Sizin reklam burada
Sizin reklam burada
  • Statistikanın inkişafı - tərəqqisi

    “Bizim Dövlət Statistika Komitəsi var, çox düzgün statistika aparır.”
    Ümummilli Lider Heydər Əliyev.

    Azərbaycan son illərdə bütün sahələrdə inkişaf edərək regionun lider dövlətinə çevrilmişdir. Dövlət Statistika Komitəsində aparılan islahatlar statistikanın inkişafına-tərəqqisinə yeni töhfələr vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci il dekabr ayının 21-də ölkədə statistik məlumatlarla təminatın daha da yaxşılaşdırılmasını, milli statistika sisteminin beynəlxalq standartlara uyğunlaşdırılınası işinin sürətləndirilməsini və dövlət statistika orqanlarının vahid informasiya sisteminin, o, cümlədən "e-statistika"nın inkişafını təmin etmək məqsədilə Sərəncam imzalamışdır. Sərəncama əsasən qəbul olunmuş Dövlət Proqramının başlıca məqsədi ölkədə statistika sahəsində işlərin təkmilləşdirilməsi, o cümlədən statistik məlumatlarla təminatın daha da yaxşılaşdırılması və milli statistik göstəricilər sisteminin dünya standartları səviyyəsinə çatdırılmasıdır.
    Dövlət Proqramının əsas istiqamətləri milli hesablar sisteminin təkmilləşdirilməsi, kənd təsərrüfatı, meşəçilik və ətraf mühit statistikası sahəsində rəsmi statistikanın inkişaf strategiyası, geniş istifadəçi dairəsinin keyfiyyətli məlumat təminatına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi, beynəlxalq standartlara cavab verən turizm statistikasının inkişaf etdirilməsi, gənclərin ölkə iqtisadiyyatında iştirakını öyrənmək, ölkə əhalisinin informasiya-kommunikasiya texnologiyalarından istifadəsinə dair seçmə statistik müayinələr aparmaq və sairədir. Statistika sistemində keyfiyyətin idarə edilməsi və metaməlumat sisteminin tətbiqi Dövlət Proqramının əsas istiqamətlərindən olmuşdur. Burada nəzərdə tutulan tədbirlər nəticəsində keyfiyyətin idarə olunması standartları üzrə statistikanın bütün sahələrində müşahidələrin standart modellərə uyğun təhlilinə, statistik hesabat formaları və göstəricilər üzrə metaməlumatlar sistemlərinin yaradılmasına və onun məlumat bazalarına inteqrasiyasına, statistika proseslərinin və məlumatların keyfiyyətinə beynəlxalq uyğunluq sertifikatının alınmasına nail olunmuş, Komitənin internet səhifəsində yerləşdirilən yekun məlumatların məlumat bazalarına inteqrasiyası təmin edilmişdir. Dövlət Proqramının həyata keçirilməsinin maliyyə təminatı dövlət büdcəsində Dövlət Statistika Komitəsi üçün nəzərdə tutulan vəsait və qanunvericiliyə zidd olmayan digər xarici və daxili mənbələr hesabına maliyyələşdirilmişdir. Maliyyə vəsaitlərindən, əsasən, Dövlət Proqramında nəzərdə tutulmuş müayinələrin təşkili, struktur bölmələrinin rəhbər kadrlarının və mütəxəssislərinin xarici dövlətlərdə və ölkə daxilində təcrübə keçməsinin təşkili, Komitə sistemində istifadə olunan hesablama texnikasının, telekommunikasiya və digər avadanlıqların, proqram təminatının yeniləşdirilməsi və modernləşdirilməsi üçün istifadə edilmişdir.
    2015-ci ilin avqust ayında Komitəyə yeni rəhbərin təyin olunması statistika sistemində işçilərin məsuliyyətini daha da artırmış və qarşıya qoyulmuş vəzifələr uğurla həyata keçirilmişdir. 2016-cı ildə Baş Hesablama Mərkəzi ləğv edilmiş, Dövlət Statistika Komitəsinin yeni strukturu təsdiq olunmuşdur. Bakı şəhərində fəaliyyət göstərən 11 rayon statistika idarələri ləğv edilərək, Bakı Şəhər Statistika İdarəsinə birləşdirilmiş, hesabatların yığılması mərkəzləşdirilmişdir. "Elmi Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi" MMC-nin rəhbərliyi dəyişdirilmişdir. 2016-cı ildə Bakı Şəhər Statistika İdarəsinin yeni binasının açılışında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirak etmiş, Dövlət Statistika Komitəsinin əsas binası və yerli statistika idarələrinin binaları əsaslı təmir edilmiş və beş rayonda statistika idarələrinə müasir tipli yeni inzibati binalar tikilib istifadəyə verilmişdir.
    Dövlət Statistika Komitəsinə bilikli, bacarıqlı, gənc kadrların şəffaf şəkildə işə qəbuluna, iş şəraitinin yaxşılaşdırılmasına, yerli statistika orqanlarının yeni texnika ilə təchiz edilməsinə nail olunmuşdu. Dövlət Statistika Komitəsi hər ilin yekunları ilə bağlı geniş tərkibdə kollegiya iclası keçirir. İclasda görülmüş işlər müzakirə olunur və nöqsanların aradan qaldırılması üçün tədbirlər müəyyənləşdirilir.
    Rəsmi statistika məlumatlarının müasir tələblərə uyğun hazırlanması, milli statistika sisteminin inkişafı məsələlərini daim diqqət mərkəzində saxlayan Dövlət Statistika Komitəsi 2024-cü ildə də öz fəaliyyətini Statistik işlər proqramı əsasında qurmuş, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən, Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasından, 2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramından, “2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarından, BMT Baş Assambleyasının qəbul etdiyi “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn vəzifələrin icrası, dəqiq statistik məlumatlara, davamlı informasiya dəstəyinə olan tələbatın ödənilməsi məqsədilə zəruri tədbirlər görmüşdür.
    Seçmə statistik müayinələr vasitəsilə əldə edilən məlumatların istehsalı davam etdirilmiş, sorğu yolu ilə il ərzində müxtəlif mövzular üzrə 24 statistik müayinə keçirilmiş, əldə edilmiş məlumatlar icmallaşdırılaraq nəşr edilmiş, istifadəçilərə çatdırılmış və Komitənin internet səhifəsində yerləşdirilmişdir.
    “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbir Planı”ndan irəli gələn tədbirlərin icrası ilə əlaqədar “Yaşıl inkişaf” üzrə statistik göstəricilər sistemi hazırlanmış və müvafiq məlumatların Komitənin rəsmi internet səhifəsində ASİS – statistik məlumatların yayım sisteminin bu məqsəd üçün yaradılmış hissəsində yerləşdirilməsi təmin olunmuşdur. Bununla yanaşı, sözügedən Tədbirlər Planına uyğun olaraq, Komitənin yerli statistika orqanları tərəfindən 2024-cü il ərzində 18,3 hektar ərazidə müxtəlif növdə 4877 ağac tingi əkilmişdir.
    2024-cü ildə Komitənin əsas fəaliyyət istiqamətlərindən biri metodoloji bazanın möhkəmləndirilməsi olmuş, BMT, Avrostat və digər beynəlxalq təşkilatların metodologiyalarına uyğunlaşdırılmaqla, habelə yerli qanunvericilikdə baş vermiş dəyişikliklər nəzərə alınmaqla 16 metodoloji material yenidən işlənilmiş, 37-nə isə müvafiq əlavə və dəyişikliklər edilmişdir. Statistika məlumatlarının keyfiyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə statistik hesabat formalarının təkmilləşdirilməsi işi davam etdirilmişdir. Komitənin təşəbbüsü ilə aidiyyəti dövlət qurumları ilə razılaşdırılmaqla il ərzində 11 hesabat forması yeni redaksiyada təsdiq edilmiş, 3 hesabat forması ləğv edilmiş, 42 formaya isə aktuallığını itirmiş göstəricilərin çıxarılması, tələbata uyğun yenilərinin əlavə edilməsi ilə yenidən baxılmışdır.
    Komitənin veb-səhifəsi (www.stat.gov.az) istifadəçilərin maraqlarının təmin edilməsi baxımından müntəzəm olaraq təkmilləşdirilmiş və yenilənmiş, məlumat bazaları əsas sosial-iqtisadi göstəricilər üzrə çoxsaylı cədvəlləri, təhlil və metodoloji materialları əhatə etmişdir. 2024-cü ildə internet səhifəsinə 91,3 faizi ölkə ərazisindən, 8,7 faizi isə xarici ölkələrdən olmaqla hər gün orta hesabla 10,4 min istifadəçi daxil olmuşdur. Veb-səhifədən istifadə vəziyyətinin, məlumatların əldə edilməsi ilə bağlı göstərilən xidmətlərin keyfiyyətinin, yayımlanan məlumatların dolğunluğunun, ümumiyyətlə istifadəçilərin məmnunluq dərəcəsinin qiymətləndirilməsi məqsədilə onların statistik məlumatlarla təmin olunmasına dair sorğu keçirilmişdir. Media subyektlərinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin də iştirak etdiyi sorğunun nəticələri ümumiləşdirilərək Komitənin internet səhifəsində yerləşdirilmişdir. Bununla yanaşı, Komitə tərəfindən göstərilən elektron xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi məqsədilə internet səhifənin “Elektron xidmətlər” bölməsi vasitəsilə “İstifadəçi məmnunluğu sorğusu” keçirilmiş və nəticələri təhlil edilmişdir. Sorğuda iştirak etmiş istifadəçilərin 80,1%-i “Təqdim edilən elektron xidmətin keyfiyyətindən razısınızmı” sualına “Bəli”, 7,9%-i “Qismən”, 12,0%-i “Xeyr”; “Elektron xidmətdən istifadə Sizə hansı üstünlükləri verir” sualına 23,2%-i “Vaxt itkisini azaldır”, 23,3%-i “Rahatlığı təmin edir”, 23,4%-i “Neqativ halların baş verməməsi üçün bir vasitədir”, 30,1%-i “Digər üstünlükləri vardır”; “Elektron xidmətin təqdim edilməsi üçün hazırlanmış onlayn proqram təminatının strukturu Sizi qane edirmi” sualına isə 99,97%-i “Bəli”, 0,02%-i “Qismən”, 0,01%-i “Xeyr” cavabını qeyd etmişdir.
    Rəsmi statistik hesabatların elektron qəbulu səviyyəsinin artırılması məqsədilə görülmüş tədbirlər nəticəsində “Rəsmi statistik hesabatların təqdim edilməsi” elektron xidməti vasitəsilə hesabat formalarını elektron şəkildə təqdim edən hüquqi və fiziki şəxslərin xüsusi çəkisi 97,0 faizi ötmüşdür. Bundan başqa, respondentlərin yerli statistika orqanlarına gəlmədən hesabatlılıq səviyyəsinin artırılması məqsədilə “Rəsmi statistik hesabatların təqdim edilməsi” elektron xidmətinə aid bölmədə əlavə 2 proqram təminatı, 3 bildiriş və təlimatdan ibarət “Statistik vahidlərin nəzərinə” altbölmə yaradılmışdır. “Təqdim ediləcək hesabatlar haqqında məlumat” proqram təminatlarının tətbiqi ilə hüquqi şəxslərə yerli statistika orqanlarına gəlmədən təqdim edəcəkləri hesabatlar haqqında məlumat əldə etmək və fəaliyyətin dayandırılması haqqında arayış təqdim etmək imkanı yaradılmışdır.
    Komitə tərəfindən həyata keçirilən və Vahid Giriş (Login) Sisteminə inteqrasiya edilmiş “Sahibkarlıq subyektinə ölçüsünə görə aid olduğu kateqoriyaya dair elektron arayışın verilməsi” elektron xidmətinin Vahid Giriş (“ASAN Login”) sisteminin yeni - “Digital Login”-in təkmilləşdirilmiş 2-ci versiyasına keçidi tam təmin olunmuşdur. Bundan başqa, “Rəsmi statistik hesabatların təqdim edilməsi” elektron xidmətinin də “Digital Login”ə inteqrasiyası ilə bağlı hazırlıq işləri başa çatdırılmış, bu məqsədlə texniki işlərin alqoritmi və proqram təminatı hazırlanmışdır.
    Komitə tərəfindən göstərilən 6 elektron xidmətin hər biri “responsiv veb dizayn texnikası” ilə hazırlanmış və ağıllı telefon, planşet kimi müxtəlif ekran ölçülü cihazlarda bu xidmətlərdən istifadə zamanı səhifənin ölçülərinin cihazın ekran genişliyinə görə dəyişdirilməsi və cihaz ekranı ilə tam uyğun şəkildə istifadəçiyə təqdim olunması, həmçinin xidmətlərin İOS və Android platformalarında istifadəsi üçün müvafiq funksionallıqlar təmin edilmişdir. Bundan əlavə, Komitə tərəfindən həyata keçirilən “Rəsmi statistik hesabatların təqdim edilməsi” elektron xidmətinin, “Statistik vahidlərin nəzərinə” altbölmənin, “Təqdim ediləcək hesabatlar haqqında məlumat” proqram təminatının funksionallığının genişləndirilməsi məqsədilə həmin proqramın da mobil texnologiyalar vasitəsilə istifadəsi təmin edilmiş, hüquqi şəxslərə yerli statistika orqanlarına gəlmədən təqdim edəcəkləri hesabat formaları haqqında məlumat əldə etmək imkanının yaradılması üçün bu proqram təminatı üzrə HTML 5-in “Meta” teqi tətbiq edilmişdir.
    Elektron xidmətlərin “Elektron hökumət” portalı vasitəsilə təqdimatına dair vətəndaşlar arasında ictimai maarifləndirmə tədbirlərinin həyata keçirilməsi məqsədilə Komitənin rəsmi internet səhifəsinin “E-xidmətlər” bölməsində bu xidmətlər haqqında ətraflı məlumatlar yerləşdirilmiş, “Facebook”, “Youtube”, “X” və “İnstagram” sosial şəbəkələrində Komitənin səhifəsinin aktiv fəaliyyəti təmin edilmiş və ölkənin sosial, iqtisadi göstəricilərini əks etdirən infoqrafikalar və videoçarxlar hazırlanaraq yayımlanmışdır. Həmçinin internet səhifənin mobil versiyasının mütəmadi olaraq təkmilləşdirilməsi və statistik məlumatların vaxtlı-vaxtında yenilənməsi davam etdirilmişdir.
    “2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 04 oktyabr tarixli, 357 nömrəli Qərarının icrası olaraq, 2024-cü il iyulun 15-dən avqustun 15-dək Ağsu rayonunun 3 inzibati ərazi dairəsi üzrə təsərrüfatlarında kənd təsərrüfatının sınaq siyahıyaalınması keçirilmişdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndəsinin iştirakı ilə siyahıyaalma heyəti üçün təlim təşkil olunmuş, siyahıyaalma zamanı ilk dəfə CAPI (Computer Assisted Personal Interviewing – kоmpüter vasitəsilə şəxsi müsahibə) üsulu ilə əldə ediləcək məlumatların planşet tipli kompüterlərə (planşetlərə) daxil edilməsi üçün hazırlanmış xüsusi proqram təminatları və siyahıyaalma vərəqəsi uğurla sınaqdan keçirilmiş, kənd təsərrüfatının əsas siyahıyaalınması isə 2025-ci il iyulun 15-dən avqustun 15-dək keçirilmişdir.
    Dayanıqlı İnkişaf Məqsədləri (DİM) göstəriciləri üzrə statistik məlumat bazasının genişləndirilməsi məqsədilə 19 yeni göstərici üzrə məlumatlar hazırlanmış, bununla da məlumat istehsalı təmin olunan DİM göstəricilərinin sayı 140-a çatdırılmışdır ki, onlardan da 109-u milli prioritet kimi müəyyən edilmiş göstəricilərdir. Bunlarla yanaşı, 2024-cü ildə ilk dəfə olaraq milli 18-ci DİM (“Mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər”) göstəriciləri üzrə məlumatların toplanılmasına başlanmış və 14 göstərici üzrə məlumat istehsalı təmin edilmişdir.
    “2024-cü il üçün metodoloji və məlumat istifadəçiləri ilə iş planı”na uyğun olaraq statistik məlumat istifadəçilərinin (müxtəlif nazirlik, komitə, digər qurumlar, media nümayəndələri) iştirakı ilə məşğulluq və əməkhaqqı, dayanıqlı inkişaf və regionlar, təhsil, energetika və ətraf mühit, kənd təsərrüfatı, demoqrafiya, milli hesablar, turizm, qiymət, sənaye və tikinti, ticarət statistikası məsələlərinə, “Həyat keyfiyyətinin statistikası sahəsində keçirilmiş müayinələrdən (ev təsərrüfatları büdcələrinin tədqiqatı, əhalinin ərzağa əlyetərliyi səviyyəsinin öyrənilməsinə dair, ev təsərrüfatlarının bəzi mal və xidmətlərə əlyetərliyi və digər imkanları haqqında) əldə edilmiş göstəricilərin təhlili”, “Dövlətstatkomun kommunikasiya strategiyası haqqında” və s. mövzulara həsr olunmuş seminar-görüşlər keçirilmişdir. Ümumilikdə, il ərzində Komitədə 203 istifadəçinin iştirakı ilə 13 görüş keçirilmişdir.
    İl ərzində istifadəçilərdən Komitəyə daxil olan sorğular mütəmadi olaraq təhlil edilmiş, daha çox maraq doğuran göstəricilər müəyyənləşdirilmiş və nəşr edilən məlumatların istifadəçilərin sorğularına uyğunluğu təmin edilmişdir.
    Hakimiyyət orqanlarının və digər statistik məlumat istifadəçilərinin cari tələbatlarının ödənilməsi məqsədilə 2024-cü ildə müxtəlif mövzular üzrə 32 adda illik statistik məcmuə və digər nəşrlər çap etdirilmiş, 52 təhlili məruzə və 125 mətbu-məlumat hazırlanmışdır. Statistik məcmuə və bülletenlərin elektron versiyaları Komitənin veb-səhifəsində yerləşdirilmişdir.
    2024-cü ildə Komitənin fəaliyyətinin əsas istiqamətlərindən birini də beynəlxalq təşkilatlarla əməkdaşlıq təşkil etmişdir. BMT və onun təşkilatları, Avropa İttifaqı, BVF, Dünya Bankı, Asiya İnkişaf Bankı, İƏİT, İƏT, Avrostat, MDB Dövlətlərarası Statistika Komitəsi və bir sıra digər beynəlxalq təşkilatlarla, həmçinin dünya ölkələrinin milli statistika xidmətləri ilə əməkdaşlıq, eyni zamanda milli metodologiyaların beynəlxalq standartlara uyğunlaşdırılması, təcrübə mübadiləsinin aparılması, qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi, beynəlxalq məlumat portallarında Azərbaycan Respublikasına aid statistik məlumatların yoxlanılması, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində beynəlxalq təşkilatlarla işlər davam etdirilmişdir. Komitənin rəhbər heyəti də daxil olmaqla, 60 əməkdaşı müxtəlif beynəlxalq təşkilatlar və xarici ölkələrin milli statistika qurumları tərəfindən təşkil edilmiş 64 əyani tədbirdə, 87 əməkdaşı isə onlayn formada keçirilən 63 tədbirdə iştirak etmiş, mütəxəssisləri beynəlxalq ekspert və işçi qruplarının tərkibində fəaliyyətlərini davam etdirmişlər.
    Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinin “Dövlət Nəzarəti İnformasiya Sistemi” vasitəsilə 2023-cü il üzrə qiymətləndirilməsinin nəticələrinə görə mərkəzi icra hakimiyyəti orqanları arasında 1-ci mövqedə qərarlaşmış Dövlət Statistika Komitəsi bundan sonra da üzərinə düşən vəzifələrin icrasını tələb olunan səviyyədə təmin etmək əzmindədir.
    2015-2025-ci illər ərzində həmkarlar ittifaqı üzvlərinə yüzlərlə müalicə, turist və istirahət yollayışları verilmişdir. İşçilərin sağlamlığı qayğısına qalan rəhbərlik və Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyəti dəfələrlə işçilərin sağlamlıq müayinəsindən keçirilməsini təmin etmişdir.
    Pandemiya dövründə Komitə rəhbərliyi 1300 nəfər işçinin hər birinin sağlamlığı ilə maraqlanmış, onların müalicəsi üçün maddi yardım etmişdir. Hər bir işçinin ailə üzvlərinin problemləri, xeyir və hüzn işlərinə mənəvi və maddi köməklik göstərilmişdir. Yeni il və Novruz bayramı şənlikləri təşkil edilmiş, işçilərin övladlarına hədiyyələr verilmişdir. Həmkarlar İttifaqı işçilərinin kütləvi gəzintilər, səyahətlər və idman yarışlarının keçirilməsinə xüsusi diqqət ayırmışdır.
    Hər yeni il ərəfəsində həmkarlar ittifaqı üzvlərinə ailə vəziyyəti nəzərə alınaraq maddi yardım verilir, müalicəyə ehtiyacı olan işçilərin müxtəlif sanatoriyalarda müalicəsi və istirahətləri təmin olunur. Son illər ərzində ölkə iqtisadiyyatı inkişaf edərək regionun lider dövlətinə çevrilən Azərbaycanda bütün sahələrdə olduğu kimi statistikanın inkişafı və tərəqqisi də göz önündədir.
    Ölkə başçısının gənc kadrlara göstərdiyi diqqət və qayğısı Dövlət Statistika Komitəsində daha çox hiss olunur. Belə ki, ixtisaslı, savadlı gənc kadrların irəli çəkilməsi iqtisadiyyatımızın daha da inkişafına və ölkəmizi uğurlu gələcəyə aparır. Respublikanın rəhbər orqanlarının Dövlət Statistika Komitəsi qarşısında qoyduqları vəzifə və tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirdiklərinə görə 85 nəfər Komitən əməkdaşı ölkə Prezidentinin sərəncamlarına əsasən fəxri ad, orden və medallarla təltif olunmuşdur. Dövlət Statistika Komitəsinin sədri cənab Tahir Budaqov Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 31 dekabr tarixli 439 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
    Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin statistika orqanları qarşısında qoyduğu vəzifə və tapşırıqlar qarşıdan gələn illərdə də layiqincə yerinə yetiriləcəkdir.

    Rafael Suleymanov
    Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi kollegiyasının üzvü,

    Elbrus Quliyev
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ