![]()
Milli komandamız dörd oyundan üçündə qələbə qazanıb. Yalnız Avstraliyaya məğlub olmuşuq. İnanırıq ki, komandamız lazımi oyunu sərgiləyərək qələbə seriyasını davam etdirəcək və qrup liderlərindən birinə çevriləcək.
Bu sözləri AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Bakının ev sahibliyi etdiyi FIFA U-15 dünya çempionatı ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv turnirdə özünü ən yaxşı tərəfdən göstərir: “Qeyd etmək lazımdır ki, bu yaş qrupunda olan futbolçularımız çox böyük potensiala malikdirlər. Hesab edirəm ki, onların üzərində işləməklə, məşq prosesinə diqqət ayırmaqla və hər cür şərait yaratmaqla gələcəkdə güclü, istedadlı futbolçular yetişdirə bilərik. Onlar Azərbaycan futboluna öz töhfələrini verməyə qadirdirlər. Dünya çempionatı futbolçularımız üçün Avropaya və dünyaya çıxmaq baxımından bir tramplindir. Hazırda müxtəlif ölkələrdən olan skautlar turniri izləyir, bu yaş qrupunda çıxış edən oyunçulara xüsusi diqqət yetirir, qeydlər aparırlar. Onlar perspektivli futbolçuları izləməyə başlayır, gələcək üçün ilk addımlarını atırlar. Skautlar gənc oyunçuların inkişafında, onlara yol göstərilməsində və gələcək karyeralarının qurulmasında mühüm rol oynayırlar. Bu gün ayrı-ayrı ölkələrin skautları ölkəmizdədirlər və hesab edirəm ki, seçiləsi futbolçularımız çoxdur. Onları lazımi səviyyədə izləyib gələcəkdə hər birinə uyğun şərait yaratsalar, Avropada da özlərini sınaya bilərlər”.
Mütəxəssis turnirlə bağlı ölkəmizdə səfərdə olan FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Vengerlə görüşdüyünü söyləyib: “Uzun söhbətimiz olmadı. Məşqçilər olaraq bir-birimizə xoş sözlər söylədik, gələcək fəaliyyətimizdə uğurlar arzuladıq. FIFA rəhbərliyinin nümayəndələrinin turnir boyunca burada olması yarışın əhəmiyyətini göstərir. Onlar yalnız açılış mərasimində iştirak edib getməyiblər, turnirin sonunadək burada qalaraq oyunları izləyəcəklər. Bu da gələcək inkişaf üçün mühüm əhəmiyyət daşıyır”.
Qeyd edək ki, Azərbaycanın U-16 yığması mundialdakı ilk oyununda Timor-Lesteni 6 cavabsız qolla üstələyib. Andorraya minimal hesabla qalib gələn millimiz Avstraliyaya 1:3 hesabı ilə uduzub. Komanda bu gün keçirdiyi ilk qarşılaşmada isə İsraili məğlub edib - 3:1.
FIFA U-15 dünya çempionatı və festivalına oktyabrın 30-da yekun vurulacaq.
