Sizin reklam burada
Sizin reklam burada
  • Avropa tam Günəş tutulmasını elektrik enerjisində fasilə olmadan keçirib

    Avropa tam Günəş tutulmasını elektrik enerjisinin verilişində fasilələr yaranmadan və enerji təchizatı sabit qalmaqla keçirib.

    Bunu Avropa Elektrik Ötürücü Şəbəkələri Operatorları Birliyinin (ENTSO-E) eksperti TASS-a açıqlamasında bildirib.

    “İtaliya, İspaniya və Portuqaliya da daxil olmaqla, Avropa İttifaqının bütün ölkələrində, tutulmanın 99,99 faizə çatdığı ərazilərdə belə, elektrik enerjisi təchizatı sabit qalıb və şəbəkədə heç bir nasazlıq qeydə alınmayıb”, - deyə ENTSO-E-dən bildirilib.

    Qeyd edək ki, qurum daha əvvəl Günəş enerjisi istehsalının azalması nəticəsində Avropanın enerji sisteminin 9,7 giqavata qədər enerji çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq etmişdi. Bu itkilərin operativ şəkildə kompensasiya olunması məqsədilə Avropa Komissiyası və enerji şəbəkələrinin operatorları mümkün ssenarilər üzrə fəaliyyətlərin əlaqələndirilməsi, o cümlədən qazla işləyən istilik elektrik stansiyalarının əlavə generasiya güclərindən istifadə ilə bağlı hazırlıq işləri aparmışdı.

    Brüsseldə yerləşən “Bruegel” analitik mərkəzinin eksperti Dian Attmanın sözlərinə görə, Günəş tutulması enerji sistemi baxımından olduqca əlverişli şəraitdə baş verib. Onun bildirdiyinə görə, tutulma Mərkəzi Avropa vaxtı ilə təxminən saat 19:30-da başlayıb. Bu isə iş gününün başa çatdığı, günorta saatlarında enerji tələbatının azaldığı, axşam saatlarında isə işıqlandırma ilə bağlı tələbatın hələ yüksəlmədiyi vaxta təsadüf edib.

    Bundan başqa, həmin günlərdə Avropanın əksər ölkələrində havanın nisbətən sərinləşməsi kondisioner və digər soyutma sistemlərinə tələbatı azaldıb. Küləyin sürətinin kifayət qədər olması da külək enerjisi istehsalının sabit qalmasına imkan verib. Ekspertin sözlərinə görə, müxtəlif hesablamalara əsasən, Avropa ölkələrinin əhalisinin 10 faizə qədəri tutulmanı küçələrdə izləyib və bu müddətdə elektrik şəbəkəsindən istifadə etməyib.

    Belçikada isə Günəş tutulması böyük marağa səbəb olub. On minlərlə insan hadisəni təxminən iki saat ərzində izləmək üçün şəhərlərin küçə və meydanlarına çıxıb.

    Belçikada, eləcə də Mərkəzi və Şimali Avropanın digər ölkələrində tutulma İspaniyadan fərqli olaraq qismən müşahidə olunub. Brüssel ərazisində Ayın kölgəsi Günəş diskinin təxminən 90 faizini örtüb. Buna baxmayaraq, küçələrdə tam qaranlıq yaranmayıb, lakin işıqlanmanın səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ