçirilib.
Qeyd edək ki, kənd təsərrüfatı məhsulları arasında alma ən çox ixrac olunan məhsullardan biridir. 2025-ci ildə 75,1 milyon dollar dəyərində alma ixrac olunub ki, bu da əvvəlki illə müqayisədə 21,3 faiz çoxdur. Cari ildə də alma ixracında müsbət tendensiya müşahidə olunur. Belə ki, yanvar-fevral aylarında 17,6 milyon dollar dəyərində alma xaricə tədarük olunub, bu da ötən ilin müvafiq ayları ilə müqayisədə 29,8 faiz artım deməkdir. Ümumilikdə, son 5 ildə (2021-2025-ci illər ərzində) alma ixracının dəyəri 283,6 milyon dollara çatıb, 2025-ci ildə isə bu göstərici 2021-ci illə müqayisədə 2 dəfə artıb.
Ötən il Azərbaycandan 16 ölkəyə alma ixrac olunub. Hesabat ilində əsas ixrac istiqamətləri Rusiya, Türkiyə, BƏƏ, Özbəkistan, Qazaxıstan, Qətər və İraq olub.
