Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Seymur Niftullayevin idarə etdiyi “DAF” markalı, 90 LO 337 dövlət qeydiyyat nişanlı avtomobil Astara istiqamətində hərəkətdə olarkən ön təkərin partlaması nəticəsində idarəetmədən çıxaraq beton yolayrıcına çırpılıb.
Qəza nəticəsində avtomobilə maddi ziyan dəyib, xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
“Həmin səbəblərdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini nəzərə alaraq, bir daha sürücüləri, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxsləri nəqliyyat vasitələrinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, reysqabağı texniki müayinədən keçməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən avtomobillə yola çıxmaqdan çəkinməyə çağırırıq”, - deyə məlumatda vurğulanıb.
