Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsini idarə edən, Ağcabədi rayonu sakini Tural Hüseyn oğlu Əliyevin alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinənin nəticəsinə əsasən sürücünün sərxoş vəziyyətdə olduğu təsdiqlənib.
Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.
BDYPİ bir daha sürücülərə xatırladır ki, sərxoş vəziyyətdə sükan arxasına keçmək yolverilməzdir. Sərnişin daşıyan hər bir sürücü daşıdığı sərnişinlərin həyatına birbaşa məsuliyyət daşıyır və həmin məsuliyyətin unudulması qəza və faciələrlə nəticələnə bilər.
