Kənan Rəhmanov
Bakı şəhəri, 50 saylı Notariat ofisinin notariusu
Azərbaycanın yaşadığı son illlər ciddi islahatlar mərhələsi kimi yadda qalmışdır. Hazırda ölkəmizdə elə bir sahə yoxdur ki, əsaslı islahatlara məruz qalmasın. İndiyədək aparılan işlər isə ilkin nəticələrini verməkdədir. Sevindirici hal da odur ki, bunun səmərəsini bütün təbəqələr, sadə insanlar əyani şəkildə görürlər və hiss edirlər ki, getdikcə problemlər azalır, çətinliklər və süni maneələr aradan qalxır. Aparılan islahatlar nəticəsində ölkə iqtisadiyyatı nəzərə çarpacaq dərəcədə inkişaf edib. Bu isə özü-özlüyündə digər sahələrin işinə müsbət təsir göstərib.
Bütün sahələr üzrə ölkədə gedən inkişaf həm mülki münasibətlərin dairəsini genişləndirib, həm də mülki dövriyyə iştirakçılarının bağladıqları əqdlərin sayını xeyli çoxaldıb və əhəmiyyətini artırıb. Şübhəsiz ki, baş verən bu dəyişikliklər vətəndaşların hüquq və mənafelərinin daha etibarlı müdafiə olunmasını, eləcə də onlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsini zərurətə çevirib. Belə hüquqi xidmət göstərən təsisatlardan biri də notariatdır.
Dövlət tərəfindən qanun çərçivəsində sənədlərin layihələrinin tərtibi, hüquqların və hüquqi əhəmiyyətli faktların təsdiqi səlahiyyətlərinin həyata keçirilməsi notariata həvalə edilib. Əslində bu səlahiyyətlər notariatın necə böyük əhəmiyyət daşıdığının göstəricisidir. Sahibkarlığın inkişafı, vergi siyasətinin, fiziki və hüquqi şəxslərin vergiyə cəlb olunması işinin təkmilləşdirilməsi, əqdlərin qanuna uyğunluğu, eləcə də şübhəsizliyinin təmin olunması kimi amillər müasir sosial və iqtisadi inkişaf şəraitində notariat institutunun əhəmiyyətini göstərir və notariat fəaliyyətinin təxirəsalınmadan təkmilləşdirilməsini zəruri edir.
Notariat sahəsində müsbət dəyikliklər sərbəst bazar iqtisadiyyatıın formalaşdığı bir vaxtda mülki dövriyyə iştirakçılarının, o cümlədən sahibkarların mülkiyyət hüquqlarının daha etibarlı qorunmasına imkan verir.
Notariat sistemində aparılmış son dəyişikliklər, elektron-notariat sisteminin tətbiq edilməsi aparılan notariat hərəkətlərinin keyfiyyətini artırmış, notariat sahəsində vətəndaşlara daha çevik və qüsursuz xidmət gəstərilməsinə şərait yaratmışdır. Belə ki, elektron notariat sistemi vasitəsi ilə notariat fəaliyyəti bir sıra qeydiyyat sistemlərinə inteqrasiya olunmuş və bunun nəticəsində notariat hərəkətlərinin aparilması üçün tələb olunan məlumatların real vaxt rejimində elektron qaydada əldə edilməsi mümkün olmuşdur.
Konkret bir notariat hərəkətinin misalında elektron notariat informasiya sistemindən istifadənin üstünlüklərini nəzərə çatdırmaq istəyirəm.
Bildiyimiz kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinin tələblərinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Vərəsənin miras əmlaka vərəsəlik hüquqları notarius tərəfindən verilən vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında rəsmiləşdirilir.
“Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 102-ci və 104-cü bəndlərinə əsasən notarius qanun üzrə və ya vəsiyyət üzrə şəhadətnamə verərkən miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, müraciət etmiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən əmlakın tərkibini və olduğu yeri, həmçinin vəsiyyətnamənin olub-olmadığını, vəsiyyətnamənin ləğv edilib-edilmədiyini müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Bu zaman mirasın açıldığı yer miras qoyanın yaşayış yeri haqqında müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edilən məlumat ilə təsdiq olunur.
Həmin Təlimatın 107-ci bəndinə əsasən miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi tələb edir. Notarius hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsi ilə real vaxt rejimində əldə edir.
Əvvəllər şəhadətnamənin verilməsi üçün tələb olunan sübutlar və sənədlər birmənalı olaraq şəhadətnamənin verilməsi ilə əlaqədar müraciət etmiş şəxslər tərəfindən təqdim edilirdisə, hazırda həmin sübutların bir qismi artıq notarius tərəfindən “Elektron-notariat” informasiya sistemindən real vaxt rejimində əldə edilir.
Qeyd olunan sübütların notarius tərəfindən real vaxt rejimində informasiya sistemlərindən istifadə etməklə əldə edilməsi notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxslərə daha çevik, rahat və qüsursuz xidmətin göstərilməsinə şərait yaradır.
Azərbaycan notariatı bu gün inkişaf mərhələsini yaşayır və əldə edilmış uğurlarla kifayətlənmək niyyətində deyildir.
